Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ƏSL SOYADI KUYUMÇU OLAN RƏSSAM KUİNCİ

02.10.17, 9:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1768-1774-cü illərin Rus-Türk müharibəsi hələ bitməmişdi. Yekaterinanın göstərişi ilə qubernator Çertkov 1770-ci ildə Kalçık çayı (rus tarixi mənbələrindən Kalka adı ilə tanıdığımız çay) vadisindəki qədim türk qalası, müharibələrin dağıtdığı Kalçıkın xarabalıqları üzərində şəhər salır. Tarixlərə düşən Kalka vuruşu bu Qıpçaq torpaqlarında - Kalçık çayının sahilində 1223-cü il mayın 31-də baş vermişdi. Qıpçaq qoşunu öz müttəfiqi rus qüvvələri ilə birlikdə Cəbə və Subutay bahadırın komandanlığı altında monqol-tatar qoşunu ilə qarşı-qarşıya gəlmişdilər. Qıpçaq-rus birləşmiş qüvvələri bu döyüşdə yenilmişdilər. Yenə burada, fəqət 150 ildən də bir qədər artıq vaxt sonra Qızıl Ordanın qanuni həqiqi hakimi qüdrətli Toxtamış xanla Kulikovo çölündəki döyüşdə yenilmiş Mamay arasında sonrakı döyüş də bu çayın sahilində, həmin yerdə 1380-ci ildə baş vermişdi.
Bir quru dövləti kimi tanınan Rusiyanın dənizlərə çıxmaq planında ilk hədəf Baltik və Qara dəniz idi. Qara dənizin yolunda Azov dənizi (əsl adı Azak) dururdu. Azak dənizini Pyotr iki hərbi yürüş nəticəsində əldə etmişdi. Pyotrun 1696-cı ildə istila etdiyi Azak dənizi və üstündəki hərb qalaları 1711-ci ildə Rus dövlətinin məğlubiyyətini təsdiqləyən Prut sülhünün şərtlərinə görə Türkiyəyə qaytarıldı. II Yekaterinanın böyük vüsətlə apardığı ardıcıl Rus-Türk müharibələri gedişində 1770-ci ildə Azak və sahilləri birdəfəlik istila olundu.
Bu torpaqlar istila olunan kimi bu yerləri xristianlaşdırmaq və yerli türkləri zəiflətmək məqsədilə Azak dənizi boyundakı Kalçık şəhərinə yunanlı və erməni ailələri, həmçinin kazaklar köçürülür. Yenidən məskunlaşdırılan bu şəhərin əsl adına etina edilmədən Yekaterinanın oğlu, gələcək rus çarının şərəfinə Pavlovsk adlanır. Lakin yeni istila olunan Kırımı və ona bağlı olan əraziləri, yaxın keçmişin türk torpaqlarını Yunan vilayətinə çevirmək istəyən Yekaterina şəhərə Mariupol yunan adı verir.
Rus mənzərə rəssamı Kuinci Arxip İvanoviç 1842-ci ildə Azov (əsl adı Azak) dənizi sahillərində Kalçık çayı ağzında əsl adı Kalçık olan, sonra adı dəyişdirilərək Mariupol qoyulan, indiki Jdanov şəhərində doğulub. Kuincinin ailəsi burada Yemençilər ləqəbi ilə tanınırdı. Atası çəkməçiliklə məşğul idi. Yemençi türkcə "çəkməçi" deməkdir. Gələcək rəssam 15 yaşına kimi doğum şəhadətnaməsində rəsmən Yemençi oğlu soyadı ilə göstərilirdi. Yemençilər ailəsi şəhərin Karasevka məhəlləsində yaşayırdılar. Yaşlılar hələ də öz məhəlləsinə Karasu deyirdilər. Onlar hələ 1738-ci ildə General Minixin fəth edib dağıtdığı Kırımın Karasu Bazar şəhərindən köçürülüb gətirilmişdilər. Karasu Bazar şəhərinin indiki adı Beloqorskdır. Kırımın minlərlə adı kimi o da dəyişdirilib. Məşhur Azərbaycan alimi Bəkir Çobanzadə də bu şəhərdən çıxıb.
Mariupol şəhərində gəlmələr-yenicə xristianlaşdırılmış türklər hər biri öz keçmiş şəhərlərinin adını məhəllələrində saxlayırdılar. Feodosiyadan köçürülən Kafa kvartalında (Kafa "qafa, baş" yəni baş şəhər, mərkəz. Feodosiya şəhərinin öncəki adı), Yevpatoriyadan gələnlər Kozlev məhəlləsində (Kozlev Yevpatoriya şəhərinin əvvəlki türk adı: Gozlev) yaşayırdılar. Yemençilər ailəsi həm də bilirdilər ki, onların ata-babaları nəsillikcə qızıl ustaları (türkcə kuyumçu "qızıl ustası, zərgər" deməkdir) olublar; kuyumçuluq onların qədim peşələridir. Ata-anasını 6 yaşında itirən gələcək rəssamı baba himayəsinə alır və öz ləqəbini, çox qürrələndiyi Kuyumçu adını ona verir. 1857-ci ildə yerli əhali siyahıya alınarkən Kuyumçu familiyasını qeyd etdirirlər. Kilsədə rəsmən xaçlanıb şəhadətnamə verilərkən kiçik rəssamın familiyası Kuyumçu yazılır. Bu vaxta kimi Yemençi kimi tanınan ailənin uşağı dədə-baba sənətini soyadı götürməli olur. Beləliklə, bu ailədə ilk rəsmi şəhadətnaməni Kuyumçu Arxip almış olur.
Arxipin böyük bacı-qardaşları isə özlərinin türk soyadından ürkərək öz familiyalarının ruscaya tərcümə variantını - Zolotaryov (qızıl ustası, qızılçı sözündən) rəsmiləşdirdilər. Kuinci ilk təhsilini xristianlaşmış türk olan Kostançıoğlunun şəhərdəki yunan məktəbində almışdı. Öz türk soyadını yunanlaşdırmaq arzusu da bu təhsil aldığı yunan məktəbində doğmuşdu. Onun şagirdlik illəri barədə sinif yoldaşı Karakaş xatirəsində göstərirdi ki, oxumağa çox laqeyd olan Arxip dərsdə müəllimə qulaq asmır, yalnız elə şəkil çəkirdi. Sonralar qazandığı böyük sənət şöhrətinin rüşeymləri idimi, bu? Yoxsa yetimçilik qəhri idi?! Daldığı gözəllikləri, şirin nağılları, xəyallarındakı cənnət mənzərələri - həsrətində olduğu şirin bir dünyanı şəklə köçürürdü.
Kuinci yeni inanc, yeni din qazanmışdı, amma arxası yox idi, ata-anadan məhrum idi; işləməli idi, ona öz əlinin zəhmətilə yaşamaq, dolanmaq lazım idi. Başqa ailəyə boğazortağı və qabırğa olan oğlan 11 yaşının içində olsa da işləmək, öz əlinin çörəyini yemək zərurətini duyurdu. Odur ki, oxumağın daşını atır, təhsilini yarımçıq buraxır. Şəhərdə xristianlıq qələbə çalırdı; hər tərəfdə kilsələr tikilirdi, iş çox idi. Kuinci memar Cabanenkonun tikdiyi kilsədə usta əli altında şagird işləyir. Lakin əli işə yatmır, tezliklə hər şeyi atır. Kafaya, düz rəssam Ayvazovskinin yanına üz tutur rəssamlığı öyrənmək üçün, lakin şagirdlik baş tutmur. Çünki gözəl rəssam Ayvazovski, gözəl də müəllim ola bilməmişdi. Ayvazovski Kırımda Kafa altında ġah Mamay oymağında sultan saraylarını andıran villasında yaşayırdı (İndi şah Mamay kəndi onun adını daşıyır).
Bu 60 yaşa girən qoca bir də görürdün nə zamandır əlinə fırça almır, əyanlarla, yüksək dairə adamları ilə oturub-durur, görürsən dənizə baxan eyvanında sarmaşıqlar altında odlu qartal gözlərini aludəsi olduğu özü kimi nadinc, dəli dənizə zilləyib dizləri üstə endirdiyi kamanda ahəstə-ahəstə zümzüməyə başlayır. Ən çoxu da "Qalanın dibində bir daş olaydım..." mahnısını dili ilə kamanı bir oxuyur. Bu səs həzin bir istək olub indi qaranlığa qovuşan qorxunc dənizin narahat, xoflu köksünə tumar çəkir, yalvara-yalvara onu dincliyə, uyğuya səsləyir.
...Ayvazovskiyə şagird olmaq ona nəsib olmur. Əvəzində Qara dənizi qazanır, onu görür, ona bənd olur. Qədim türklərin həm Sudak dediyi, həm də böyüklüyünə, vahiməsinə görə Qara dəniz adı verdiyi dənizə. Əsl sənətlə və ilhamla artıq üz-üzədir. Sevgi də erkən gəlir onun ömrünə. Kuinci evlənir. Qız da onun özü kimi türk əsilli idi. Rəssamın evləndiyi tacir qızı Ketçerçi Vera Leontyevanın da ailəsi türk və sonrakı rus familiyasını bir müddət qoşa işlətsələr də, sonra özlərinin türk soyadlarından tamam imtina edib özlərini tacir Şapovalov kimi yazdırmışdılar. Yerli əhalinin - türklərin bu yerlərdə xristianlaşdırılması sürətlə gedirdi.
Kuincidən çox yazılıb: onun özü də, müasirləri də, indi çox-çox sonralar dahi rəssamın həyat və yaradıcılığının araşdırıcıları onu yunan əsilli rus kimi təqdim etmişlər və etməkdədirlər. Rus mənzərə rəssamı Arxip Kuinci öz xarici görünüşü - qara qıvrım saçları, qapqara qaş-gözü, coşqun temperamenti ilə də öz mənşəyini büruzə verirdi. Müasirlərinin xatirələrindən aydın olur ki, rəssamın ailəsi tatarca danışırmış. Yenə müasirlərinin qeyd etdiklərinə görə Kuinci Kırımda yerli adamlarla onların öz dilində - türkcə danışırdı. Özünün türk mənşəyi, dünənki keçmişi haqqında isə susurdu. Ancaq fırçasında yaratdığı mənzərələr dil olub danışırdı. Doğma Kırım mənzərəsi, Kalçıkın füsunkar gözəlliklərini aşiqanə bir vəcdlə tutub saxlayan şəkillər - türk ruhuyla süslənən qapı-baca, qovaqlı, çinarlı bağlar, Kırımın cənnət sahilləri, dənizi, ilıq fəsilləri, gündüz qədər gözəl gecələr, səmanın işıqlı ənginlikləri, yerli xalqın – türklərin tanış və doğma görünüşləri, geyim-keçimi və məhrəm biçimləri, ġərq ətirli bağların hüsnü və s. təsvirlər, zəhmət adında bir fədakarlıq "əslini" dəyişən rəssamı bizim gecikmiş və əslində lüzumsuz məzəmmətlərimizdən aralı saxlayır.
Kuincinin şəkilləri sadəcə adi təbiət lövhələri deyil, bunlar poetik duyğuları daşıyan mənzərələrdir. Nahaq yerə ulu babaları nəsilbə nəsil qızılçı olmayıbdılar ki. İndi bu barmaqlar özü qızıldan idi. Bu sənət Turgenev, Dostoyevski, Mendeleyev, Suvorin, Petruşevski kimi Rusiyanın qabaqcıl şəxsiyyətlərini elə heyran qoymuşdu ki, bu heyranlıq onları Kuinci sənətindən vəcdlə yazmağa sövq etmişdi. Sənəti kimi onun şəxsiyyəti də, həyatının hər bir anı sevgi ilə anılırdı. Bu həyat bu ürəyin özü kimi çox kövrək idi. Kuincinin şagirdi rəssam Rılov da öz kövrək xatirələrində yazırdı ki, müəllimin Kırımdakı bağında piramida şəkilli artıq qurumağa üz qoymuş qoca şam ağacları da gözə dəyirdi. Bu bağın füsunkar zümrüdü gözəllikləri ilə uyuşmayan bu qart şamların biri lap qurumuşdu. Yarpaqsız, lüt qalan bu ağacın acınacaqlı görünüşü təəccüb yaradırdı. Lakin bağbanın dediyinə görə rəssam Kuinci bu qurumaqda olan və bağın gözəlliyinə xələl gətirən ağacın kəsilib yığışdırılmasına icazə vermirdi. Ağacın yaşına hörmət edirmiş... Budur gözəllik və mərhəmət; hər ikisi bir yerdə.
Kuinci hələ sağlığında böyük şöhrətə çatmışdı. O, hələ lap erkən "Tatar kəndi ay işığında" şəkli ilə rəssam adını qazanmışdısa da "Dneprdə gecə" şəkli ilə ürəkləri fəth etdi. Bu aylı gecədə gümüşü rəngin sözlə deyib bilinməyən sehri hətta böyük rəssam Kramskoyu belə heyrətləndirdi; o, bu tabloda dəhşətli dərəcədə sehrkar olan rənglər gördüyünü etiraf etmişdi. Peterburqda şəkil nümayişi etdirilən sərgiyə baxmaq üçün küçə boyunca adamlar, ekipajlar növbəyə durmuşdular. Şəkil hələ sərgiyə qoyulmamışdan əvvəl, söz-sənət adamlarının hamisi böyük knyaz Konstantin onu almış, sərgidən sonra götürərək ondan ayrılmaq istəmədiyi üçün özü ilə dünya səyahətinə aparmışdı.
Rus çarının qardaşı, sənət aşiqi böyük knyaz Konstantinin təzəlikcə "Moskva" jurnalında dərc olunmuş gündəlik xatirələrində bu görüşün təəssüratları geniş təsvir olunmuşdu. Belə ki, şahzadə Kuincinin emalatxanasına xəbərsiz gedir. Şəklin tərifini eşitmişdi. Gündəliyindən bir parçanı veririk: "Şəkli gördükdə yerimdə donub qaldım. Öz qarşımda enli çayın əks olunduğunu gördüm; bədirlənmiş ay bu çayı, deyim ki, otuz verstlik bir məsafədən işıqlandırmışdı. Mənə elə gəldi ki, özüm hündür bir təpənin üstündə dayanıb ayın işıqlandırdığı bu sehrli, nəhəng çaya baxıram. Ruhum vəcdə gəlmişdi; gözlərimi bu parlaq şəkildən çəkə bilmirdim. Ürəyim qısılırdı. Şəkli bir anda elə sevdim ki... Kuinci, bu şəkli alıram, ona nə istəsən ödəyəcəm, dedim. Bütün gün gözlərimi qapadıqda belə şəkil gözümün önündə dayanırdı". Bu şəkil hazırda rus muzeyində hifz olunur. Ümumiyyətlə, Kuincinin rəsmləri Tretyakov Qalereyasında, hətta bir şəkli isə "Volqa" tablosu adı ilə Azərbaycan İncəsənət Muzeyində saxlanılır.

Minaxanım Təkləli
professor

Bu xəbər oxundu
- - -