Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AFFA “Qəbələ”ni cərimələdi

27.09.17, 12:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının VI turunda baş verənlərlə bağlı qərarlar qəbul olunub. “Qarabağ” – “Sumqayıt” matçında meydandan qovulan Markos Madera 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. “Zirə” – “İnter” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb. Matçın 43-cü dəqiqəsində qırmızı vərəqə alan İlkin Qırtımov 1 oyun kənarlaşdırılıb, komandası 200 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “İnter”in məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb və paytaxt təmsilçisini 4000 manat xərcə salıb. “Səbail” – “Kəpəz” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəməli olacaq.
“Qəbələ” – “Neftçi” görüşündə baş verənlər də diqqətdən kənar qalmayıb. Matç başa çatdıqdan sonra “Qəbələ” klubunun futbolçuları Stiven Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib və legioner öz komanda yoldaşına əllə zərbə endirib. “Qəbələ” İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq ona veriləcək cəzanın azaldılmasını xahiş edib.
Bunları nəzərə alan İntizam Komitəsi aqressiv davranışına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşan Monrozu 4 oyun cəzalandırıb. Klub isə 3200 manat cərimə olunub. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Bu xəbər oxundu
- - -