Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakının azad olunmasına aparan yol...

14.09.17, 10:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Andranikin quldur dəstələri Yeni-Bəyazid qəzasının Göycə nahiyyəsinin Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri hökumətin başçısı Fətəli xan Xoyskiyə müraciət etmiş, Ermənistan hökumətindən Yeni-Bəyazid qəzasında müsəlmanlara qarşı qırğınlara son qoyulmasına köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan hökuməti Ermənistan hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz yerlərinə qayıtmaq üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi. Ermənistan hökuməti isə çox bu cavabdan qaçmışdı.
Əlimərdanbəy Topçubaşov «Azərbaycanın təşəkkülü» əsərində Andranikin Şuşa, Cavad, Cəbrayıl və Zəngəzur ərazilərində azərbaycanlıları qovub onların yerinə İrandan, ələlxüsus da, Türkiyədən gəlmə erməniləri köçürməsindən yazmış və qeyd etmişdi ki, onun fikri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməkdir. Bu dövrdə də ermənilərin əhalisi o qədər azlıq təşkil edirdi ki, hətta özlərinə dövlət qurmaq üçün dünyanın başqa yerlərində yaşayan erməniləri «vətənə» dönmələrini xahiş etmişdilər. Buna misal olaraq, hələ 1917-ci ilin dekabrında «Mşak» qəzetində verilmiş bir yazıya diqqət edək. Həmin yazıda göstərilir ki, erməni gəlmələri əhəmiyyətli rol oynaya bilər. Onda Ermənistanı yaratmaq üçün ermənilərin sayı artmış olardı. Bu məqsədə çatmaq üçün stastik büro yaradılması təklif olunmuşdu.
Erməni hökuməti isə azərbaycanlılara qarşı hərbi təcavüzü davam etdirməkdə idi. Ermənilər Gəncə, Ağdam, Şuşa, Tərətər və Azərbaycanın başqa ərazisində 10-15 nəfərdən ibarət silahlı qaçaq-quldur dəstələri düzəldərək yollarda dinc azərbaycanlılara qarşı basqınlar edərək, onların əmlaklarını əllərindən almış və çox vaxt da onları amansızlıqla qətlə yetirmişdilər. Ermənilərin sentyabr-oktyabr aylarında azərbaycanlılara qarşı törətdikləri qətli-qarətlər haqqında Gəncə qəza rəisinin adına göndərilən yazılı məlumatlarda öz əksini geniş tapıb.
Andranikin silahlı dəstələri Göycəni dağıtdıqdan sonra Naxçıvanı işğal etmiş, oradan da Zəngəzur qəzasına daxil olmuş, Görus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirmiş, erməni qoşunlarının Azərbaycanın ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəcəyini kəskinliklə bildirmişdi. Lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə tabe olmadığını bəhanə edərək, avqustun 17-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdi. Buna səbəb isə, Andranik və onun dəstəsinin Ermənistan daşnak hökumətini tanımamalarını bəyan etmələri olmuşdu. Elə buna görə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi.
1918-ci ilin noyabr ayında Naxçıvan ərazisində Araz – Türk Respublikası yaranmışdı. Respublikanın ərazisi Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan və Ordubad qəzalarından ibarət idi. Paytaxt Naxçıvan şəhəri müəyyən edilmişdi. Onun yaradılması, bir tərəfdən ermənilərin iddialarını dəf etməyə, digər tərəfdən, isə diyarı Azərbaycanla birləşdirməyə hazırlıq görməyə imkan verirdi. 1919-cu ilin mart ayına kimi fəaliyyət göstərmiş həmin respublika bölgənin ermənilərin əlinə keçməsinin qarşısını aldı, Azərbaycan Xalq Cümhuriyyətinin bütövlüyünü təmin etdi.
Naxçıvan ölkəsinin hərbi-müdafiə zəifliyini bilən erməni qoşunları ara-sıra bu əraziyə basqınlar etsələr də, hər dəfə böyük təlafatla geri çəkilmişdilər. 1918-ci ilin axırlarında Türk qoşunları Naxçıvandan getdikdən sonra ermənilər Ordubad qəzasının Gəncə, Şərur-Dərələyəz qəzasının Yaycı, Əmov, İrəvan qəzasının Qaraxan kəndlərinə basqın edib Əmov və Qaraxan azərbaycanlılarını qılıcdan keçirmişdilər. Bu dövrdə daşnaklar Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 7 kəndi odlayıb viran qoymuş, onların sakinlərini öldürmüş, sağ qalanlarsa didərgin salınmışdı.
Azərbaycanın cənubunda da erməni silahlı dəstələri azğınlıq etmişdilər. İngilis hərbiçilərinin hərtərəfəli kömək etdikləri «beşlər diktaturası»nın ağ ordusu hələ avqustun əvvəllərində Lənkəran qəzasına, demək olar ki, sahib olmuşdular. Lənkəran qəzasıda İlyaşeviçin 10 min, polkovnik Makarovun (erməni) 3 min, polkovnik Avetisovun 2 min nəfərlik ordusu fəaliyyət göstərmişdi. Bunların planı gələcəkdə Bakını tutmaq idi. Ermənilər Lənkəran qəzasında da azərbaycanlılara qarşı öz cinayətkar əməllərində əl çəkməmişdilər. Onlar burada hər cür özbaşınalıqlara yol vermişdilər. 1918-ci il noyabrın 1-də müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymurbəy Bayraməlibəyov Bakıda olan Türk ordusunun ali baş komandanı Nuru Paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan xahiş etmişdi. Öz növbəsində Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstəcək və adı çəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaq.
Sonda Nuru Paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çox da gözləməyəçəklər.
Skotland-Lidden yazırdı ki, ermənilər Zəngəzurda özlərinin indiki çıxışlarında müvəqqəti olaraq qazandıqları uğurlarına şübhə etməmişlər. Onların nizami ordularının əksəriyyəti əvvəllər rus ordusunda xidmət etmişdilər, Azərbaycan ordusu demək olar, hamısı gənc əsgərlərdən ibarət idi. Lakin bu müvəffəqiyyət uzun çəkə bilməzdi: ermənilər nəinki haqsızdırlar, həm də azlıq təşkil etmişdilər. Bir gün gələcək ki, bütün müsəlmanlar birləşərək bir nəfər kimi onları sıxışdıranlara qarşı qalxdığı zaman erməni xalqını heç bir şey xilas edə bilməyəcəkdi. 1918-ci il sentyabrın 17-də, başda F.X.Xoyski olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Bakıya köçdükdən sonra torpaqlarımızın bir hissəsində ermənilərin özbaşınalığına, dinc azərbaycanlılara qarşı soyqırımı siyasətinin qarşısı qismən də olsa alınmışdı.
Beləliklə, ermənilərin azərbaycanlılara qarşı törərdikləri qanlı qırğınlar və onların hər cür özbaşınalıqları tutarlı faktlarla üzə çıxdıqca, 1918-ci ilin bütün dövrü ərzində, Azərbaycan torpaqlarında ermənilərin apardıqları soyqırımı siyasətinin əsl mahiyyəti arxiv sənədləri və elmi-tədqiqat materiallardan istifadə etməklə aydınlaşmış olur. St.Şaumyan və A.Mikoyan Azərbaycanda Sovet hakimiyyəti «qurmaq» uğrunda mübarizədə Andranikin, Sovet Rusiyasının düşməni elan olunan Biçeraxovun, hnçakist, daşnak Hamazaspın, Dronun, Njdenin fərari və tör-töküntü dəstələrindən istifadə ediblər.
Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet hakimiyyətinin himayəsindən istifadə edərək, gələcəkdə Erməni dövləti yaratmaq üçün azərbaycanlılara qarşı öz məkrli siyasətlərini davam etdirmişlər. Bu siyasətin nəticəsində, minlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, evləri qarət olunub yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış və öz ata-baba torpaqlarından didərgin salınmışdılar. Azərbaycanın müxtəlif bölgələrindəki tarixi abidələr məhv edilmişdi. Bütün bu törədilən cinayətlərə görə ermənilər heç bir məsuliyyət daşımamış və əksinə, həmin dövrdə hakimiyyətdə olan RSFSR XKS və Bakı Soveti tərəfindən müdafiə ediliblər.
St.Şaumyanın başçılıq etdiyi Bakı XKS yıxıldıqdan sonra da öz cinayətkar əməllərini davam etdirən ermənilər, yeni yaranan «Sentrokaspi» diktaturasının himayəsindən istifadə ediblər.
Azərbaycan və Türkiyə hökumətlərinin razılığı ilə mərkəzi İrəvan olan bir Ermənistan dövləti yaradıldıqdan sonra da, ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişdi. Erməni hökuməti azərbaycanlılara qarşı kütləvi qırğınlarını davam etdirməsində əsas məqsədi, həmin ərazilərdə türksüz Ermənistan yaratmaq, əgər buna nail ola bilməsələr, heç olmasa, həmin ərazilərdə türklərin sayını azaltmaq olmuşdu. Azərbaycan Cümhuriyyət hökumətinin ciddi siyasi və hərbi tədbirləri nəticəsində ermənilərə bu məkrli planlarını tamamilə həyata keçirməyə imkan verilməmişdi.


Vaqif Abışov
tarix üzrə fəlsəfə doktoru

Bu xəbər oxundu
- - -