Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dövrənin son turu: liderlər üz-üzə!

28.09.17, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabrın 29-da Azərbaycan Premyer Liqasında VII turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turun görüşləri ilə çempionatın I dövrəsinə yekun vurulacaq. Bir qarşılaşması təxirə salınan dövrənin ardından milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. Qısa fasiləyə hansı komandanın zirvədə yollanacağına VII turun son matçı aydınlıq gətirəcək. Belə ki, dövrəyə liderlər arasında mərkəzi oyunla yekun vurulacaq. Startda 5 qələbəni sıralayan, ümumilikdə isə ardıcıl 8 matçda qalib gələn “Qarabağ” “Zirə” ilə görüşə də 3 xal üçün çıxacaq.
Çempionlar Liqasında işləri yaxşı getməyən Ağdam təmsilçisi cari mövsümdə uduzmayan qəsəbə klubunu da itkisiz keçməyə iddialıdı. Qurban Qurbanovun yetirmələri zirvədəki yerini heç-heçə ilə də qoruyacaq. Bakılılar isə liderliyi qaytarmaq üçün mütləq qalib gəlməlidi. Bunun üçün Ayxan Abbasovun yetirmələri tarixində ilk dəfə “Qarabağ”ı xalsız qoymalıdı.
Turun ilk oyununda isə Bakı klubları üz-üzə gələcək. Paytaxt derbisində “İnter” “Neftçi”ni sınağa çəkəcək. 3 matçdı xala, 8 oyundu qələbəyə həsrət qalan sonuncular mövsümdə ilk dəfə qalib gəlməyə çalışacaq. Tərlan Əhmədovun gəlişindən sonra eyni – 1:2 hesablı 2 məğlubiyyət alan ölkənin ən titullu klubu autsayderdən uzaqlaşmaq üçün 3 xal əldə etməlidi. Ardıcıl 2 heç-heçə ilə liderlərdən uzaq düşən Zaur Svanadzenin komandası isə 4-cü pilləni də itirməmək üçün derbidən qalib ayrılmalıdı.
Turun ilk gününün digər matçı Qəbələdə keçiriləcək. “Kəpəz”in stadionunda yenidənqurma işləri aparıldığından Gəncə klubu bu dəfə “Qəbələ”nin qonağı olacaq. Ardıcıl 3 məğlubiyyət alan qərblilər xal həsrətini dayandırmaq niyyətindədi. Hər turdan sonra gündəmə gələn Şahin Diniyevin istefasını təxirə salmağa çalışacaq qonaqlar “qırmızı-qaralar”ın təzyiqinə tab gətirməlidi. Çünki ardıcıl 2 qələbə qazanan Roman Qriqorçukun yetirmələri 15 matçdı evdə meydanı qolsuz tərk etmir. Meydan sahiblərinin növbəti dəfə fərqlənməsindən sonra qol vurmaqda çətinlik çəkən gəncəlilərin durumu ağır olacaq.
“İnter”in büdrəməsini gözləyən komandaların dueli “Dalğa Arena”da keçiriləcək. 4-cü pilləni ələ keçirmək, həm də autsayderlərdən uzaqlaşmaq əzmində olan “Sumqayıt”la “Səbail” 3 xal üçün döyüşəcək. İki matçdı qələbə görməyən sumqayıtlılar seriyanı səfərdə qırmağa çalışacaq. Samir Abasovun yetirmələri bununla da avrokuboklar uğrunda mübarizə aparmaq iddiasını göstərəcək. Premyer Liqada heç-heçəsi olmayan debütantın baş məşqçisi Samir Əliyevi də yalnız qələbə qane edəcək. Çünki ehtiyatda da bir oyunu olan “Səbail” qələbə ilə hətta liderlər qrupuna yaxınlaşacaq. Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 13-15-də keçiriləcək.

Bu xəbər oxundu
- - -