Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilər dini, tarixi abidələrimizi məhv etməkdədirlər

11.09.17, 9:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitindəki çıxışında ermənilərin işğal etdikləri Dağlıq Qarabağ torpağında Azərbaycanın qədim və dəyərli tarixi abidələrinin dağıtdıqlarını vurğulayıb.
“İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur", - deyən Prezident vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
Ermənistanın Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn cinayət əməlləri ümumilikdə bəşəriyyətə qarşı soyqırımıdır
İki əsrdən artıqdır Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir. Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problem olaraq qalır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törədir.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur (bu rəqəm Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası tərəfindən dəqiqləşdirilir).
İşğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 23 il ərzində işğal altındakı ərazilərdə dağıdılan mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur. Ermənistan planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiyanın bir çox müddəalarını pozub. Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin ölkəmizin təbiətinin başına gətirdiyi bəlalara biganə münasibət göstərir. Erməni vandalizmi, onların işğal olunmuş Azərbaycan ərazilərində, eləcə də Ermənistanda mədəniyyət, tarixi-dini abidələrə qarşı törətdikləri vəhşiliklər haqqında kifayət qədər əsaslı fakt var. Bu gün isə məqsəd bu faktları müxtəlif dillərdə dünya ictimai rəyinə çatdırmaqdır.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsinə böyük diqqət və qayğı göstərilir.
Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb.Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilir. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşşaninov, A.İ.İessen, V.P.Lyubin, alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta erməni tarixçiləri K.X.Kuşnareva və O.A.Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıb.
Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli,132 nömrəli qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı", "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" və "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Bəzi məlumatlara görə isə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanların sayı isə 900-dən artıq göstərilir.
Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə qarşı deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür.
Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına zidd olmasına baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz olaraq apardığı arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi isə saxtalaşdırırlar.
Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub: “Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015 və 2016-cı ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-i məscid, 144-ü məbəd,192-i ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər.
Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi bu gün də davam edir.

Cavid

Bu xəbər oxundu
- - -