Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Musiqi günü münasibətilə tədbirlər keçirilib

18.09.17, 11:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Milli Musiqi günü münasibətilə ilə mədəniyyət və incəsənət xadimləri l Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, musiqiçilər, incəsənət xadimləri iştirak ediblər.
Nazir Əbülfəs Qarayev bildirib ki, hər il ənənəvi olaraq keçirilən Milli Musiqi Günü Azərbaycanda musiqi bayramına çevrildiyini qeyd edib: "Üzeyir bəyin adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Onun yaratdığı musiqilər təkcə Azərbaycan yox, ölkəmizin hüdudlarından kənarda da böyük uğurla səslənir. Onun tarixdə qoyduğu iz heç nə ilə müqayisə oluna bilməz. Azərbaycan milli mədəni sərvətlərini musiqi dili ilə çatdırmağı bacaran və onu dünyada tanıdan Üzeyir musiqisi bu gün bəşəriyyətin ən uca musiqi nümunələri siyahısındadır. Bu il də Milli Musiqi Günü münasibəti ilə bir sıra geniş musiqi tədbirləri keçiriləcək".
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Musiqi Günün keçirilməsinin əhəmiyyətindən danışıb, Üzeyir Hacıbəylinin yaratdığı zəngin irsə nəzər salıb. Onun sözlərinə görə, hər il dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanır.
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında da Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üqeyir Hacıbəylinin əsərlərini səsləndirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışıb və onun əsərlərini Azərbaycan musiqisinin ən gözəl nümunələri kimi dəyərləndirib. Nazir bildirib ki Milli Musiqi Günü münasibəti ilə bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər Üzeyir Hacıbəyovun yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə bağlı aparılan tədqiqat işlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda musiqi sahəsində çalışan alimlər bəstəkarın əsərlərinin coğrafiyasını araşdırır və yeni tədqiqat əsərlərinin üzərində çalışırlar.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi Azərbaycanın Üzeyir Hacıbəyli kimi şəxsiyyəti olduğuna görə fəxr etdiklərini bildiriblər.
Çıxış edənlər qeyd ediblər ki, böyük bəstəkar olmasaydı, Azərbaycanda opera, simfonik musiqi olmayacaqdı. Bu gün dünyanın məşhur musiqiçiləri Üzeyir bəyin musiqisini dinləyir, onu tanıyır və qiymətləndirirlər.

Bu xəbər oxundu
- - -