Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Naxçıvanda sahibkarlığın inkişafına şərait yaradılır

26.09.17, 11:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1233 layihəyə güzəştli şərtlərlə 135 milyon manat kredit ayrılıb
Muxtar respublikada sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətin prioritetlərindəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilib.
Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılıb, sahibkarların vergi yükü azaldılıb, elektron xidmətlərin tətbiqi genişləndirilib, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunub. Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi artaraq 87 faizi ötüb.
31 yeni hüquqi şəxs qeydiyyata alınıb
Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi tədbirlərinin nəticəsidir ki, son zamanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında artım müşahidə edilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ilin ötən dövründə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 31 yeni hüquqi şəxs qeydiyyata alınıb.
Bu gün dövlət tərəfindən özəl sektorun hərtərəfli dəstəklənməsi məqsədilə müxtəlif yardım və təşviq mexanizmləri tətbiq edilir. Belə mexanizmlərdən biri də muxtar respublikanın İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Fondudur. Fond müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət xidməti göstərir.
Sahibkarlığa Kömək Fondu tərəfindən 14 layihə maliyyələşdirilib
Güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkarlıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artıb, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, bu ilin ötən dövründə Sahibkarlığa Kömək Fondu tərəfindən 14 layihənin maliyyələşdirilməsi üçün 389 min 600 manat həcmində kreditdən istifadə edilib. Verilən kreditlər iqtisadiyyatın bir çox sahələrinin inkişafında mühüm rol oynayıb. Müxtəlif sənayeyönümlü 3 layihənin maliyyələşdirilməsinə 155 min manat yönəldilib.
Kreditlər daha çox kənd təsərrüfatına ayrılıb
Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilmiş layihələr kənd təsərrüfatı sahəsini də əhatə edib. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunub. Burada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülüb, təminatda başlıca rol oynayan kənd təsərrüfatında 11 layihənin maliyyələşdirilməsinə 234 min 600 manat yönəldilib.
Sahibkarlığa Kömək Fondunun xətti ilə bu günə qədər 1233 layihə üçün, ümumilikdə, 134 milyon 593 min 882 manat güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər daha çox kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılıb. Həmin vəsait hesabına on minlərlə iş yeri, yüzlərlə müəssisə yaradılıb, bir sözlə, özəl sektorun inkişafı üçün yeni imkanlar açılıb.
Gənc sahibkarların sayının artması müşahidə edilir
Muxtar respublikada qadınların və gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın və gənc sahibkarların sayının artması müşahidə edilir. Qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına Sahibkarlığa Kömək Fondu tərəfindən də dəstək göstərilir. Bundan başqa, fond tərəfindən keçirilən tədbirlərdə, o cümlədən maarifləndirici treninqlər və nümunəvi investisiya layihələrinin təqdimatında gənclərin və qadın sahibkarların iştirakı təmin edilib, onlara investisiya layihələrinin hazırlanmasında metodik kömək göstərilib.
Bu ilin ötən dövründə işgüzar əlaqələrin inkişafı və sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər davam etdirilməkdədir.
Biznes-forum, sərgi və digər beynəlxalq tədbirlər...
Ölkə daxilində və xaricində təşkil edilən müxtəlif tədbirlər muxtar respublikanın biznes mühitinin və iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin daha da genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsulların satışının dəstəklənməsinə xidmət edir. Bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes-forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər muxtar respublikanın biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər iqtisadiyyatın prioritet sahələrinə investisiya qoyuluşunun artmasında, sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində öz müsbət təsirini göstərməkdədir. Keçirilən biznes-forumlar, yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2017-ci ilin ötən dövrü ərzində Çexiya, Almaniya, Türkiyə, Gürcüstan, Belarus, İtaliya, İran, Ukrayna, Fransa, Finlandiya, Latviya, Rusiya, Macarıstan və Polşa kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 17 biznes-forum, sərgi və digər beynəlxalq tədbirdə muxtar respublikadan 89 sahibkarlıq subyektinin 103 nümayəndəsinin iştirakı təmin edilib.
Keçirilmiş sərgilərdə muxtar respublikanın son illərdə əldə etdiyi uğurlar, o cümlədən sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, turizm, tikinti və digər sahələrdə qazandığı nailiyyətlər nümayiş olunub.
Müəyyən olunmuş sahələr üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Koreya Respublikası və Çin Xalq Respublikasında keçirilən seminarlarda nazirliyin 5 əməkdaşının iştirakı təmin edilib.
Sahibkarların maarifləndirilməsi
Özəl sektorun inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodik kömək göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə Naxçıvan Biznes Mərkəzi tərəfindən bir çox treninq, konfrans və seminarlar keçirilir, muxtar respublikanın sahibkar və gənc menecerlərinin iştirakı ilə kurslar təşkil edilir. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri haqqında məlumatların asan əldə olunması, onların əlaqələrinin genişləndirilməsinin təşviq edilməsi məqsədilə rəqabətqabiliyyətli məhsul istehsalçıları haqqında məlumatları əks etdirən kataloqlar hazırlanaraq çap edilib.
Muxtar respublikada 442 sənaye müəssisəsi yaradılıb
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir. İqtisadiyyat Nazirliyinin məlumatında qeyd edildiyi kimi, son illərdə muxtar respublikada 442 sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 371 növdə məhsul istеhsаl оlunması, 344 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi sahibkarlığın inkişafına yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir.
Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin həcmi bundan sonra daha da artırılacaq. Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcək.

Bu xəbər oxundu
- - -