Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğalçılıq siyasəti

19.09.17, 8:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

ATƏM təmsilçiləri Romada görüşərək münaqişənin həlli üçün təcili bir sənəd hazırlayaraq tərəflərə göndərdilər. Buna görə, Ermənistan silahlı qüvvələri iyunun 15-dən etibarən Kəlbəcəri boşaltmağa başlamalı və iyunun 20-də bunu başa çatdırmalı, bölgəyə 50 nəfər ATƏM müşahidəçisi gəlməli, avqustun 7-dən gec olmayaraq Minsk konfransı öz işinə başlamalı idi. Azərbaycan bu planı qəbul etdi. Ermənistan isə bir ay vaxt istədi, vədinə əməl etmədi.
Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini və ATƏM-in Minsk qrupunun Romada işləyib hazırladığı təxirəsalınmaz tədbirlər cədvəlini yerinə yetirmədi. Ermənistan 1993-cü il iyulun 23-də təqribən 160 min nəfər əhalisi olan Ağdam rayonunu işğal etdi. Ağdamın işğalından dərhal sonra, iyulun 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərərək təcavüzkarın dayandırılmasını istədi, Ermənistanın dünya birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini diqqətə çatdırdı, təcili tədbirlərin həyata keçirilməsini, işğal edilmiş Azərbaycan ərazilərinin boşaldılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdi. Təhlükəsizlik Şurası iyulun 29-da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan, Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnaməni qəbul etdi.
Prof. M.Qasımlının araşdırmasında bildirilir ki, Ermənistan təcavüzünü genişləndirərək yeni-yeni ərazilərin işğalını davam etdirdiyindən Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının sədrinə 1993-cü il avqustun 18-də yenidən müraciət etdi. Bu müraciətə baxan BMT Təhlükəsizlik Şurasının adından onun sədri 1993-cü il avqustun 18-də keçirilən 3264-cü iclasda bəyanat verdi. Bəyanatda Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatlıq ifadə edilir, Füzuli rayonu istiqamətində hücumlar pislənilir, hərbi əməliyyatların dərhal dayandırılması, işğal edilmiş ərazilərin dərhal boşaldılması tələb edilirdi. Azərbaycan Respublikasının və regionun digər dövlətlərinin suverenliyi və ərazi bütövlüyü bir daha təsdiq edilir, Minsk qrupunun təqdim etdiyi BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair təxirəsalınmaz tədbirlər cədvəlinin dəqiqləşdirilmiş variantına müsbət cavab verməyə, məsələnin sülh yolu ilə həllini poza biləcək hər hansı hərəkətdən, münaqişə bölgəsinə silah göndərməkdən çəkinməyə, Ermənistan Respublikasının hökumətini cəlb olunmuş qüvvələrin gələcəkdə hərbi əməliyyatı geniş-ləndirmək üçün vəsait almamalarını təmin etməyə, mülki əhalinin getdikcə artan iztirablarını yüngülləşdirmək məqsədi ilə bölgəyə, münaqişədən zərər çəkmiş bütün zonalara beynəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə dair çağırışlar edilir, beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borclu olduqları xatırladılırdı.
Qətnaməyə məhəl qoymayan Ermənistan 1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl rayonlarını işğal etdi. Füzulidən təxminən 114 min, Cəbrayıldan isə 52 min adam məcburi köçkünə çevrildi. Azərbaycan tərəfi 1993-cü il avqustun 23 və 30-da Təhlükəsizlik Şurasının sədrinə müraciətlər etdi. Bu müraciətlərə reaksiya verilməmiş Ermənistan silahlı qüvvələri 802 kv. km ərazisi, 95 yaşayış məntəqəsi, 30 min 300 nəfər əhalisi olan Qubadlını işğal etdi.
Azərbaycanın tələblərinə əsasən toplanan Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də keçirilən 3292-ci iclasında Ermənistan – Azərbaycan münaqişəsinə dair 874 saylı qətnaməni qəbul etdi. Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin davam etməsindən, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdəki gərginliyin bölgədə sülh və təhlükəsizlik üçün qorxu yarada biləcəyindən ciddi narahatlıq keçirir, Azərbaycan Respublikasının və regiondakı bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiq edir, çoxlu sayda mülki şəxslərin köçkün vəziyyətə düşməsindən narahatlıq ifadə edirdi. Təhlükəsizlik Şurası tərəfləri atəşkəsə əməl etməyə çağırır, Minsk qrupunun səylərini dəstəkləyir, sentyabrın 28-də ATƏM-in Parisdə keçirilən görüşündə hazırlanan Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəlini bəyənir, tərəfləri həmin cədvəli qəbul etməyə çağırır, ATƏM-in Minsk konfransını tezliklə keçirməyə, qüvvələri bu yaxınlarda işğal edilmiş ərazilərdən çıxmağa, kommunikasiya və nəqliyyat üçün olan bütün maneələri aradan qaldırmağa, regiondakı bütün dövlətləri münaqişənin genişlənməsinə, bölgədə sülh və təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hər hansı düşmənçilik hərəkətlərindən, buna hər hansı bir şəkildə qarışmaqdan və ya hərbi müdaxilədən çəkinməyə təkidlə çağırırdı.
Lakin Ermənistan bu qətnaməni də yerinə yetirmədi. Oktyabr ayının sonlarında ATƏM sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqlasın regiona səfəri zamanı Ermənistan 707 kv.km ərazisi və 83 yaşayış məntəqəsi olan Zəngilan rayonunu işğal etdi. Bununla da Ermənistan Dağlıq Qarabağ regionunun ətraf rayonlarının işğalını başa çatdırdı.
Azərbaycanın tələbinə əsasən toplaşan BMT Təhlükəsizlik Şurası 1993-cü il noyabrın 12-də 884 saylı qətnaməni qəbul etdi. Təhlükəsizlik Şurası Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pislədi, işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb etdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiq etdi, regionun bütün dövlətlərini münaqişənin böyüməsinə, regionda sülhü və təhlükəsizliyi poza biləcək hər hansı düşmənçilik aktından və müdaxilədən çəkinməyə çağırdı, baş katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsini, qaçqınlara və məcburi köçkünlərə təhlükəyə məruz qalmadan evlərinə qayıtmasına kömək göstərilməsini xahiş etdi.
Hərbi əməliyyatların dayandırılması səyləri 1994-cü ildə də davam etdirildi. Mayın 4-5-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə Qırğızıstanın paytaxtı Bişkekdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair keçirilən görüşdə hazırlanmış protokola Dağlıq Qarabağın erməni icmasının nümayəndəsinə imza atmağa icazə verilsə də, azərbaycanlı əhalinin nümayəndəsinə bu imkan verilmədi. Buna görə də Azərbaycan tərəfi yekun protokoluna imza atmadı. Lakin sonradan müəyyən qeydlərlə Azərbaycan tərəfi və Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının nümayəndəsi sənədi imzaladı. Mayın 12-dən etibarən atəşkəs elan edildi. Beləliklə, “nə sülh, nə də müharibə” vəziyyəti yarandı.
Oktyabr ayının sonlarında Azərbaycana səfər edən BMT rəhbərliyi münaqişənin tənzimlənməsində Rusiyanın təkbaşına rolunun artırılması cəhdlərinə qarşı çıxaraq çoxtərəfli sülh səylərini müdafiə etdi. Münaqişəyə dair BMT-nin münasibətinin və qəbul etdiyi qətnamələrin aşağıdakı dörd əsas prinsip üzərində qurulduğunu söylədi: Azərbaycan Respublikasının ərazi bütövlüyü; sərhədlərinin toxunulmazlığı; ərazi zəbt etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi; işğal edilmiş bütün ərazilərdən qoşunların qeyd-şərtsiz və təcili çıxarılması. B.Qalı münaqişənin həllinə dair təşəbbüslərin çox olmasının sülhün bərqərar edilməsinə çətinlik yaratdığını vurğuladı.
1994-cü il dekabrın 5-6-da ATƏM üzvü olan ölkələrin dövlət başçılarının Budapeştdə keçirilən zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair məsələ gündəliyə salındı. Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in fəaliyyətinin fəallaşması adlı 5 bənddən ibarət qətnamə qəbul edildi. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında ilk çoxmillətli sülhməramlı kontingentin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılaşdılar; çağırılacaq Minsk konfransında həmsədrlik institutu təsis etdilər; atəşkəsin davamlı olmasına kömək etmək üçün dərhal addımlar atmağa və silahlı münaqişə bitdikdən sonra siyasi sazişin imzalanması üçün intensiv görüşlər keçirməyə razılaşdılar. Rusiyaya Minsk qrupunda həmsədrlik səlahiyyəti verildi. Budapeşt sammitində ATƏM ATƏT-ə çevrildi. Lakin regiona sülhməramlı qüvvələr yerləşdirilmədi.
Dağlıq Qarabağ münaqişəsi 1996-cı il dekabrın 2-3-də keçirilən ATƏT-in Lissabonda zirvə görüşündə də müzakirə edildi. Zirvə görüşünün yekun bəyannaməsinin 20-ci maddəsi mübahisələrə səbəb oldu. Buna görə, Azərbaycanın ərazi bütövlüyü tanınırdı. Ermənistan bu maddəyə konsensus vermədi. Cavab olaraq Azərbaycan bütün yekun sənədinə konsensus vermədi. Belə olduqda ABŞ-ın vitse-prezidenti Albert Qor çıxış edərək kompromis variant kimi 20-ci maddənin bu mahiyyətini sənəddə deyil, ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatına daxil etməyi təklif etdi. Azərbaycan bu təkliflə razılaşdı. Nəticədə ATƏT sədri Flavio Kotti bəyanat verdi. ATƏT sədrinin bəyanatında münaqişənin həllinə dair aşağıdakı prinsiplərə razılıq verilirdi: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Azərbaycan tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə hüququ verən öz müqəddəratını təyin etmək əsasında Dağlıq Qarabağın sazişlə müəyyən edilmiş hüquqi statusu, tənzimlənmə müddəalarına bütün tərəflərin əməl etməsini təmin edən qarşılıqlı öhdəliklər daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi. Bəyanat zirvə görüşünün sənədlərinə daxil edildi.

Uğur

Bu xəbər oxundu
- - -