Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həkimlərin beş il ərzində 240 kredit toplaması vacib şərtdir

25.09.17, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Həyat çox sürətlə inkişaf edir. Təbii ki, onunla eyni vaxtda tibbi biliklər də dinamik olaraq inkişaf edir və yeni biliklərlə zənginləşir. Son vaxtlar Ə. Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ölkəmizdə ilk dəfə tətbiq edilməyə başlayan davamlı tibbi təhsilə keçid də ilk növbədə zamanla ayaqlaşmaq, onun inkişafından geridə qalmamaq zərurətindən yaranıb. Yeni tədris ilində institutun sinir xəstəlikləri, anesteziologiya və reanimotologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında pilot layihəsi üzrə təkmilləşdirmə kurslarının təşkili və proqramlarının hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu aparılacaqdır.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı təhsil sisteminin tətbiqi ilə əlaqədar keçirilən “dəyirmi masa”da tibbi təhsil müəssisəsinin rektoru, professor Nazim Qasımov nazirliyin əmrinə əsasən həkimin peşəkar fəaliyyəti dövründə davamlı tibbi təhsilin kreditlər vasitəsilə həyata keçirilmə mexanizmi və zəruri miqdarın hesablanma qaydası barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar”a əsasən hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamaq üçün həkimin ölkədə və beynəlxalq səviyyədə akkreditə olunmuş elmi tədbirlərdə iştirakı, elmi jurnal, məcmuə və nəşrlər, elmi tədbirlər, qeydiyyatdan keçmiş elektron elmi nəşrlərdə dərc olunmuş məqalələri, dərslik, tədris və metodik vəsaitlərin, monoqrafiyaların hazırlanması, rezidentlərin işinin kurasıyası, seminar və treninqlərin aparılması, habelə digər tədris işlərinin həyata keçirilməsi kimi fəaliyyətləri nəzərə alınır. Davamlı tibb təhsilinin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Peşəkar fəaliyyətinin 5 ili ərzində həmin kredit normasını toplaya bilməyən tibb həkimlər sertifikasiyaya buraxılmayacaq və onun praktik fəaliyyəti dayandırılacaq.
Müstəqil fəaliyyətə isə ixtisas üzrə elmi məqalələrin və tibbi ədəbiyyatın mütaliəsi, audiovizual dinləmələr, yeni diaqnostika və müalicə metodları, tibb texnologiyaları və texnikasını mənimsəmək məqsədi ilə ölkədə və ya xaricdəki tibb müəssisələrində ixtisas təcrübəsi keçilməsi aiddir. İnstitutun prorektoru, dosent Təyyar Eyvazov isə distant təhsil sistemi barədə danışıb. Onun dediyinə görə, distant təhsilin məğzi ondan ibarətdir ki, təhsil almaq hansısa zaman və məkandan asılı olmur və dinləyici internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsini təyin ediləndən sonra ona təkmilləşmək istədiyi mövzunu seçmək təklif olunur. Təhsilin müddəti onun yığdığı bala əsasən təyin edilir. Balın miqdarı yüksək olduqca təhsil müddəti o qədər qısa olur. Təhsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və axırda test suallarının cavablandırlması aparılır. Cavablar yoxlanandan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur.

Bu xəbər oxundu
- - -