Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan İsrail münasibətləri heç bir ölkənin əleyhinə yönəlmir”

13.09.17, 12:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Mirzəzadə: “Azərbaycan Ermənistandan başqa bütün dövlətlərlə sıx əməkdaşlıq edir”

Məhəmməd Əsədullazadə: “Təl-Əvivlə-Bakı arasında yüksək səviyyədə siyasi əlaqələr mövcuddur”

“Azərbaycanın müdafiə nazirinin İsrailə səfəri iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, yeni silahların alınması, eyni zamanda, ordu quruculuğu məsələsində hər iki ölkənin əldə etdiyi təcrübənin bölüşdürülməsi məqsədi daşıyır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. Azərbaycanın bir çox ölkələr, o cümlədən də İsraillə hərbi sahədə artıq müəyyən tarixi əməkdaşlığa malik olduğunu deyən deputat söyləyib ki, İsrail bu gün dünyanın ən müasir silahlar istehsal edən ölkələrdən biri kimi tanınır:“Azərbaycan İsrail münasibətləri heç bir ölkənin əleyhinə yönəlmir. Azərbaycan Ermənistandan başqa bütün dövlətlərlə sıx əməkdaşlıq edir və bundan sonra da dostluq əlaqələrinin möhkəmləndirmək fikrindədir. Aldığımız silahlar yalnız İşğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin yüksəlməsinə yönəlir. Eyni zamanda Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan torpaqlarının işğal altında qalmasına heç vaxt razı olmayacaq. Bu baxımdan həm yeni silahların əldə edilməsi, həm hərbi quruculuq işlərinə böyük diqqət edəcək”. A.Mirzəzadə əlavə edib ki, Azərbaycan müharibə vəziyyətində olduğuna görə, onun hərbi gücünün artırılması daim dövlətin diqqət mərkəzindədir: “Azərbaycan ciddi ordu quruculuğu ilə məşğul olur, ən müasir silahlar əldə edir və xarici ölkələrlə hərbi texniki əməkdaşlıq məsələsi daima gündəmdədir”.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın uğurla inkişaf edəcəyindən xəbər verir. Onun sözlərinə görə, hərbi nazir səviyyəsində Azərbaycanın İsrailə ilk yüksək səviyyədə gerçəkləşdirdiyi bu səfər, İsrail-Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində mövcud vəziyyət, bəzi dairələrin xüsusilə erməni lobbisinin İsraildə Azərbaycan əleyhinə kampaniyalarına qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edəcək: "Qeyd edim ki, Təl-Əvivlə-Bakı arasında yüksək səviyyədə siyasi əlaqələr mövcuddur. Buna baxmayaraq, Azərbaycan tərəfindən müəyyən məsələlərə görə İsrailə açıq səfərlər edilmirdi. Görünür, regionda gedən proseslər artıq, rəsmi Bakının qarşılıqlı səfərlər etməsini açıq müstəviyə keçirdi. Belə bir səfərlərin təşkilində İsrail də maraqlıdır. İsrail çalışır ki, Azərbaycan bu ölkədə səfirlik səviyyəsində təmsil olunsun və qarşılıqlı səfərlər mütəmadi xarakter alsın". Politoloqun qənaətincə, Bakı tərəfindən müdafiə nazir səviyyəsində ona görə, belə bir səfər həyata keçirildi ki, İsraillə hərbi -müdafiə sahəsində əməkdaşlıq bir neçə ildir davam edir və bu sahədə İsraillə əməkdaşlıq ölkəmizin müdafiə qabiliyyətinin yüksəlməsinə xidmət edir: "İsraildən alınacaq yeni silah partiyaları, Ermənistana ciddi təzyiq mexanizmidir. Qeyd edim ki, Birləşmiş Ştatlarda erməni lobbisi çalışlrdı ki, yəhudi lobbisinə təsir etsin və nəticədə İsrail Azərbaycana silah satmasını azaltsın. Ötən ay Azərbaycan əleyhinə yazılan məqalələr məhz buna hesablanmışdı. Görünür, erməni lobbisinin bu fəaliyyətinin qarşısını almaq üçün rəsmi Bakı bu ölkəyə müdafiə nazirini göndərdi. Müdafiə naziri təbii ki, təkcə hərbi deyil, bu ölkə ilə siyasi və digər məsələlər ətrafında müzakirələr aparacaq. İsrail hökumətinin hərbi-siyasi kabinet olduğunu nəzərə alsaq, belə bir səfərin hərbi nazir səviyyəsində təşkili yerinə düşdü". Məhəmməd Əsədullazadə bildirib ki, iki ölkə arasında müsbət proseslərdin davamında Təl-Əvivdə diplomatik korpusun yaradılması həyata keçirilməlidir: "İsrail ilə ölkəmiz arasında hərbi-siyasi əməkdaşlıq İranın reaksiyasına səbəb olsa da, buna fikir fikir vermək lazım deyil. İran ilk növbədə Azərbaycana işğalçılıq siyasətini davam etdirən Ermənistanla əlaqələrini aşağı səviyyəyə endirməlidir".

Bu xəbər oxundu
- - -