Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Mövqeyimizi möhkəmləndirəcəyik”

27.09.17, 13:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vüsal Qaslmlı: “Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəliləməsi digər hesabatlara da müsbət təsir edəcək”

"Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması digər nüfuzlu reytinqlərdəki mövqeyimizə də müsbət təsir edəcək".
Bunu APA-ya açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Azərbaycan 12 indikatorun 9-u üzrə irəliləyib. Ən ciddi irəliləyiş "Biznesin mürəkkəbliyi" indikatoru üzrə baş verib. Belə ki, Azərbaycan 60-cı yerdən 40-cı yerədək irəliləyib. Digər ən çox irəliləyiş baş verən sahə "Əmtəə bazarının səmərəliliyi"dir. Burada biz 19 pillə irəliləyərək 31-ci yerə çatmışıq. Üçüncü yerdə "İnstitutlar" indikatorudur. Burada bizim irəliləyişimiz 15 pillə olub və Azərbaycan 33-cü yerdə qərar tutub. Geriləmə cəmi 2 indikator üzrə olub. Bunlar makroiqtisadi və texnoloji amillərdir. Texnoloji amil üzrə geriləmə çox cüzi olub – 55-ci yerdən 56-cı yerə enmişik. Amma makroiqtisadi mühit üzrə 39-cu yerdən 65-ci pilləyədək geriləmişik. Bunun əsas səbəbi xarici şokların, xüsusilə də neftin ucuzlaşmasının və ölkəmizin əsas ticarət tərəfdaşlarının iqtisadiyyatında baş verənlərin Azərbaycana neqativ təsir etməsidir. Xüsusi olaraq inflyasiyanın səviyyəsini qeyd etməliyəm. Dünya İqtisadi Forumunun bildirdiyinə görə, hesabat hazırlanan zaman Azərbaycanda inflyasiya 12,4% olub ki, bu da ciddi rəqəmdir. Ümumilikdə isə Azərbaycan öz mövqelərini yaxşılaşdırıb", - deyə icraçı direktor qeyd edib.
"Beyin mərkəzi"nin rəhbəri əlavə edib ki, Azərbaycanın reytinqdə 2 pillə irəliləməsi həm kəmiyyət, həm də keyfiyyət baxımından irəliləyiş hesab oluna bilər: "Kəmiyyət nöqteyi-nəzərdən yanaşsaq, biz reytinqdə 2 pillə irəliləmişik. Digər tərəfdən isə Azərbaycan reytinqdə keyfiyyətli şəkildə irəliləyib. Bu isə bizim gözləntilərimizə uyğundur. Azərbaycan 12 indikatorun 9-u üzrə irəliləyib. Bu, keyfiyyətli irəliləyiş göstəricisidir".
Vüsal Qasımlının sözlərinə görə, Azərbaycanın "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda irəliləməsi digər hesabatlardakı, xüsusilə də "Doing Business" hesabatındakı mövqeyinə müsbət təsir edə bilər. "Bu hesabatların tərtibi zamanı Qlobal Rəqabətlilik Hesabatına istinad olunur. Böyük ehtimalla, biz "Doing Business" hesabatında da mövqeyimizi möhkəmləndirəcəyik", - deyə o qeyd edib.

Bu xəbər oxundu
- - -