Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müəllimlərin işə qəbulu ilə bağlı yeni təkliflər var

11.09.17, 15:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bəzi məsələlər daha da təkmilləşməlidir. Onun sözlərinə görə, yeni qaydaların hazırlanması zamanı həmin məsələlər nəzərə alınacaq.
Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib: "Onlardan 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib. Bu mərhələdən keçənlər növbəti mərhələdə vakansiya seçimi və müsahibə mərhələlərində iştirak edib. Müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 4 minə yaxın namizəd müəllim adını qazanıb".
Eşqi Bağırov qeyd edib ki, əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdu və növbəti ildən onların əmək haqları artırıldı: "Artıq Prezidentin sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əmək haqqı alacaqlar".
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda orta ümumtəhsil məktəblərində çalışmaq istəyən müəllimlərin işə qəbulu ilk dəfə olaraq 2009-cu ildən etibarən mərkəzləşmiş qaydada keçirilməyə başlayıb: "Yəni, 2009-cu ildə ilk dəfə olaraq Bakı şəhərində keçirilib, 2011-ci ildən isə bütün respublika ərazisini əhatə etməyə başlayıb. O vaxta qədər müəllimlərin işə təyin olunması məktəb direktorlarının, rayon təhsil şöbələrinin birbaşa səlahiyyətlərinə aid idi".
"Həmin vaxt ciddi şəkildə qanun pozuntularına yol verilirdi. Lakin mərkəzləşmiş qaydada imtahanlar keçirilməyə başlayandan sonra bu hallar yox həddinə çatıb. Amma buna baxmayaraq, yenə də həmin aidiyyəti qurumlar mərkəzləşmiş imtahandan kənar müəllimlərin işə qəbulunu həyata keçirməyə başlayıb" — ekspert bildirib.
Onun sözlərinə görə, ümumilikdə prosesin keçmişinə baxanda müəllimlərin işə qəbulu 2016-cı ilədək yalnız test mərhələsindən ibarət idi: "Yəni, kimsə test mərhələsində seçdiyi yer üzrə ən yüksək bal toplayırdısa, birbaşa həmin yerə təyin olunurdu. Bu zaman ciddi problemlər ortaya çıxırdı. Yəni, müəllimlərin psixoloji, fizioloji, ideoloji baxımdan müəllimlik peşəsinə yararlı olub-olmadığını müəyyən etmək mümkün deyildi. Bu ildən etibarən ilk dəfə, yəni, test mərhələsindən sonra müəllimləri müsahibə mərhələsinə dəvət ediblər. Bu, yenə azdır. Birincisi, bu il ilk dəfə olaraq ölkəmizdə rekord həddə vakant yer çıxarılıb. Bunun qarşılığında yenə rekord həddə müəllim olmaq istəyənlər elektron ərizə veriblər. Bu il 10 minə yaxın boş plan yerinə 50 mindən çox elektron ərizə qəbul edilib. Nəticə etibarı ilə kifayət qədər böyük sayda insan bal topladı və müsahibə mərhələsinə buraxıldı" — Əsədov vurğulayıb.
Ekspertin fikrincə, müsahibə mərhələsi həmin şəxsin müəllimlik peşəsinə yaralı olub-olmadığını müəyyən etmək üçün tam deyil: "Birincisi, komissiya üzvlərinin heç də hamısı bunu yoxlamaq qabiliyyətinə malik deyil. Eyni komissiya həm tarix, həm ibtidai, həm də biologiya müəllimini yoxlayır. Yoxlayan şəxslərin də heç də hamısı pedaqoji fəaliyyətlə uzun müddət məşğul olanlar deyil".
Müsahibimizin sözlərinə görə, ən vacib nüanslardan biri müəllim kimi çalışacaq şəxsin psixoloji bilik və bacarıqlara malik olub-olmamasıdır: "Müəllimlik təkcə yüksək bal toplamaq deyil, eyni zamanda, yüksək psixoloji hazırlıq olmalıdır. Birincisi, müəllimliyə qəbulda psixoloji testlər əlavə oluna bilər. İkincisi, müəllimlik vəzifəsinə qəbul edilmiş şəxslər təkcə qəbul edildiyi ildə deyil, 6 aydan və 1 ildən sonra yenidən müsahibə mərhələsinə cəlb olunmalıdır. Hesab edirəm ki, mütləq sınaq müddəti müəyyən olunmalıdır".
"Heç bir halda müəllimliyə qəbulu rayon təhsil şöbələrinə, məktəb direktorlarına həvalə etmək olmaz. Çünki bu zaman onlar şəxsi maraqlarını güdəcəklər" – deyə o bildirib.

Bu xəbər oxundu
- - -