Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dilimizin və etnosumuzun təşəkkülü: tarixi inkişaf mərhələləri

20.09.17, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Alimlər bütövlükdə Eneolit dövrünün 5 xarakterik xüsusiyyətini qeyd edirlər: 1.Təsərrüfatın digər sahələrinə nisbətən toxa əkinçiliyinin Eneolit dövründə daha da üstünlük təşkil etməsi; 2. Çaxmaqdaşıdan hazırlanmış alətlərlə yanaşı, mis alətlərin də meydana gəlməsi; 3. Möhrədən tikilmiş qəbilə evlərinin mövcud olması; 4. Ana nəsli üçün xarakterik olan gil qadın heykəllərinin yaranması; 5. Fırça ilə naxışlanmış gil qabların hazırlanması. Bütün bu əlamətləri Azərbaycanın Eneolit dövrü abidələrində tam təfərrüatı ilə izləmək mümkündür. İndiyədək Azərbaycanda Eneolit dövrünə aid oturaq əkinçi tayfalara məxsus 60-dan çox yaşayış məskəni aşkar olunub. Bunlardan Naxçıvan ərazisindəki I Kültəpə abidəsi, Mil-Qarabağdakı İlanlıtəpə, Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə, Meynətəpə, Çalırtəpə, Şəkəryalı, Muğan düzündəki Əlikömək təpəsi, Sulutəpə, Üçtəpə, Mişarçay, Qurudərə, Kür çayının sağ sahilində, Qazax rayonu ərazisində I Töyrətəpə, Şomutəpə, Babadərviş, Qarğalar təpəsi və sairə çox zəngindirlər.
Eneolit dövrünün yaşayış məskənləri, əsasən, hündür təpələr formasında olub müxtəlif ölçülüdür. Bu məskənlərə həm düzən, həm də dağətəyi zonalarda təsadüf edilir. Həmin məskənlər mədəni təbəqələrin qalınlığı ilə səciyyələnir. Bu isə özlüyündə oturaq həyat tərzinin güclü olması ilə bağlıdır. Azərbaycanda qədim oturaq əkinçilik və maldarlıq mədəniyyətini öyrənmək üçün mövcud abidələri tədqiqatçılar iki qrupa bölürlər. Naxçıvanda öyrənilmiş l Kültəpənin alt təbəqəsi, Mil-Qarabağ və Muğan düzlərindəki yaşayış məskənləri birinci qrupa aid edilir. İkinci qrup abidələrə Kiçik Qafqaz dağ silsiləsi ilə Kür çayı arasında yerləşən yaşayış məskənləri daxildir.
Yaşayış sahələri 0,5-2 hektar ərazini əhatə edirdi. Eneolitin ilk mərhələsində evlər möhrə və ya kərpicdən dairəvi formada tikilirdisə, son mərhələdə dördbucaqlı evlər də tikilməyə başlayıb. Bundan başqa qazma tipli evlər də mövcud olub. Yaşayış binaları 10-15 kvadratmetr, bəzən 24-28 kvadratmetrə kimi sahəyə malik, təsərrüfat tikililəri isə kiçik ölçülü idi. Vahid planda deyil, pərakəndə halda tikilən yaşayış binalarının davamlılığını artırmaq üçün evlərin divarlarının qarşısında xüsusi dayaqlar hörülürdü. Eyni dövrə aid eyni mədəniyyətin izlərinə Şərqi Anadolu və Cənubi Azərbaycanda da rast gəlinmişdir. Bu baxımdan cənubda Urmiya gölü bölgəsində və Təbriz yaxınlığında öyrənilmiş Yanıqtəpə, Dolmatəpə, Göytəpə, Anadoludakı Çatal-Hüyük və sairə Eneolit dövrü məskənlərini misal çəkmək mümkündür. H.Cəfərov deyir: “Həmin dövrdə gön-dəri emalı və bununla bağlı sahələrin də inkişaf etməsi nəticəsində aşılanmış dəridən ayaqqabı, paltar və sairə də hazırlayırdılar.”
Maraqlıdır ki, dilimizdə işlənən başmaq sözü məhz bizim dilimizdən İran, Dağstan və slavyan xalqlarnın da dillərinə keçib. Bu isə dəridən tikilmiş ilk başmaqları ilk istehsal və istifadə edənlərin məhz türklər olduğunu sübut edir. H.Cəfərov davam edir: “Hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən – Kültəpə I, Hacı Firuz, İlanlıtəpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əliköməktəpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir. Eneolit dövrü ev sənətkarlığının müxtəlif sahələri içərisində dulusçuluq daha kütləvi istehsal xüsusiyyətləri ilə fərqlənirdi. Neolit dövrünün bəsit və kobud qablarından fərqli olaraq Eneolit dövründə istehsal olunmuş saxsı qablar həm forma, həm də hazırlanma texnologiyasına görə diqqəti cəlb edir. Əhalinin artan tələbatına uyğun yeni qab növlərinin istehsalı mənimsənilirdi.
Onların davamlılığını artırmaq və keyfiyyətini yüksəltmək üçün yeni texniki üsullardan istifadə olunurdu. Bu dövrdə ən mühüm yeniliklərdən biri saxsı qabların bişirilməsi üçün dulus kürələrinin meydana gəlməsidir. Kültəpə, Şomutəpə, İlanlıtəpə, Əliköməktəpə, Çalağantəpə yaşayış məskənlərində dulus kürələri qalıqlarına da çox təsadüf edilib. Burada dulus kürələri, əsasən, iki qatlıdır. Alt qatda ocaq qalanır, üst qatda isə saxsı qablar yığılırmış. Əliköməktəpə və Leylatəpə abidələrində dulus kürələri yaşayış yerinin kənarında cəmlənmişdi. Tədqiqatçıların fikrincə, bu faktı eramızdan əvvəl 5-ci minilliyin axırı və 4-cü minilliyin əvvəllərində meydana çıxan “icma sənətkarlığının” varlığı kimi qiymətləndirmək lazımdır. Maraqlıdır ki, bu abidələrdə tapılmış saxsı qabların bir qismi sadə quruluşlu dulus çarxında hazırlanıb.”
Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yalnız Son Tunc dövründən tətbiq edilməyə başlayıb. Dulus çarxının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi. Ölkəmizin ərazisindən əldə edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib, tətbiq edildiyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz Son Eneolit dövründə baş verib. Maraqlıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini iskitlərə, başqa sözlə, türklərə aid ediblər. Məsələn,Posidoniy və Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazıblar.
Tarixçi alim Hidayət Cəfərovun yazdığına görə, həm ilk gil qabların istehsalı, həm də ilk toxuculuq məhsulları təqribən eyni dövrdə ortaya çıxıb. Alim yazır ki, ilk gil qab istehsalı texnologiyası da toxuma sənəti ilə birbaşa bağlı idi. Yəni öncə samandan qabın forması toxunur, sonra isə onun üzərinə gil çəkilirdi. Maraqlıdır ki, bu ilkin texnologiya türk terminologiyasında da çox maraqlı bir şəkildə öz əksini tapıb. Məsələ burasındadır ki, əski türk dilində "əyirmək", "əyrilmiş sap", "saman" "zülf", "tel" kimi mənalara gələn "küzük", "küzək " sözləri, eləcə də "toxuculuq aləti" mənasında olan "küzək" ifadəsi olub. Bundan başqa bu gün Azərbaycan dilində "kuzə" (dolça, su qabı) şəklində işlənməkdə olan bir "küzəc" sözü də olmuşdur ki, gil qabların xüsusi bir növünün adıdır. "Kasa" sözü də eyni qəbildən¬dir. Bütün bu sözlərin semantik bağlılığı göz qabağındadır və bu bağlılıq sözügedən ilkin texnoloji prosesin türklərə məxsus kəşf olduğunu sübut etməkdədir. Belə olmasa idi, bir texnologiyadan digərinə keçid və onlar arasındakı bağlılıq dilimizdə özünü bu qədər qabarq şəkildə göstərməzdi. Maraqlıdır ki, "küzəc" // "kuzə" və "kasa" kəlmələri İran dillərinə, o cümlədən fars dilinə də keçib.
Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını məhz Neolit, yəni Yeni Daş dövrü ilə bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir. Nəzərə alsaq ki, ilk kömürləşmiş xalça qalıqlarının və gil qablarda əksi qalmış toxuma izlərin tapıldığı yer Şərqi Anadolu və Azərbaycan ərazisidir, bu ərazilərdən tapılan keramika və divar naxışları ilə türk xalça naxışları eynilik təşkil edir, eləcə də elmə məlum ilk xalça e.ə.V əsrə və qədim türklərə aid Pazırık kurqanından tapılmışdır, tam qətiyyətlə söyləmək olar ki, bu sənətin də baniləri əcdadlarımız olublar. Bunu xalçaçılıqla bağlı terminologiya da tam təsdiq edir.
İndisə bilavasitə xalçaçılıqla bağlı terminologiyaya keçək. Öncə qeyd edək ki, fars və digər İran dillərində əksər xalça növləri "fərş" adlanır ki, bu kəlmə də ərəb kəlməsidir və mənası "ev əşyası" deməkdir. Ərəblər bu kəlmə ilə bütün ev əşyalarını ifadə edir, bu sözü ərəblərdən almış farslar isə yalnız xalça-palaz mənasında işlədirlər. Eyni zamanda, türk mənşəli "qali" və "qa¬liçe" kəlmələri də yayğındır ki, bu terminlər "qalın" və "qalınça" terminlərinin fars dilində azacıq təhrifi ilə ortaya çıxıb.
Avropa dillərində yayğın olan "karpet" kəlməsinə gəlincə isə, bu termin də ayrı-ayrı türk ləhcələrində "qarvud", "karvud", "karput", "karpot" kimi adlandırılan və tərəkəmələr tərəfindən toxunan xüsusi xalça növünün adından qaynaqlanır. Lətif Kərimovun yazdığına görə, bu kəlmənin əsli "karpot" şəklindədir. O, "kar" (qarışıq) və "pot" ( əyrilmiş sap) sözlərindən yaranmışdır ki, hər iki söz təmiz türk mənşəlidir. Bu kəlmə erməni dilinə də "karpet" (xalça) formasında keçib. Elə bu faktlar da bu sənət növünün bilavasitə bizə aid olduğunun əlavə və təkzibedilməz sübutlarıdır. Maraqlıdır ki, Eneolit, yəni Mis-Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin, yəni türklərin ayağına yazıblar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirib. Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazıb.
Bu yaxın zamanlara qədər rus dilində işlənmiş "bulat" (polad), bu gün də işlənməkdə olan "çuqun" (çuğun) "latun" ("altun" sözündən), eləcə də əksər monqol dilinə keçmiş "timur" (dəmir) və "timuçin" (dəmirçi), fars dilindəki "pulad" (polad) kimi metallurgiya ilə bağlı türkizmlər də metallurgiya sənətinin banilərinin əcdadlarımız olduğunu sübut etməkdədir. Əldə olan məlumatlar türklərin orta əsrlərdə də metallurgiya sahəsində öncül yerə sahib olduqlarını söyləməyə əsas verir. Təkcə İbn Fədlanın haqqında söz açdığı və dəmir ticarəti ilə məşğul olduğunu bildirdiyi türk Təkini yada salmaq kifayətdir. Lev Qumilyov da özünün "Qədim türklər" kitabında Göytürklərin tarixlərinin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir. 2009-cu idə Tovuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid bir abidədən dəmir tapılıb ki, bu da Dəmir dövrü ilə bağlı qəbul edilmiş əski təsəvvürləri kökündən dəyişə bilər. O da maraqlıdır ki, T.Kayler – Yanqın haqqında söz açdığı abidələrdən iskit mədəniyyətinin ən qədim nümunələri üzə çıxıb və bu fakt Mahan dövlətinin əsas əhalisinin və qurucularınn etnik tərkibi barədə tam təsəvvür yaratmaqda və antik yunan müəlliflərinin iskitlərin dəmirin baniləri olduqları barədə söylədiklərini bütünlüklə təsdiqləməkdədir.

Bəxtiyar Tuncay

Bu xəbər oxundu
- - -