Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dağlıq Qarabağ probleminin həlli bu gün beynəlxalq siyasətin gündəliyində duran əsas məsələlərdən biridir”

28.09.17, 10:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Mirzəzadə: “Bu da ilk növbədə Azərbaycanın səyi nəticəsində olub”

Elxan Şahinoğlu: “Ermənistan danışıqların imitasiyası ilə məşğul olur”

ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə həmsədrlərin yeni təkliflərlə çıxış etdiyi və hazırda bu təkliflər üzərində müzakirələr aparıldığı bildirilir. Mətbuatda verilən xəbərlərə görə, Azərbaycan bəzi təkliflərə razılığını verib və Azərbaycanın maraqlarına uyğun təkliflər olduğu deyilir. Belə olduqda prezidentlərin görüşü məsələsi yenidən gündəmə gəlir. Amma Prezident İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib və görüş zamanı Dağlıq Qarabağ münaqişəsindən də danışılıb. İlham Əliyev Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib. Bu vəziyyətdə Prezidentlərin görüşüb görüşməyəcəyi sual doğurur.
Həmçinin NATO-Azərbaycan əlaqələri və münaqişənin bu kontekstə dəyələndirilməsi də müxtəlif zamanlarda müzakirə olunub. NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərindən sonra bu məsələ bir daha gündəmə gəlib.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Dağlıq Qarabağ probleminin həlli bu gün beynəlxalq siyasətin gündəliyində duran əsas məsələlərdən biridir: “Bu da ilk növbədə Azərbaycanın səyi nəticəsində olub. Bildiyiniz kimi dünyada Dağlıq Qarabağ kimi məsələlər çoxdur. Amma zamanında Ulu Öndər Heydər Əliyev və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün beynəlxalq təşkilatlar, böyük dövlətlər gündəlik bu məsələ ilə məşğuldurlar”. ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirildiyini xatırladan deputat söyləyib ki, ortada həmsədrlərin yeni təklifləri müzakirə edilir: “Mətbuatda verilən xəbərlərə görə, Azərbaycan bəzi təkliflərə razılığını verib. Əgər belədirsə, o zaman demək ki, Azərbaycanın ərazi bütövlüyünü nəzərə alan müəyyən təkliflər var. Çünki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə ancaq Ermənistan qoşunlarının işğal altında olan torpaqlarımızdan çıxarılmasında görür”. Həmsədrlərin oktyabr ayında regiona səfərinə toxunan deputat əlavə edib ki, XİN başçılarının son görüşündə xırda da olsa nəticə əldə olunubsa, onun ardınca digər addımların atılması da mümkündür: “Həmsədrlər yəqin ki, təkliflərini həm Azərbaycan, həm də Ermənistan prezidentinə təqdim etmək və bu məsələlərin müzakirə edilməsi üçün tərəflərin görüşünü təşkil etmək istəyərlər. Əgər həmin görüşlərdə müəyyən nəticələr əldə etmək mümkün olarsa, Azərbaycan o görüşə gedəcək, əks halda, ölkəmiz görüş naminə görüşün tərəfdarı deyil”. A.Mirzəzadə qeyd edib ki, Ermənistan qoşunları işğal altında olan torpaqlarımızdan çıxarmalı, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır: “Düşmən ölkə anlamalıdır ki, Azərbaycan onların istənilən təxribatına sərt cavab verəcək. Bütün bu məsələlər Azərbaycanın gücünü və siyasi nüfuzunu göstərir. Azərbaycan Prezidenti də BMT tribunasında çıxışı zamanı ölkəmizin mövqeyini bir daha ortaya qoymuş oldu və ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün prinsipal mövqeyini açıqladı”
”Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Prezident İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edərkən Ermənistan tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu və bu prosesin dayandırılması üçün əlindən gələni etdiyini bildirib: “Prezident İlham Əliyevin bu sözləri ondan xəbər verir ki, Ermənistan danışıqların imitasiyası ilə məşğul olduğundan onun erməni həmkarı Serj Sərkisyanla görüşmə ehtimalı azdır”.
“Atlas” sədri qeyd edir ki, halbuki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nyu Yorkda verdikləri birgə açıqlamada il ərzində Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istədikləri bildirilmişdi: “Ceyms Appaturay İlham Əliyevdən sonra müdafiə naziri Zakir Həsənovla görüşdü. Bu görüşdə də NATO rəsmisi Azərbaycanla əməkdaşlığın xeyrinə iki fikir bildirdi.
Birinci fikir: NATO-nun Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avroatlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir.
İkinci fikir: NATO birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə siyasi dəstək verir.
Ceyms Appaturayla Zakir Həsənov arasında keçirilən görüşdə Azərbaycanla NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan NATO-nun bir sıra hərbi təlimlərində iştirak edir, digərlərində yox. NATO rəhbərliyi Azərbaycanın təlimlərdə daha fəal iştirakını istəyir. Ceyms Appaturayın tez-tez Azərbaycana səfərlərinin məqsədi məhz NATO ilə Azərbaycan arasındakı əməkdaşlığı dərinləşdirməkdir. O Azərbaycan hakimiyyətini inandırmağa çalışır ki, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi və hərbi təlimlərdə iştirak Azərbaycanın öz təhlükəsizliyinin artırılması üçün də vacibdir”.
Ekspert qeyd edir ki, əgər rəsmi Bakı Azərbaycan ordusunu NATO standartlarına yaxınlaşdırmaq istəyirsə Şimali Atlantika bloku ilə əməkdaşlığı genişləndirməlidir: “Bu Azərbaycanın təhlükəsizlik maraqlarına da cavab verir. Doğrudur, Rusiya NATO-nun Cənubi Qafqazdakı fəaliyətindən narahatdır. Məsələn, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ötən həftə deyib ki, NATO-nun Qafqaz regionunda, xüsusən də Gürcüstanda fəallaşması Rusiya üçün təhlükəlidir. Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili isə buna cavab olaraq deyib ki, Gürcüstanın NATO-ya inteqrasiyası heç bir dövlət üçün təhlükə yaratmır. Eləcə də Azərbaycanla NATO arasındakı əməkdaşlıq Rusiyanın əleyhinə yönəlməyib. Digər tərəfdən Gürcüstandan fərqli olaraq Azərbaycan qarşısına NATO-ya üzv olmaq kimi hədəf də qoymayıb.
Bu arada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri “TurAz Qartalı-2017” birgə taktiki-uçuş təlimlərini həyata keçirirlər. Təlimlərin sonrakı mərhələsini Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli də izləyəcək. “TurAz Qartalı-2017” birgə taktiki-uçuş təlimləri mütəmadi olaraq keçirilir. Türkiyə NATO-nun əsas üzv ölkələrindəndir. Ona görə də Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında artan əlaqələr və artan birgə hərbi təlimlər NATO-nun da xeyrinədir”.
Deputat Elman Nəsirov vurğulayıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabrın əvvəlində regiona səfərinin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdir. Millət vəkili qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir və münaqişənin dinc yolla həlli ideyasını müdafiə edir:”Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, bizə substantiv danışıqlar lazımdır, danışıqlar naminə danışıqlar lazım deyil. Bu dövlətimizin dəyişməz siyasətidir və bu siyasət də müdafiə olunur”. E. Nəsirov əlavə edib ki, Ermənistan prezidentinin mövqeyində isə münaqişənin həlli ilə bağlı pozitiv dəyişikliyin şahidi olmamışıq: “Xüsusilə Serj Sarkisyanın BMT kürsüsündəki sonuncu çıxışından məlum oldu ki, o ötən əsrin 80-ci illərinin ab-havasından xilas ola bilməyib. Azərbaycan prezidenti BMT-də Ermənistan prezidenti ilə bağlı kəskin mövqe ortaya qoydu. Ermənistanın işğalçı siyasətinin mahiyyətini beynəlxalq ictimaiyyət qarşısında açdı, onun hərbi cani olduğunu qeyd etdi”.
Deputatın fikrincə, münaqişənin həlli ilə bağlı Ermənistan tərəfinin mövqeyində konstruktiv dəyişiklik yoxdur. E. Nəsirov hesab edir ki, Ermənistanın mövqeyində pozitiv dəyişiklik olmasa, danışıqlara getmək qəlizləşə bilər: “Bu aydındır ki, danışıqlar prosesi labüd olanda Ermənistan təxribatlara əl atır. Bir çox halda hərbi insidentlər baş verir. Bəzən danışıqlardan sonra Ermənistan növbəti təxribatlara əl atır ki, danışıqlarda əldə edilmiş müəyyən kövrək nəticələr belə təsdiq edilə bilməsin”.
Deputat hesab edir ki, həmsədrlər bundan nəticə çıxarmalıdır və Ermənistana münasibətdə təsir, təzyiq mexanizmlərini işə salmalıdırlar: “Prezident İlham Əliyev BMT-də bəyan etdi ki, Ermənistana qarşı cəza, təsir, təzyiq mexanizmi işə salınmayanda illüziya formalaşır ki, o cinayət törədə bilər və bu cəzasız qalacaq. E. Nəsirov qeyd edib ki, bu siyasətə son qoyulmalıdır.

Əli

Bu xəbər oxundu
- - -