Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Erməni işğalı və insanlığa qarşı törədilmiş cinayətlər Azərbaycana dərindən təsir edib”

22.09.17, 8:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Peter Tase: “Azərbaycan prezidentinin bəyanatı sülh və təhlükəsizliyin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edir”

Fikrət Sadıxov: “İşğalçı Ermənistana qarşı hələ də beynəlxalq sanksiyaların tətbiq olunmamasının səbəbi bəzi aparıcı dövlətlərin onu himayə etməsidir”

Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış etdi və Ermənistanın işğalçı olduğunu, bu dövlətin prezidentinin isə Xocalı qətliamında əli qana batan cinayətkar, qatil olduğunu bütün dünyanın gözü arşısında söylədi. Əksər ekspertlər bildirirlər ki, dövlət başçısının bu çıxışı Dağlıq Qarabağla bağlı danışıqlar prosesində presedent yarada bilər. Onu da nəzərə almalıyıq ki, məhz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən qeyd şərtsiz çıxcması barədə 4 qətnaməsi var.
Xatırladaq ki, prezident İlham Əliyev BMT-dəki çıxışı zamanı deyib: "Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.
Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər".
ABŞ-dan olan siyasi ekspert Peter Tase bildirib ki, BMT Baş Assambleyası Azərbaycan xalqının səsinin ucaldılması və suverenliyinin müdafiə edilməsi üçün çox vacib məkandır: “BMT Baş Assambleyasının sessiyalarını izləyən biri kimi deyə bilərəm ki, Azərbaycan prezidenti İlham Əliyevin çıxışı, onun məzmunu son 10 ildə dinlədiyim ən yaxşı çıxış idi”. O qeyd edib ki, erməni işğalı və insanlığa qarşı törədilmiş cinayətlər Azərbaycana dərindən təsir edib. Nəticədə Azərbaycan prezidentinin güclü bəyanatı Qafqaz regionu və dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, BMT TŞ-in qətnamələrinin pozulması tarixi faktdır: "Dağlıq Qarabağ münaqişəsi BMT-nin dünyanın təhlükəsizlik problemlərini həll etməkdə uğursuzluğa düçar olduğunu göstərən nümunədir". O qeyd edib ki, BMT-yə üzv dövlətlərin əksəriyyəti, azadlıq sevər dövlətlər Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməli və Ermənistan hakimiyyəti tərəfindən törədilən barbarlığı tənqid etməlidir. P. Tasenin fikrincə, müasir tarixdə bir sıra presedentlər var ki, bir çox dövlətlər Cənub-şərqi Avropadan Cənub-şərqi Asiya və Afrikaya qədər ərazilərdə münaqişələrin həllinə yardım edib: "Düşünürəm ki, BMT əvvəlki dövrlərdən fərqli olaraq zəifdir. Hesab edirəm ki, təşkilat qətnamə və normativ aktların tətbiq edilməsini təmin etmək üçün islahatlar həyata keçirməlidir".
Politoloq Fikrət Sadıxov deyib ki, bəzi aparıcı dövlətlər Ermənistanın başına sığal çəkir: “Azərbaycan Ermənistana qarşı hücum xarakterli diplomatiyasında daha israrlı olsa və bu istiqamətdə daha sərt addımlar atsa, BMT-də işğalçıya qarşı beynəlxalq sanksiyaların qəbuluna nail ola bilər”. Politoloqun fikrincə, işğalçı Ermənistana qarşı hələ də beynəlxalq sanksiyaların tətbiq olunmamasının səbəbi bəzi aparıcı dövlətlərin onu himayə etməsidir: "Dağlıq Qarabağ məsələsi bizim ən ağrılı problemimizdir və təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də BMT Baş Аssambleyasının sessiyasındakı çıxışını məhz bu məsələdən başladı. Qeyd edilənlər - 25 ildən çoxdur davam edən işğal, aparıcı dövlətlərin seyrçi mövqeyi, Ermənistanın torpaqlarımızda törətdikləri vəhşiliklər, beynəlxalq hüquq normalarına əməl etməməsi - hamısı həqiqətdir. Dövlət başçısı dünya ictimaiyyətinin nümayəndələrinə konkret inandırıcı faktlarla, rəqəmlərlə sübut etdi ki, əgər siz ikili standartları aradan qaldırmasanız, bu regionda təhlükəsizlik təmin olunmayacaq. Regional təhlükəsizlik isə təkcə bizə yox, bütün dünyaya lazımdır. Çünki müxtəlif neft, qaz, nəqliyyat layihələrinin hamısı Qərb dövlətləri tərəfindən də imzalanıb. Prezident İlham Əliyev Ermənistana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı mühüm ifadə işlətdi. Bu sanksiyaların tətbiq olunmasının vaxtı çoxdan keçib. Bu, olmalıdır. Lakin sanksiyaların tətbiq edilməsi BMT-dəki müəyyən mexanizmlərdən asılıdır. Artıq bu icra mexanizmləri işləməlidir. Təəssüf ki, bu sanksiyalar ona görə tətbiq olunmur ki, bir sıra aparıcı dairələr hələ də Ermənistanın başını sığallayır və qoymur ki, burnundan bir damla qan tökülsün. Biz Ermənistana qarşı hansısa addım atanda dərhal səs-küy qaldırırlar. Ona görə də həmin sanksiyaların tətbiqi və qəbul olunmuş qətnamələrin icrasına başlanması üçün Azərbaycanın ciddi hücum xarakterli ciddi diplomatik addımlara ehtiyacı var.
Hesab edirəm ki, əgər biz bu istiqamətdə sərt şəkildə, israrla, fəal işləsək, bəlkə də Ermənistana qarşı bu sanksiyalar tətbiq oluna bilər. Bizim buna nail olmağımız mümkündür. Artıq bizim başqa yolumuz yoxdur. Biz həm hücum xarakterli diplomatik addımlarımızı atmalıyıq, həm hərb gücünə onları qorxu altında saxlamalı və vaxtaşırı göstərməliyik ki, biz torpaqlarımızı azad etməyə hazırıq".
Deputatı Cavid Osmanov bildirib ki, işğalçı Ermənistan cəzasız qaldıqca, ona qarşı beynəlxalq hüquq çərçivəsində sanksiyalar tətbiq olunmadıqca Sarkisyan hakimiyyəti öz terrorçu siyasətini davam etdirir: “Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında vurğulandığı kimi, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər". Deputat bildirib ki, atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfi təxribatlarından əl çəkmir. O xatırladıb ki, belə təxribatların biri də ötən ilin aprel ayında baş vermişdi: "Amma o zaman Azərbaycan Ordusu bu təxribatların cavabını layiqincə verdi. Nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirib, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılıb, silahlı qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanıb". "Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Əgər erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Əlbəttə ki, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Bu baxımdan, Prezident İlham Əliyevin BMT-nın ali tribunasından çağırışları böyük əhəmiyyət kəsb edir və dünya ictimaiyyəti üçün ciddi mesajdır"- deyə, deputat qeyd edib.

Əli

Bu xəbər oxundu
- - -