Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“BTQ dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən bir layihədir”

28.09.17, 11:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Xeyli vaxt idi ki, bu layihənin üzərində iş gedirdi. Bakı-Tiflis-Qars dəmir yolu xətti Avropanı Asiya ilə birləşdirən bir layihədir. Şərqdən Qərbə yüklərin daşınması üçün bu dəmiryolu xəttinin çox böyük əhəmiyyəti var”. Bu fikirləri millət vəkili Vahid Əhmədov bildirib: “On milyonlarla yükü daşımaq iqtidarında olan bir xətdir. Bu projenin gerçəkləşməsində əsas inhisator Azərbaycan dövlətidir. Əsas təşəbbüskarı isə cənab prezident İlham Əliyevdir. Hətta Gürcüstanın vəsaiti olmayanda maliyyə tərəfdən də kömək edildi ki, bu layihə tezliklə gerçəkləşsin. Dünən BTQ-nin təftişdən, yoxlamdan keçdi və istismara hazır olduğu bildirildi. Düzdür, hələ ki, açılışı olmayıb. İstərdik ki, Açılışı da Bakıda olsun. Cənab prezident açılışı şəxsən özü etsin. Çünki bu layihənin reallaşmasında onun əməyi hamıdan çoxdur. Dünənki mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstanın dəmiryol rəhbərləri iştirak etdilər. Çoxdan gözlədiyimiz Bakı-Tiflis-Qars dəmiryol xətti artıq açılışa hazırdır. Çox əhəmiyyətli bir layihədir. Azərbaycan iqtisadiyyatına yüz milyonlarla dollar gəlir gətirən bir proyektdir”. Bəs on milyonlarla dolların xərcləndiyi və Azərbaycanın maliyyə donorluğu etdiyi bu layihə hansı müddətə ölkəyə xeyir gətirəcək? Vahid Əhmədovun sözlərinə görə, bu o qədər də gec baş verməyəcək. Millət vəkili onu da vurğulayıb ki, tezliklə gələn gəlir çəkilən xərci üstələyəcək: “Bu layihəyə qoyulan xərclər dörd-beş il müddətinə öz bəhrəsini verəcək. Həmin müddətdən sonra gələn gəlir qazanc hesab olunacaq. Bu layihənin ərsəyə gəlməsi müəyyən kreditlər hesabına başa gəlib. Layihənin təşəbbüskarı kimi onun üzərində ən çox əziyyəti də Azərbaycan dövləti çəkib. Elə buna görə də açılışın Bakıda keçirilməsinin tərəfdarıyam. Tez bir zamanda bu layihə çərçivəsində gəlirlər xərcləri üstələyəcək. Qeyd etdiyim müddətdən sonra əsas gəlir gətirən sahələrimizdən biri də dəmiryol olacaq. Ən əsası, Azərbaycan bu layihə ilə bölgədə nəqliyyat dəhlizi sistemində ön plana çıxır. Bu ölkəmiz üçün olduqca əhəmiyyətli hadisədir. Digər ölkələr üçün də Azərbaycan əhəmiyyətli bir dövlətə çevriləcək”.
Vahid Əhmədov deyir ki, BTQ dəmiryol xətti layihəsi həm də “Böyük İpək Yolu”nun bir hissəsi olduğu üçün əhəmiyyətlidir:
“Bu layihədən təkcə Orta Asiya dövlətləri yox, eyni zamanda Rusiyanın da istifadə edəcəyini düşünürəm. Digər Asiya ölkələri də öz yüklərini Avropaya çatdırmaq üçün Bakı-Tiflis-Qars dəmiryol xəttindən istifadə edəcəklər. Layihə istifadəyə verildikdən sonra əsas məqsəd diaqnostik mərkəzin yaradılmasıdır. Bu texniki məsələlərin həlli üçün mütləq olmalıdır. Bu layihənin normal işləməsi üçün müəyyən konteynerlərin, yük qatarlarının alınması nəzərdə tutulur”.

Bu xəbər oxundu
- - -