Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakının azad olunmasına aparan yol...

13.09.17, 8:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1918-ci ilin 15 sentyabrı ərəfəsində Azərbaycanda durum

2-ci yazı

Azərbaycanlılara qarşı soyqırımı davam etdirən «erməni daşnak rəhbərləri bolşeviklərdən də istifadə etdikləri kimi, ingilis ordusunu Bakıya dəvət etməklə, Biçeraxov, Sentrokaspi qüvvələrindən türk və müsəlmanlara qarşı, növbə ilə, qırğında istifadə etmişdilər. Bakı Soveti süqut etdikdən sonra 1918-ci il avqustun 1-də İngilis konsulu Mak-Donelin iştirakı ilə Bakıda eser-daşnak-menşevik ittifaqının «Sentrokaspi və Sovetin İcraiyyə Komitəsinin Müvəqqəti Rəyasət Heyəti Diktaturası» adlanan əksinqilabi hakimiyyəti yaradılmışdı. Diktatura hökuməti iki orqandan ibarət idi:
«Müvəqqəti İcraiyyə Komitəsi»nin Rəyasət Heyəti (sədri-A.Arakelyan) və Xəzər hərbi donanması Mərkəzi Komitəsinin beş nəfərdən ibarət müvəqqəti diktaturası. Diktaturanın tərkibində Sentrokaspidən 5 nəfər – Peçenkin, Tyuşkov, Buşev, Lemley və Yermakov, «Daşnaksütyun» partiyasından Arakelyan və Məlik-Yolçyan, eserlərdən Umanski və Velunte, menşeviklərdən Ayolla və Sadovski daxil idilər. Bu hökumətin tərkibində, əvvəlkilərdə olduğu kimi, bir nəfər də olsun azərbaycanlı yox idi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, sentyabrın əvvəlində Fəhlə, Qırmızı Ordu və Matros deputatları Sovetinə keçirilən seçkilər zamanı partiyalardan irəli sürülən (azərbaycanlıları təmsil edən partiyalar iştirak etmirdilər) namizədlərin içərisində bir nəfərdə olsun azərbaycanlı yox idi. Yalnız bolşeviklərin siyahısında Bakı rayonları üzrə Əzizbəyovun adı var idi.
Daşnak, menşevik və eserlər Bakı Xalq Komissarları Sovetinin rəhbərlərini həbs edilməsində aktiv iştirak etmişdilər. «Sentrokaspi»nin əmri ilə Şaumyan həbs edilmişdi. Təsadüfi deyildir ki, daşnaklar komissarların saxlanıldığı Bayıl həbsxanasını mühafizə etmişdilər. Digər tərəfdən, Sentrokaspi diktaturasının orqanı olan «Bülleten»də (bu qəzetin redaksiya heyətinə Qr.Ayolla, Lev Umanski, Avet. Oqancanov daxil idi) də bolşeviklər ciddi ittiham olunmuşdular. «Bülleten»in 5 sentyabrda çap olunan sayında göstərilmişdi ki, yalnız bolşeviklər – kommunistlər tərəfindən hakimiyyətin zəbt olunması dövründə Sovetin nüfuzu hər gün aşağı düşmüşdü.
Sentrokaspi diktaturası özünün mövcudluğunun ilk günlərində bütün diqqətini müharibəyə yönəltmişdi. Diktatura hakimiyyətinin elə ilk günündə xalqa etdiyi müraciətdə Bakının əldə saxlanılmasının vacibliyi xüsusi olaraq vurğulanmışdı.
Diktaturanın ali baş komandanı polkovnik Biçeraxov təyin olunmuşdu. Tezliklə, Sentrokaspi hökuməti İngilislərdən hərbi kömək istəmiş və bu xahiş yerinə yetirilmişdi. Əlbəttə bu belə də olmalı idı. Çünki ingilislərin özləri də Bakıya can atırdılar. Bakını işğal etməklə Britaniya imperializminin ən mühüm məqsədi həyata keçmiş olurdu. Bu məqsədin ən vacibi və ən birincisi Bakı nefti idi.
1918-ci il avqustun 4-də polkovnik Stokson başda olmaqla Britaniya ordusunun bir qrupu Bakıya gəlmişdi. O zaman Bakıda ingilislərin bütün qüvvəsi təqribən 1,5 min əsgər və zabit təşkil etmişdi. Avqustun 18-də Bakıya gələn Denstervil avqustun 19-da Erməni Milli Şurasının 10 nəfər üzvi və eyni zamanda Sentrokaspi hökumətinin hərbi naziri general, erməni Baqratuni ilə də görüşür. Denstervilin öz xatirələrində St.Şaumyan haqqında dedikləri də maraqlıdır. O yazmışdı ki, yaddan çıxartmaq olmaz ki, Bakı bolşeviklərinin lideri Şaumyanın özü erməni idi, lakin o, bizim əleyhimizə erməni kimi deyil, bolşevik kimi çıxış etmişdi. Buradan göründüyü kimi St.Şaumyan erməni olmaqla İngilis qoşunlarının Bakıya gəlməsini və türk qoşunlarının hücumunun qarşısının alınmasını istəmişdi. Bu istəyi, «Daşnaksütyun», Erməni Milli Şurası, o cümlədən Bakı və Bakı ətrafı qəzalarda vəhşiliklər törədən və bu cinayətkar əməllərinə görə türklər qarşısında cavab verməli olacaqlarını yaxşı başa düşən erməni quldur dəstələri arzulamışdı. Avqustun 1-də türk ordusu Bakıya doğru yeni hücum təşkil etmişdi. Sentrokaspi Diktaturanın silahlı dəstələrinin müdafiə qabliyyəti aşağı olduğundan tutduqları mövqelərini qoruyub saxlaya bilməmişdilər.
Avqustun 5-də türk hərbi hissələri Qurd Qapısı tərəfdən şəhərə daxil olmuş və Badamdar hündürlüyünü ələ keçirmişdilər. İngilislərin Bakıya gəlməsi də ermənilərə kömək edə bilməmişdi. Birləşmiş Azərbaycan – türk ordusu düşmənlə ağır döyüşlər apararaq, Bakıya doğru irəliləyə bilmişdilər. Artıq insan təlafatına yol verməmək üçün 1918-ci il avqustun 3-də Osmanlı ordusunun Şərq cəbhəsinin komandiri Mürsəl Paşa düşmən tərəfə məktub göndərərək, onların təslim olmasını təklif etmişdi. Eyni zamanda dini baxışlarından asılı olmayaraq bütün əhalinin təhlükəsizliyinə təminat vermişdi. Lakin bu humanist təklifdən Daşnaksütyun partiyasının Mərkəzi Komitəsi, Bakı Erməni Milli Şurası, Sentrokaspi Diktaturası və onun Müvəqqəti İcraiyyə Komitəsi imtina etmişdi.
Avqustun 16-da isə Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Naziri M.H.Hacinski Bakı erməni Milli Şurasına məktub yazaraq Bakı məsələsini sülh yolu ilə həll etməyi təklif etmişdi. Lakin ermənilər bu məktuba cavab verməmişdilər. Bu dövrdə onların əsas məqsədi Bakını təhvil verməmək, hakimiyyətlərini qoruyub saxlamaq və azərbaycanlılara qarşı öz təcavüzkar siyasətlərini davam etdirmək olmuşdu. Ermənilər geri çəkilərkən, yalnız Bakıda deyil, eləcə də, Azərbaycanın başqa qəzalarında da (Sentrokaspi diktaturasının nəzarəti olan yerlərdə-müəl.) qırğınları davam etdirmişdilər. Diktatura dövründə ermənilərin Bakıda törətdikləri özbaşınalıqlar haqqında arxivlərdə tutarlı faktlar vardı. Məsələn, Keşlə kəndinin əhalisi 1918-ci il avqustun 27-də ayrı – ayrı erməni silahlı dəstələrinin özbaşınalığından Mərkəzi hökumətə şikayətində göstərilir ki, erməni dəstələri silah axtarmaq adı altında azərbaycanlıların yaşadığı evlərə soxularaq onlara məxsus qiymətli əşyaları qarət etmişdilər.
Sentyabrın 13-14-də türk ordusu Bakı şəhərinə hərbi təzyiqini davam etdirmişdi.
Sentrokaspi diktaturasının orqanı olan «Bülleten»in 13 sentyabr tarixli 37-ci sayında Diktaturanın Ordu və Donanma komandanı Dokuçayevin müraciəti dərc olunmuşdu. Müraciətdə o, müsəlman əhalisini Bakı şəhərinin müdafiəçilərinə qoşulmağa, yaxud heç olmasa, iki dövlət arasında gedən müharibədə bitərəf mövqedə durmağa çağırırdı.
Lakin bütün bunların heç bir əhəmiyyəti yox idi. Çünki Bakıda qurulan Sentrokaspi hökuməti Azərbaycan xalqına yad idi. Xalq heç vaxt türk əsgərlərinə silah qaldırmazdı. Digər tərəfdən, Azərbaycan xalqı həm bolşeviklərin, həm də Sentrokaspi diktaturasının hakimiyəti dövründə haqsızlıqlar və faciələr görmüşdü.
Türk-İslam ordusunun hücumu nəticəsində şəhərin müdafiəsinin qeyri-mümkün olduğunu görən ingilis komandanlığı tələsik Bakını tərk etmişdilər. Sentyabrın 14-də general Denstervil öz ordusunun qalıqları ilə yenidən gəmilərlə Ənzəliyə qayıtmışdı. Onların ardınca general Baqratuninin komandanlığı altında olan erməni hərbi hissələri Bakıdan qaçaraq Ənzəliyə gəlmişdilər. Ermənilər Türk-Azərbaycan ordusunun hücumu qarşısından qaçarkən Bakının Sabunçu, Zabrat, Buzovna, Ramana kəndlərini qarət etməkdən və həmin kəndlərin dinc sakinlərini öldürməkdən belə çəkinməmişdilər.
1918-ci il sentyabrın 15-də Türk-azərbaycan qoşunları şəhəri tutmuşdular. 1918-ci il sentyabrın 15-də Osmanlı orduları Azərbaycanın mövcud əsgəri və könüllü dəstələri ilə birlikdə Bakını erməni və rus əsgərlərindən azad etmişdi. Bu hərbi zəfər nəticəsində Osmanlı dövləti azərbaycanlıları tamamilə məhv olmaqdan qurtarmışdı. Azərbaycan Respublikası Türkiyənin yaxından köməyi ilə paytaxtını əldə etmiş oldu.
1918-ci ilin mayında Cənubi Qafqaz üç müstəqil respublikaya – Azərbaycan, Gürcüstan və Ermənistana ayrıldıqdan sonra onlar arasında müvəqqəti xarakter daşıyan, ərazi bölgüsü aparılması vacib idi. Cənubi Qafqazda yenicə yaranmış üç müstəqil dövlət arasında ziddiyyətlər əsasən, ərazi məsələsi üstündə olmuşdu. Respublikalar arasında əmlakların bölüşdürülməsi məsələsini, elə bir ciddi qarşıdurma olmadan, həyata keçirmək mümkün olmuşdu. Lakin tarixi şərait baxımından ərazi məsələsinin həlli çox çətin və dolaşıq idi. Xüsusən Ermənistanın iddia etdiyi ərazilər çox dolaşıq və ziddiyyətli idi. Çünki, erməni hökumətinin iddia etdiyi ərazilərdə, demək olar ki, müsəlmanların sıx yaşadığı ərazi idi və bu torpaqlar əzəldən Azərbaycana məxsus olmuşdu. Hətta, Cənubi Qafqaz Seymi dağılandan sonra da özünün müstəqilliyini elan etmiş ermənilərin nə ərazisi, nə paytaxtı var idi.
Azərbaycan Cümhuriyyəti Ermənistan Respublikasına İrəvan şəhərini güzəştə getmişdi və sonradan bu şəhər ermənilərin paytaxtı oldu. Bütün bunlara baxmayaraq, ermənilər yenə də Azərbaycana qarşı ərazi iddiası qaldırmış və azərbaycanlıları qırmağa, öz doğma torpaqlarında qovmağa başlamışdı. Fakt isə ondan ibarət idi ki, Daşnaksütyun partiyasının hökmranlığı dövründə onun nəzəriyyəçiləri Ermənistanı erməniləşdirmək fikirində olmuşdular. Bu sözlərin həqiqi mənası, burada yaşayan başqa millətlərin nümayəndələrinə və onların ana dilinə müharibə elan etmək demək idi.
Həmişə olduğu kimi 1918-ci ildə də erməni daşnak hökumətinin ərazi iddiaları Zaqafqaziya xalqları arasında qanlı vuruşmalara, qırğınlara, qaçqınlığa gətirib çıxartmışdı. Ermənilər azərbaycanlıların torpaqları hesabına özlərinə mərkəzi İrəvan olmaqla, dövlət qurduqdan sonra Azərbaycan və Gürcüstan dövlətlərinə qarşı torpaq iddialarından əl çəkməmişdilər. Erməni silahlı dəstələri Ermənistan dövlətinin himayəsi altında olan türk kəndlərinə basqınlarını davam etdirmişdilər. Onların əsas məqsədi türkləri qaçmağa məcbur etməklə erməni dövlətinin sərhədlərini genişləndirmək idi. Konfliktin sonunda 180 min müsəlman, yaxud İrəvan quberniyasının müsəlman əhalisinin üçdə iki hissəsi ya öldürülmüş, ya da qaçqın düşmüşdü. Buna bənzər hadisələr, demək olar ki, Azərbaycanın əsasən Qərb torpaqlarını, eləcədə Qarabağı, Naxçıvanı əhatə etmişdi. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanıb Andranikin qüvvələri ilə birləşərək, Qarabağla Ermənistan arasındakı müsəlman kəndlərin əhalisinin silah gücünə qovaraq Qarabağı Ermənistana birləşdirmək fikirində idilər.

Vaqif Abışov
tarix üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -