Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Futbolçunu ayağa qaldırmaq üçün ona şans vermək lazımdır”

29.09.17, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ağasəlim Mircavadov: “Qarabağ”ın qrupu dəhşətli deyil”

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”ın Çempionlar Liqasının II turunda “Roma” ilə oyundakı (1:2) çıxışını bəyəndinizmi?
- Oyundan razı qaldım. Komanda ikinci hissəni tam özünəoxşar şəkildə keçirdi, qol vəziyyətləri yaratdı. Amma fərdi səhvlərə görə, qollar buraxdı. Həmin səhvləri yığmalarımızın timsalında da görürük. Standart vəziyyətlərdən çox qollar buraxırıq. Bu səhvlər olmasaydı, “Qarabağ” “Roma”dan xal ala bilərdi. Komandamız “Çelsi” ilə görüşdə daha çox təzyiqlə üzləşmişdi. İngilislər orta xətdəki böyük pressinqin hesabına qollarını vurmuşdular. “Roma”da isə bu yox idi. İtalyanlar ağır oynayırdılar.
- Əksəriyyət qapı xəttində son vaxtlar kobud səhvlərlə yadda qalan İbrahim Şehiçin yox, Anton Kanibolotskinin yer alacağını gözləyirdi. Siz də bu fikirdə idiniz?
- Heyətlə bağlı nəsə deməyə ixtiyarım yoxdu. Şehiçlə “Qarabağ”da Elxan Həsənov işləyir. Kimin daha yaxşı hazır olduğunu o bilir və baş məşqçiyə deyir. Görünür, Qurban Qurbanov Şehiçin daha təcrübəli olduğunu və cəld olduğunu nəzərə alaraq ona inanıb. Düzdü, son vaxtlar çox səhvlərə yol verir. Sanki bəzən oyununu itirir. Amma futbolçunu ayağa qaldırmaq üçün ona şans vermək lazımdı. Məncə, Qurbanov da bunu nəzərə alaraq onu meydana buraxıb ki, özünə gəlsin. Adətən belə hallarda futbolçu özünə gəlir və daha yaxşı oyun göstərməyə başlayır.
- Böyükağa Hacıyev saytımıza müsahibəsində “Qarabağ”ın heyətində Çempionlar Liqası səviyyəsində oyunçu yoxdu”, deyib. Bu fikirlə razısınızmı?
- Mən belə deməzdim. Düzdü, Çempionlar Liqasının səviyyəsi başqadı. Amma belə baxanda “Roma” xoşuma gəlmədi. Adlı-sanlı futbolçuları çoxdu. Daniele De Rossi kimi oyunçu da heyətdədi. Ancaq görün, hansı vəziyyətdədi ki, ehtiyatda qalmışdı. Hər məşqçinin öz fikri var. Böyükağa Hacıyevin sözlərinə hörmətlə yanaşıram. Çempionlar Liqasında komandanın uğurlu çıxış etməsi həm də istəkdən asılıdı. Oyunçu öz xarakteri hesabına da komandasını çətin durumdan çıxara bilər.
- “Qarabağ” qrupda keçirəcəyi növbəti 4 oyunun hansındasa xal qazana bilərmi?
- Gəlin, belə danışaq. “Qarabağ” Çempionlar Liqasının qrupuna çıxmaqla çox iş gördü. Bunun söhbəti yox. İndi istəyirik ki, “Qarabağ” “Çelsi”yə qalib gəlsin, “Roma”dan, “Atletiko”dan xal alsın. Belə olmur axı. Unutmayaq ki, Azərbaycan klubu ilk dəfədi bu turnirin qrup mərhələsinə adlayıb.
- Üstəlik, debütdə bu cür ağır qrupa düşüb...
- Mən deyərdim ki, çox da dəhşətli qrup deyil. Hamısı oynayan klublardı. Srağagün “Çelsi” ilə “Atletiko” arasındakı oyuna baxdım. “Çelsi” ispanlara qarşı fərqli futbol göstərdi. “Atletiko” ilə “Roma”nın da matçını seyr etmişdim. “Atletiko” təkqapıya oynasa da, qol vura bilməmişdi. Yəni hər komanda istəyir ki, öz imicini qorusun. Bu mənada “Qarabağ” da imkanı daxilində oynayır. “Çelsi”, “Roma” və “Atletiko” kimi nəhəngləri Bakıya gətirdiyi üçün bu komandaya təşəkkür etməliyik.
- Bu gün ölkə çempionatında ilk dövrənin son turuna start veriləcək. Geridə qalan 6 turu necə xarakterizə edərdiniz?
- “Qarabağ” öz oyununu göstərir. “Qəbələ” avrokubokla müqayisədə çempionatda bir qədər zəif təsir bağışlayır. Bu da heyətdə olan dəyişikliklərlə əlaqədardı. “Qəbələ” Avropa Liqası matçlarında 2 azərbaycanlı ilə oynayırdısa, çempionatda daha çox yerli futbolçuya şans vermək məcburiyyətindədi. Belə başa düşürəm ki, çempionluq mübarizəsi yenə bu iki klub arasında gedəcək. “Zirə” də onlara problem yarada bilər.
- Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçi postuna keçidindən sonra komandanın oyununda irəliləyiş müşahidə olunsa da, nəticədə bir dəyişiklik yoxdu. Sizcə, sabiq yetirməniz “Neftçi”ni bu durumdan çıxara biləcəkmi?
- Tərlana bir qədər vaxt lazımdı. Oyunçuları yerbəyer etməlidi. Buna görə də zamanda ehtiyacı var. Onun ixtiyarında “Neftçi”yə layiq futbolçular olmalıdı. Yalnız bu halda komanda öz oyununu göstərə bilər. Məlum məsələdi ki, “Neftçi”də problemlər var. Amma bunu Əhmədov daha yaxşı bilir. Biz isə kənardan seyr edirik. Tərlan hazırda problemlərin üzərində işləyir. Dediyim kimi, ona vaxt verilməlidi.

Bu xəbər oxundu
- - -