Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dilimizin və etnosumuzun təşəkkülü: tarixi inkişaf mərhələləri

19.09.17, 8:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Qayalarda nisbətən dərin qazılmış ovçuların böyük fiqurlu siluet şəkilli təs-virləri ilk Mezolit dövrü rəssamlarının yaradıcılığı üçün xarakterikdir. Belə rəsmlərdən ibarət böyük bir təsvir kompozisiyası Böyükdaşın yuxarı mərtəbəsində, 29 №-li daşın şimal tərəfində qazılıb. Kompozisiyanın mərkəzi hissəsində göstərilən ovçuların siluet şəkilli təsvirləri sxematik və şərti xarakter daşıyır, qulaq, burun, göz, ağız və sairə hissələr göstərilmir. Bu rəsmlər təxminən natural böyüklükdədir. Buradakı insan fiqurlarının təsvirində nisbət və sairə realistik xüsusiyyətlər gözlənilməyib. Buna baxmayaraq, qədim rəssamlar ovçuların üç baxımdan — ön, yan və arxa tərəfdən təsvir edilməsinə çalışıblar. Bunu kamanların tam və yarımçıq şəkildə təsvir edilməsindən anlamaq olur. Arxa tərəfdən göstərilmiş ovçuların kamanları bütövlüklə, ön tərəfdən rəsm edilmiş ovçuların kamanlarının isə ancaq kənar ucları təs¬vir edilir. Bundan başqa bu təsvirlərdəki kamanların yönləri də bir-birinin əksinə olan diaqonal xətlər istiqamətindədir. Arxa tərəfdən rəsm edilmiş ovçuların cinsi əlamətləri də bir qayda olaraq göstərilmir. Buradan aydın olur ki, qədim rəssamlar insanların ön və arxa baxımdan rəsm edilməsinə ancaq bu yolla nail ola biliblər. Mezolit rəssamlarının bu nailiyyətini nəzərə alaraq həmin daşın petroqliflərinə diqqətlə baxdıqda aydın olur ki, burada çevrə boyu düzülmüş ovçular təsvir edilib, dairəvi kompozisiya yaradılıb. Ona görə də bu petroqlif ibtidai rəsm xüsusiyyətlərinə baxmayaraq, Mezolit dövründə yardılmış müəyyən kompozisiya tərtibatına malik çoxfiqurlu, monumental xarakterli nadir təsviri sənət əsəri kimi çox qiymətlidir.
Sənətşünas alim Nəsir Rzayev sözügedən petroqlif barədə yazır: “Həmin petroqlifin mərkəzi hissəsində insan təsvirlərinin ayrı-ayrı fraqmentlərinə bənzər rəsmlər görünür. Onlar bir necə ovçunun profildən primitiv şəkildə qazılmış təsvirləridir. Bu yarımçıq və anlaşılmaz rəsmlər qədim rəssamların yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi. Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki kamanlar Mezolit dövrünün xarakterik xüsusiyyətlərindəndir. Bu dövrün yetişdirdiyi təsvir motivlərindən biri də insan fiqurlarında əl və ayaqların statik və standart vəziyyətdə verilməsidir. Əksər hallarda ovçuların qolları yanlara doğru açılmış halda, qıçları isə yarımbükülü vəziyyətdə təsvir edilir. Bu təsvir motivləri qanun şəklini alaraq sonrakı dövrlərdə də təkrar edilib. Petroqlifin mərkəzində görünən ovçunun qıçları öz kobudluğu ilə diqqəti çəkir. Bu onunla izah edilir ki, rəssam ovçunu heyvan dərisindən enli şalvar geymiş vəziyyətdə təsvir etməyə çalışıb”.
Qobustan təsvirlərindən göründüyü kimi, əcdadlarımız ən azı Mezolit dövründən, e.ə. X-VIII minilliklərdən etibarən şalvar geyiblər. Halbuku, istər qədim Misir və Çin, istər qədim hind və fars, istərsə də qədim Aşşur-Babil və Roma-yunan təsvirlərində eyni hala rast gəlmirik. Yalnız qədim fars təsviri sənət abidələrində ulu babalarımız midiyalılar və saklar şalvarlı təsvir ediliblər. Bu isə o deməkdir ki, şalvar, eləcə də bir çox digər geyim növləri türklərdən digər xalqlara keçib. Bunu əldə olan çoxsaylı yazılı mənbələr, o cümlədən qədim yunan və Çin mənbələri də təsdiqləyir. Maraqlıdır ki, şalvar və digər geyim növləri ilə bərabər bizdən başqa xalqlara həmin əşyaların adları da keçib. Bununla əlaqədar filoloq Minəxanım Təkləli yazır: "...Tarixən türklərlə və onların mədəniyyəti ilə daim əlaqədə olan Rusiyada" (N.Dimitriyev) onların məişətində milli geyimlərimiz mühüm yer tutub. Rus dilində tez-tez rastlaşdığımız çalma, başlık, başmak, papaxa, şarovar (şalvar), arxaluk, kebenyak (kəpənək – yapıncı) xalat, kaftan, kuşak, bafta, atlas, kumaç (qumaş), kanaus (qanovuz), kamka (kəmxa), kaytan və s. bu kimi onlarla türkizmlər – Dədə Qorquddan bəri dilimizdə işlənən mədəni terminlər buna yaxşı sübut ola bilər."
R.A.Yunaliyev özünün "Tyurkizmı v russkom yazıke” kitabında bildirir: "...Rus dilində alt və üst geyim adlarını bildirən qırxdan yuxarı türk sözləri, otuzdan yuxarı paltar-geyim elementi adları, bəzək əşyaları, qırxdan çox baş geyimlərinin adları qeydə alınmışdı." Əgər tədqiqat aparılarsa, eyni hala gürcü, erməni, fars və b. qonşu xalqların dillərində də rast gəlinəcəyi şübhəsizdir. Konkret olaraq, "şalvar" termininə gəlincə, bu termin həmin dillərdə bu gün də işlənir, ya da nə zamansa işlənib. Bu kəlmə ilə bağlı Minəxanım Təkləli yazır: "Şalvar türk dilindən ukrayna dilinə, buradan da rus dilinə keçib... Fikrimizcə, şalvar/şarovar rus dili ilə türk dilinin əlaqəsinin daha qədim dövrünə aiddir." Alim Murad Aciyə istinadən bildirir ki, atlı həyat tərzi üçün türklərin düşünüb tapdığı xüsusi paltar " şalvar" və dünyada ilk uzunboğaz çəkmə (sapoq) da türk sözləridir.
Neolit dövrü Azərbaycanda eramızdan əvvəl VII minilliyin əvvəllərindən başlamış və VI minilliyə qədər davam edib. Neoliti, yəni yeni Daş dövrünü başqa dövrlərdən fərqləndirən əsas xüsusiyyət bu dövrdə əkinçilik və maldarlıq mədəniyyətinin əsaslı surətdə təşəkkülü və inkişafı ilə bağlıdır. Bu dövrdə insanlar istehsal mədəniyyətini mənimsəyir, təbiətdə hazır şəkildə mövcud olmayan yeni materialların istehsalına başlayır. Toxuculuğun kəşfi və gil qabların hazırlanması istehsalda xüsusi yer tutur. İlk vaxtlar toxuculuq materialı qismində gicitkan, kətan və sairə kimi yabanı texniki bitkilərdən istifadə olunurdu. Neolit dövründə əhali oturaq həyat sürmüş, ovçuluq və balıqçılıqla da məşğul olub. Əmək alətləri, əsasən, çaxmaqdaşından hazırlanır və bıçaqlar, iskənə və deşici alətlər üstün yer tuturdu. Dövrün tələblərinə uyğun olaraq, xüsusilə istehsal təsərrüfatının inkişfı ilə əlaqədar yeni alətlər meydana gəlirdi. Daş toxa və oraq kimi alətlərdən əkin-biçində geniş istifadə olunurdu.
Gəncə yaxınlığındakı Gillidağ adlı yerdə qədim çaxmaqdaşı istehsalı ilə bağlı izlər, istehsal tullantıları və çoxlu hazır məhsullar tapılıb. Burada daş balta, çəkic və müxəlif lövhələrə daha çox təsadüf edilib. 133 №-li düşərgədən çaxmaqdaşından bıçaqvari lövhələr, qaşovlar, daş toxa, dəvəgözüdən əmək alətləri aşkar olunub. Bu alətlərdən təsərrüfatın müxtəlif sahələrində və məişətdə, Damcılı mağarasından tapılmış ağzı dişli və pardaqlanmış lövhələrdən isə biçində istifadə edilib. Toxuculuq və saxsı qablar istehsalı ilə bağlı sahələrin meydana gəlməsi əcdadlarımızın həyatında mühüm rol oynayıb. Saxsı qablar istehsalı ərzaq məhsullarının saxlanılmasını asanlaşdırmış, məişətin bütün sahələrində əsaslı dəyişikliklərə şərait yaradıb. Saxsı qablar 133 №-li Gəncəçay düşərgəsində, Təbriz yaxınlığındakı Yanıqtəpə və Urmiya gölü yaxınlığındakı Firuztəpə abidələrinin müvafiq təbəqələrindən daha çox məlumdur.
Yuxarıda söylənilənlərdən məlum olduğu kimi, əcdadlarımız ən azı Mezolit dövründən ovçuluqda ox və yaydan, eləcə də itdən istifadə edir, ən azı Neolit dövründən isə qab-qacaq istehsalı, əkinçilik, maldarlıq və toxuculuq sənəti ilə məşğul olurdular. Təsadüfi deyil ki, bütün bu sahələrə aid türk dillərində onlarla, bəlkə də yüzlərlə söz və termin yaranıb, onların çoxu dövrümüzdə də işlənməkdədir. Üstəlik də bu terminlərin bir qismi qonşu xalqların dillərinə də keçib. Özü də bu, çox qədimlərdən başlanıb.
Dilçi alim İ.Məlikov yazır: "Ön Asiyanın qədim dillərindən olan xatt dilində tərtib edilən və eradan əvvəl 3-2-ci minilliklərdə qələmə alınan mətnlər ilk dəfə Qroznı və Forrer tərəfindən öyrənilib, daha sonra isə bu işi İohannes Fridrix, Laroş, Kemmenhuber, Dyakonov, Dunayevskaya və başqaları davam etdiriblər. Sözügedən dilin leksik fondunda türkcə ilə ortaq olan bir sıra sözlərə təsadüf olunur ki, bu da həmin etnosların hələ Tunc dövründə Kiçik Asiya ərazisində cox yaxın ictimai-siyasi, mədəni və iqtisadi əlaqədə olduqlarını göstərir."
Nəsir Rzayev yazır: “Qobustanın yeni Daş dövrünə aid petroqliflərində düz xətlərə çox tez-tez rast gəlinir. Misal üçün Böyükdaşın aşağı mərtəbəsindəki 2 №-li daşda cızılmış gizləncək təsvirində bu xüsusiyyətləri görürük. Bu sxematik, şərti şəkildə verilmiş rəsmdə gizləncəyin gövdəsi və başı düz xətlərlə və onların birləşməsindən yaradılmış bucaqlarla bəzədilib. Rəsmdən göründüyü kimi, bu gizləncək – yalançı heyvan fiquru əvvəllər rast gəldiyimiz müqəvvalardan həm həcmi, kiçikliyi, həm də vəzifəsi ilə fərqlənir. Bu petroqlif eramızdan əvvəl Vll minilliyə aiddir. Bu dövrə aid balıq təsvirinə Böyükdaşın yuxarı mərtəbəsində, 104 №-li daşda rast gəlrik. Bu petroqlifdə balıq siluet şəklində, realistik səpgidə işlənib. Bu təsvir Neolit dövründə Azərbaycan ərazisində balıqçılığın inkişafından, yeni bir təsərrüfat sahəsinin yaranmasından xəbər verməkdədir.”
Maraqlıdır ki, dilimizdə balıqçılıqla da bağlı onlarla təmiz türk kəlmələri işlənməkdədir və onların bir çoxu qonşu xalqların, o cümlədən rus dilinə də keçib. Məsələn, Minəxanım Təkləli onlardan bir neçəsi barədə öz kitabında söz açmaqdadır: sazan, sudak, şamaya//şamayka, çikamas, kefal, kutum, balamut, karas, kamsa, karanqiç//kurlançuq, yastık (kürünün qılafı), bakla, barbuk, çebak, və s. Bu baxımdan fars dilində işlənən " ozonboron" (uzunburun), "kefal" kimi türk balıq adları da maraq doğurur. Eramızdan əvvəl VI minillikdən başlayaraq Azərbaycanda Neolit dövrünü Eneolit, yəni Mis-Daş dövrü əvəz etdi. Eneolit dövrü istehsal təsərrüfatının əsaslı surətdə formalaşması və sürətli inkişafı ilə xarakterizə olunur. Bu dövrü tarixin əvvəlki dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə daş məmulatları ilə yanaşı, metaldan istifadə olunmağa başlanmasıdır. Arxeoloq Rəşid Göyüşov deyir: “Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü eramızdan əvvəl VI-IV minillikləri əhatə edir. Mis yumşaq metal olduğundan daş alətləri bütünlüklə sıradan çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü deyilir.
İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur. Əkinçilik və maldarlıq daha da inkişaf edir, tayfalararası əlaqələr genişlənir, sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər: bıçaqlar, iynələr, bizlər və sairə, həmçinin bəzək əşyaları hazırlanıb. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxıblar. Bu külçələrin daşdan fərqləndiyi onlara yalnız VI minilliyin sonlarında məlum olub. Misin yüksək istidə əriməsi, müxtəlif formaya düşməsi, soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas verib, ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaradıb.”

Bəxtiyar Tuncay

Bu xəbər oxundu
- - -