Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanın Azərbaycanda törətdiyi terror aktları faktların diliylə

21.09.17, 7:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın Azərbaycanda törətdiyi terror aktları ilə bağlı kifayət qədər faktlar var. Bu faktlar sübut edir ki, Ermənistan terrorçu dövlətdir. İndi də faktlara diqqət edək.
Sərnişin avtobuslarında törədilmiş terror aktları: 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılıb, nəticədə 1 qadın həlak olub, 3 nəfər yaralanıb. 16 sentyabr 1989-cu il - Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. 13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb, 13 nəfər azərbaycanlı yaralanıb. Terrorçuları həbs etmək mümkün olmayıb.
11 iyul 1990-cı il tarixdə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilib, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanıblar (cinayət işi 44/33013). İstintaq zamanı müəyyən edilmişdir ki, terror aksiyasını Xankəndi şəhər sakinləri Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azərbaycanlı kəndlisini qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunub, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum ediliblər. S.Babayan 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilib (1993-1999-cu illərdə qondarma DQR-in müdafiə naziri olmuş A.Qukasyana qarşı sui-qəsddə təqsirli sayılıb). 10 avqust 1990-cı ildə «Şamxor-Gəncə» avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı 43-80 AQF nömrəli avtobus partladılıb, nəticədə 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.
10 avqust 1990-cı il - Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Cinayəti törətmiş erməni terrorçuları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov həbs olunub, 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər. M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.
30 noyabr 1990-cı ildə Əsgəran rayonundakı Ağa körpü adlanan ərazidə DİN əməkdaşlarını Şuşadan Xankəndi aeroportuna aparan avtobus partladılıb, nəticədə 2 milis işçisi yaralanıb. 14 mart 1991-ci ildə «Ağdam-Şuşa» marşrutu üzrə hərəkət edən avtobus partladılıb, 3 nəfər həlak olub, 4 nəfər yaralanıb. 8 sentyabr 1991-ci il tarixdə Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun partladılması nəticəsindən 6 nəfər qətlə yetirilib, 36 nəfər yaralanıb. Qaradağlı kəndinin 77 nəfər mülki sakini terror qurbanı olub. Həmin tarixdə ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırıb, iki nəfər Qaradağlı kənd sakininin başını kəsiblər. Həlak olanlar 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar). Yaralananlar 132 nəfər.
Sərnişin və yük qatarlarında törədilmiş terror aktları: 1990-1994-cü illərdə ermənilər sərnişin və yük qatarlarında 10 terror aktı törədiblər: 24 mart 1990-ci ildə «Noraşen-Bakı» yolunun 364-ci km-də dəmir yolu partladılıb, nəticədə teplovoz və 3 vaqon partladılıb, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşüb. 30 may 1991-ci ildə Dağıstan Respublikasının Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 22 nəfər yaralanıb. 31 iyun 1991-ci il Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb, 16 nəfər həlak olub, 20 nəfər yaralanıb. Cinayətkarı müəyyən etmək mümkün olmayıb. 30 may 1991-ci ildə Dağıstanın Xasavyurt stansiyası yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 22 nəfər ağır yaralanıb. 31 iyun 1991-ci ildə Dağıstan Respublikasının Temirtau stansiyasının yaxınlığında «Moskva-Bakı» sərnişin qatarı partladılıb, 16 nəfər həlak olub, 20 nəfər ağır yaralanıb. 28 fevral 1993-cü il - Dağıstan Respublikası ərazisində, Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 18 nəfər yaralanıb. 2 iyun 1993-cü il - Bakı Dəmir yol vağzalında ehtiyat yolda dayanan sərnişin qatarının vaqonu partladılıb. Həlak olan və yaralanan yoxdur. Cinayəti törətmiş Xatkovski İqor Anatolyeviç 1994-ci il iyunun 22-də AR Hərbi Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. 1 fevral 1994-cü ildə - Bakı Dəmir yol vağzalında Kislovodsk-Bakı sərnişin qatarında terror aktı törədilib, 3 nəfər həlak olub, 20 nəfər yaralanıb. 9 fevral 1994-cü ildə Xudat stansiyası yaxınlığında ehtiyat yolda dayanan yük vaqonu partladılıb. 13 aprel 1994-cü il Dağıstan Respublikasının Daqestanskie Oqni stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılıb, 6 nəfər həlak olub, 3 nəfər yaralanıb. Həlak olanlar 74 nəfər, yaralananlar125 nəfər.
Hava nəqliyyatında törədilmiş terror aktları: 20 noyabr 1991-ci il Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - AR Milli Məclisin deputatı, dövlət katibi T.İsmayılov, baş nazirin müavini, millət vəkili Z.Hacıyev, dövlət müşaviri, millət vəkili M.Əsədov, baş prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov və V.Məmmədov, AR Prezident Aparatının şöbə müdiri O.Mirzəyev, meliorasiya və su təsərrüfat nazirinin birinci müavini Q.Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İ.Plavski, MTN-in DQMV üzrə İdarəsinin şöbə rəisi S.İvanov, DQMV Daxili İşlər İdarəsinin rəisi V.Kovalyov, DQMV Fövqəladə vəziyyət rayonunun komendantı N.Cinkin, AR dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan Respublikası Dövlət Teleradio Şirkətinin əməkdaşları - A.Mustafayev, A.Hüseynzadə və F.Şahbazov, Rusiya federasiyasından olan müşahidəçilər - general-mayor M.Lukaşov və podpolkovnik V.Koçarov, Qazaxıstan Respublikasının daxili İşlər Nazirinin birinci müavini S.Serikov və 3 nəfər ekipaj üzvü həlak olub.
28 yanvar 1992-ci il Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub. 18 mart 1994-cü ildə Xankəndi şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən İran Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulub, 34 nəfər həlak olub. Həlak olanlar 104 nəfər.
Bakı metropolitenində törədilmiş terror aktları: 19 mart 1994-cü il Bakı metropoliteninin “20 Yanvar” stansiyasında elektrik qatarında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı Sadval Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilib. 3 iyul 1994-cü il Bakı metropoliteninin 28 may - Gənclik stansiyaları arasında elektrik qatarında törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Cinayəti əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş Azərbaycan vətəndaşı Azər Aslanov törədib. Həlak olanlar 27 nəfər, yaralananlar 91 nəfər.
Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı: 08 yanvar 1992-ci ildə «Krasnovodsk-Bakı» sərnişin bərəsi partladılıb, nəticədə 25 nəfər həlak olmuş, 88 nəfər ağır yaralanıb.
Mülkü və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları: 20 sentyabr 1989-cu il tarixdə ermənilər Zod mədəninin Kəlbəcər rayonu Söyüdlü yaylağında yerləşən sahəsinə partlayıcı qurğu qoyaraq partlatmış, nəticədə bir nəfər yaralanıb və həmin dövrdə dövlətə 28929 manat ziyan vurulub. 7 oktyabr 1989-cu il Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay çayı üzərindəki körpü partladılıb. Cinayəti törətmiş Amramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilib. 4 yanvar 1991-ci ildə Sarkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi terrorçu qrup Əskəran Ağdam yolunda körpünü partladıb. Həmin qrup 1991-ci il aprelin 18-də Xocavənd rayonunda Amaras kilsəsi yaxınlığında 3 nəfər azərbaycanlı polis əməkdaşını qətlə yetirib. Cinayətkarı həbs etmək mümkün olmayıb. 4 yanvar 1990-cı ildə Naxçıvan MR-in Şərur rayonunun Sədərək qəsəbəsində şərab zavodu partladılıb, 5 yaşayış evi dağıdılıb, 6 nəfər qətlə yetirilib, 23 nəfər yaralanıb. 15 sentyabr 1990-ci il Xankəndi şəhərində Dağlıq Qarabağ Muxtar vilayətinin radio-televiziya mərkəzi partladılıb, 2 nəfər yaralanıb. Terror aksiyasını törədən şəxslər müəyyən edilməyib. 12 yanvar 1991-ci ildə «Yevlax-Laçın» avtomobil yolunun 13-cü kilometrliyində 547 saylı hərbi hissəyə məxsus «UAZ» markalı avtomaşına silahlı basqın edilib, SSRİ DİN polkovniki V.Qriqoryev həlak olmuş, əsgər O.Konovalov yaralanıb. 28 aprel 1991-ci ildə Şuşa şəhərində 2 beş mərtəbəli bina dağıdılmış, nəticədə 3 nəfər ağır yaralanıb. 11 oktyabr 1991-ci ildə Şuşa rayonun Nəbilər kəndi yaxınlığında Şuşa şəhərini içməli su ilə təchiz edən kəmər partladılıb. Həlak olanlar 10, yaralananlar 30 nəfər. Hələ yüzlərlə belə faktlar sadalamaq olar...

Uğur

Bu xəbər oxundu
- - -