Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb

08.09.17, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində vətəndaşlarla görüşüb. Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq. Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb. Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Bu xəbər oxundu
- - -