Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezidentlərin növbəti görüşü Ermənistan tərəfinin yanaşmasından asılıdır”

26.09.17, 11:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rasim Musabəyov: “Sarkisyan inadkarlıq edirsə, onunla görüşə nə ehtiyac var?”

Qabil Hüseynli: “Yalnız prezidentlər məsələyə nöqtə qoya bilərlər”


Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində passiv vəziyyət hökm sürür. Bir ara hansısa irəliləyişlərin olacağı ilə bağlı ümidlər yaransa da hazırda bu proses yoxdur. Həmsədr dövlərlərin təmilçiləri sadəcə müəyyən açqlamalar verməklə kifayətlənirlər.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaxın vaxtlarda regiona səfəri gözlənilir: “Biz münaqişə tərəflərini bir araya gətirərək münaqişənin həllinə kömək etməyə çalışırıq”.
ATƏT-in Minsk qrupunun yeni həmsədri Endryu Şefer isə yaxın həftələrdə regiona səfər edəcək. Bu barədə E.Şefer məlumat verib. O qeyd edib: "Yaxın həftələrdə həmkarlarımla - həmsədrlər İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) ilə birgə regiona səfərimi səbirsizliklə gözləyirəm". Yeni həmsədr səfərlə bağlı təfərrüatları açıqlamayıb.
Avropa Şurası ölkələri arasında münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edib. Yunanıstan parlamentində keçirilən görüşdə Dağlıq Qarabağ və Dnestryanı münaqişələrlə bağlı vəziyyət, eləcə də, Ukraynanın şərqindəki münaqişə müzakirə olunub.
İclas çərçivəsində Alt Komitənin sədri Ştefan Şennak ATƏT-in münaqişələr üzrə üç nümayəndəsi - bu il ATƏT-ə sədrlik edən Almaniyanın Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Martin Saydik və ATƏT-in Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsi Ditrix Haym ilə görüşüb.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak həm də AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
Bütün bunların fonunda isə cəbhədə gərginlik davam edir. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə,
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 152 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Xarici işlər nazirlərinin görüşündən sonra isə prezidentlərin görüş ehtimalı müzakirə olunur.
Qeyd edək ki, Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşüb.
Deputatı Rasim Musabəyov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüşü Ermənistan tərəfinin yanaşmasından asılıdır. O qeyd edib ki, artıq Serj Sarkisyanın prezidentlik müddəti bitir: "Sarkisyan inadkarlıq edirsə, onunla görüşə nə ehtiyac var? Azərbaycan prezidentinin Sarkisyanla görüşə razılıq verib-verməməsi ermənilərin ağıllanmasından asılıdır. Məsələ odur ki, bu görüşdən nə isə gözləməyə dəyər ya yox".
Politoloq Qabil Hüseynli isə deyib ki, ermənilər işğal olunmuş rayonların qaytarılması ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini paralel olaraq həyata keçirmək niyyətindədir. O bildirib ki, iki ölkə prezidentinin görüşündən əvvəl Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatın təfərrüatı tam olaraq açıqlanmır: “Amma məsələ burasındadır ki, nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarını və görüşün gedişindən razı qaldıqlarını bildirib. Nəzərə alaq ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan erməni diasporunun üzvləri ilə görüşü zamanı "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin Azərbaycana qaytarılması ilə bağlı danışıqlar getdiyini bildirmişdi. Amma ermənilərə güvənmək olmaz, onlar öz bəd əməllərindən əl çəkmirlər. Bunun BMT-nin Baş Assemblyasında Ermənistan Prezidenti Serj Sərkisyanın çıxışında bir daha şahidi olduq. O, Dağlıq Qarabağın statusunun tanınmadığı təqdirdə heç bir danışıqlardan söhbət getməyəcəyini vurğulayır”.
Politoloq qeyd edib ki, görüşün yeganə müsbət tərəfi danışıqlar prosesinin sürətlənməsidir: “Ancaq bəyanatda səsləndirilən digər fikirlər ermənilərin hər çıxışında təkrarladığı fikirlərdən başqa bir şey deyil. Onlar nə Rusiyanın imzaladığı Kazan anlaşmasının şərtlərini yerinə yetirməyin, nə də ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın səsləndirdiyi 7 rayonun qaytarılmasının tərəfdarıdır. Ermənilər ilkin mərhələdə 2 rayonun Azərbaycana qaytarılmasını, daha sonra isə prosesi mərhələli olaraq davam etdirməyi nəzərdə tuturlar. Görünür, onlar 2 rayonu qaytarmaqla, Dağlıq Qarabağın keçici də olsa, statusunu dəyişdirməyi paralel olaraq həyata keçirməyi nəzərdə tuturlar. Əlbəttə danışıqlar prosesinin başlaması, gələcəkdə prezidentlərin görüşünün təşkil olunması ilə bağlı razılığa gəlinməsi müsbət hadisədir. Amma bunun nəticələrinin necə olması ilə bağlı açıq fikir söyləmək çətindir. Çünki Dağlıq Qarabağın yekun statusu danışıqlar əsasında müəyyən edilməlidir”.
Bütün bunlara rəğmən Qabil Hüseynli əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı pozitiv xarakterli addımların atıldığını görmək mümkündür: “ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı yeni təkliflərin olduğunu və bu təkliflərin Azərbaycan və Ermənistan prezidentlərilə müzakirə edəcəklərini bildirirlər. Bildiyiniz kimi ermənilər Dağlıq Qarabağ münaqişəsinin həllində indakarlıq göstərməkdə davam edirlər. Qaytarıla biləcək rayonlarda da "2+3" variantını həyata keçirmək, yəni əvvəl 2, daha sonra isə 3 rayonumuzu işğaldan azad etmək niyyətindədirlər. Bunun əvəzində isə Dağlıq Qarabağa keçici status istəyirlər. Bütün bunlar detallarına qədər müzakirə olunacaq məsələlərdir".
Həmsədrlərin oktyabr ayında regiona səfəri məsələsinə gəlincə Q.Hüseynli bu səfərdən sonra Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü baş tuta biləcəyini dilə gətirib: "Çünki ortada masa üzərinə qoyula biləcək nələrsə var. Bütün bunlar tam şəkildə açıqlanmasa da, hər halda sülh prosesini irəliyə aparacaq məsələlərin olduğu şübhə doğurmur".
Ermənistana qarşı güclü təzyiqlərin olduğunu dilə gətirən politoloq bildirib ki, artıq problemin həllində ABŞ çox sərt mövqe nümayiş etdirərək işğal altında olan 7 rayonun dərhal qaytarılmasını istəyir: "Rusiya da 5 rayonun qaytarılması məsələsində təkid edir. Bu baxımdan hazırda Ermənistan tərəfi müqavimət göstərsə də, bu cəhdi yalnız bir nöqtəyə qədər ola bilər. Hesab edirəm ki, belə bir məqamda dövlət başçılarının görüşünün keçirilməsi vacibdir. Yalnız prezidentlər məsələyə nöqtə qoya bilərlər".

Əli

Bu xəbər oxundu
- - -