Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və təcavüzünün başlanması

15.09.17, 13:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Ermənistandan azərbaycanlıların qovulması daha da artdı. Azərbaycanlıları DQMV-dən də zorla qovmağa başlamışdılar. Belə ki, Stepanakert, Əsgəran, Martuni və Hadrut rayonlarından Şuşa, Ağdam və başqa rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı köçkün ailəsi gəlmişdi. Belə bir zamanda, 1988-ci il dekabrın 7-də Ermənistanda zəlzələ baş verdi. Nəinki Azərbaycandakı, hətta Ermənistandan qovulan azərbaycanlılar ermənilərə yardım toplayaraq göndərdilər. Bakıdan humanitar yardım aparan təyyarə Ermənistan səmasında qəzaya uğradıldı. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün çalışan xarici ölkələrin xilasedicilərinin rastlaşdığı bir fakt təyyarə qəzasından daha dəhşətli idi. Onlar qaz borularının içində bir neçə azərbaycanlı uşağın meyidini tapdılar: "
Azərbaycanın hüquqlarını kobudcasına pozan SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq Arkadi Volskinin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsini yaratdı. Sov.İKP MK Siyasi bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi. Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Onun fəaliyyəti dövründə ermənilər Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa başladılar.
Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, Ermənistanın hərəkətlərinə cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR-in suverenliyi haqqında konstitusiya qanununu qəbul etdi. Azərbaycanın etirazları nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi, SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsi yaradıldı. Ermənistan rəhbərliyi bu qərara etiraz etdi. Ermənistanda qurulan Erməni Milli Hərəkatının məqsədi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Azərbaycanda isə Xalq Cəbhəsi quruldu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Dekabrın 2-də Azərbaycan parlamenti Ermənistan parlamentinin Dağlıq Qarabağa dair bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində konstitusiyaya zidd qurumun yaradılmasına yönəldilmiş açıq cəhdi olan bu qərarının hüquqi əsası olmadığını bəyan etdi.
Bu zaman Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Azərbaycanlılar Ermənistanda tarixi torpaqlarında yaşadıqları 172 kənddən qovuldular. Onlar əmlaksız və evsiz-eşiksiz qaldılar: "Ermənistan Azərbaycana qarşı təcavüzkarlığını ört-basdır etmək üçün DQMV-də “erməni xalqı”nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozulması, sosial-iqtisadi inkişafının geriliyi barədə əsassız mülahizələr irəli sürürdü. Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti etiraz edərək “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ konstitusiyasına uyğun olmaması haqqında” qəbul etdiyi qərarda Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsinin qanunsuz olduğu bildirilirdi.
Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, Dağlıq Qarabağda vəziyyəti normallaşdırmağı, Ermənistandan qovulan adamların problemlərinin həllini tələb edirdi. Bu tələbləri yerinə yetirə bilməyən Azərbaycanın hakimiyyət orqanları fəaliyyətsiz hala düşmüşdülər. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxır, bölgələrdə də vəziyyət gərginləşirdi. Azərbaycana əlavə sovet hərbi hissələrinin gətirilməsinə başlandı. Etirazları yatırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda və Azərbaycanın müxtəlif yerlərində dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində yüzdən çox adam öldürüldü, yüzlərlə adam yaralandı. Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Ayaz Mütəllibov gətirildi. 20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayəti olmaqla SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma siyasətinin iflasını göstərdi, Azərbaycan xalqının həyatında dönüş mərhələsi oldu. Azərbaycan xalqının mərkəzlə yolu artıq bir ola bilməzdi.
Belə bir şəraitdə Ermənistan silahlı qrupları təkcə Dağlıq Qarabağda deyil, Azərbaycanla sərhəd rayonlarda da azərbaycanlı əhaliyə qarşı hücumları genişləndirirdi. Təkcə 1990-cı il martın 24-də Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərinə hücum edən Ermənistan silahlı dəstələri 9 nəfəri öldürdü. Bağanıs Ayrım kəndində 7 nəfər dinc sakini diri-diri yandırmaqla və doğramaqla qətlə yetirdilər".
SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1990-cı il 3 aprel tarixli qərarı ilə Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməz olduğunu bəyan etdi: "1991-ci il martın ortalarında Sovet İttifaqı Teleqraf Agentliyi sovet hökumətinin mövqeyini bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bir daha bildirdi.
Baş verən hadisələrin nə qədər təhlükəli olduğunu dərk edən SSRİ rəhbərliyi müəyyən addımlar atdı. 1991-ci ilin aprelində SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları DQMV-dən kənarda, erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmiş Azərbaycanın Xanlar rayonunun Çaykənd kəndində silahlı qrupları həbs etdi. Məhz buradan qonşu kəndlər və yollar mütəmadi olaraq bombardman edilir və top atəşinə tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə içində saxlanılırdı. 1989-cu ildən 1991-ci ilədək Çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli azərbaycanlı sakin erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdi".
1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunmuş dövlət müstəqilliyinin bərpasını Azərbaycan SSR hüdudlarında elan etdi. Bundan bir neçə gün sonra, sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayət və Şaumyan rayon Xalq Deputatları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çərçivəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın qurulduğu bəyan edildi: "Qondarma “DQR”-in elan edilməsi Azərbaycan və SSRİ qanunlarına zidd olub, Ermənistanın təcavüzkarlığını ört-basdır etmək məqsədi güdürdü. Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, bu zaman münaqişənin nizamlanması üçün ilk təşəbbüslər edildi. RSFSR prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev regiona səfər etdilər. 1991-ci il sentyabrın 20-24-də Jeleznovodskda Rusiya, Qazaxıstan, Azərbaycan və Ermənistan prezidentləri görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdilər. Sentyabrın 23-də RSFSR, Qazaxıstan, Ermənistan və Azərbaycan prezidentlərinin imzaladıqları bəyannaməyə görə, Dağlıq Qarabağda silahlı dəstələr tərksilah edilməli, yerli hökumət yenidən təşkil edilməli, Ermənistan ilə Azərbaycan arasında yüksək səviyyəli görüşlərin keçirilməsi davam etdirilməli, atəşkəs elan olunmalı, SSRİ Daxili İşlər Nazirliyinin bölmələri və SSRİ ordu hissələri çatışma bölgəsindən çəkilməli, Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu elan edən qərarını, bunun müqabilində də SSRİ Ali Soveti Dağlıq Qarabağa dair qəbul etdiyi qərarları ləğv etməli, Ermənistan və Azərbaycan tərəfləri qarşılıqlı olaraq girovları azad etməli idilər. Bu görüşdən sonra atəşin dayandırılmasına dair Moskvada protokol imzalandı. Buna baxmayaraq, Ermənistan Dağlıq Qarabağ regionuna hərbi sursat və silah göndərməyi, azərbaycanlılara qarşı silahlı hücumları davam etdirirdi.
Belə bir şəraitdə, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edildi. Ermənistan isə hərbi təcavüzünü daha da genişləndirdi. Noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kənd səmasında Azərbaycanın dövlət və siyasi xadimlərinin olduğu vertolyot erməni silahlıları tərəfindən vuruldu. Vertolyotdakılar həlak oldular. Ermənistan sülh prosesini pozdu. Azərbaycan tərəfi 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etdi.
Bu zaman SSRİ mövcudluğunun son günlərini yaşayırdı. 1991-ci il dekabrın 8-də Minsk yaxınlığında Belovejskoe Puşedə Rusiya, Ukrayna və Belarus prezidentləri görüşərək 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətini dayandırdılar. Dekabrın 10-da isə Dağlıq Qarabağ regionundakı ermənilər Ermənistanın bilavasitə müdaxiləsi altında saxta “referendum” keçirərək “Dağlıq Qarabağın SSRİ tərkibində müstəqil bir respublika olması” üçün səs verdilər. Azərbaycanlılar bu “referendum”da iştirak etmədilər. Bu zaman artıq SSRİ adlı bir dövlət mövcud deyildi. Dekabrın 21-də yaradılması elan edilən Müstəqil Dövlətlər Birliyi Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasını dayandıra bilmədi. Ermənistanda yerləşən keçmiş sovet ordusunun komandirləri silah və sursatı erməni dəstələrinə verərək Azərbaycan əleyhinə silahlandırdılar.
Beləliklə, SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi iki müstəqil dövlət arasında qanlı münaqişəyə və açıq müharibəyə çevrildi. Ermənistanın təcavüzünü dayandırmaq məqsədi ilə Azərbaycan 1992-ci il yanvarın 13-də BMT-yə müraciət edərək Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının dörd ildən bəri davam edən və cəzasız qalan təcavüzünü pisləməsini xahiş etdi, Dağlıq Qarabağ regionunda qanunsuz hakimiyyət strukturları yaratmaq və Azərbaycan Respublikasının ərazisinin bir hissəsini qoparmağa yönəlmiş fəaliyyətinin təcavüz və dövlət terrorizmi xarakteri daşıdığını qeyd etdi.
Uğur

Bu xəbər oxundu
- - -