Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dağlıq Qarabağ münaqişəsi və 20 illik uğursuz danışıqlar

02.10.17, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyan arasında 20 ildən artıqdır həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsi məqsədilə danışıqların növbəti mərhələsi ötən həftənin şənbə günü BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən toplantısı çərçivəsində baş tutub.
İranlı ekspert Mərziyə Fatehi Dağlıq Qarabağ münaqişəsinin həlli və bu məsələdə ATƏT-in Minsk qrupunun tutduğu mövqeyi ilə bağlı İRNA-da fikirlərini bölüşüb.
O, bildirib ki, bu müzakirələrdən dərhal sonra ATƏT-in Minsk qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrləri birgə bəyanat yayaraq, danışıqların əsas məqsədinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev ilə Serj Sarqsyanın növbəti görüşünə hazırlıq, eləcə də Dağlıq Qarabağ bölgəsində mövcud vəziyyətin müzakirəsi olduğunu bildiriblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 29 ildir davam edir. Cənubi Qafqaz regionunda ən böyük problemlərdən sayılan bu münaqişənin həlli üçün 20 ildən çoxdur (1997-ci ildən bəri) göstərilən beynəlxalq səylər heç bir nəticə vermir.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun vasitəçiliyilə son 17 il ərzində, yəni 1998-2016 illər arasında 52 dəfə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. Lakin münaqişənin həllində indiyədək heç bir irəliləyiş yoxdur.
Hazırda münaqişəli Dağlıq Qarabağ bölgəsində və ümumiyyətlə Azərbaycan və Ermənistan sərhədi boyunca vəziyyət olduqca gərgindir. İki ölkənin sərhədində atəşkəs rejimi hər gün 100 dəfədən çox pozulur və bu insidentlərin bəzən insan tələfatı ilə nəticələnir. Ekspertlərin fikrincə, hazırkı gərgin şəraitdə istənilən an genişmiqyaslı hərbi toqquşmalar bərpa oluna bilər.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və Sovet İttifaqının dağılması ilə, 1992-ci ildə Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalara yol açıb. Elə 1992-ci ildən bu münaqişənin həlli ilə məşğul olan ATƏT o zaman toqquşmaların qarşısını ala bilməyib və döyüşlər 1994-cü ilədək davam edib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon erməni qüvvələrinin nəzarətinə keçib, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz yurd-yuvasından qovulub. Hazırda həmin qaçqın və məcburi köçkünlər Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşıb.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbini irəli sürsə də, qətnamələrin tələblərinə hələ də əməl olunmayıb.
Beynəlxalq səylər nəticəsində 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə olunub. Bununla bağlı saziş Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb və bununla da, hər iki tərəfdən xeyli sayda insanın ölümü ilə nəticələnmiş hərbi toqquşmalar dayandırılıb.
Problemin həlli missiyasını 1997-ci ildən bəri üzərinə götürmüş ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ, Fransa və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar isə ümidləri doğrultmur. Beynəlxalq vasitəçilərin səyləri bu günədək heç bir nəticə verməyib.
Bəzi analitiklər hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin qlobal xarakter alması və dünyanın super güclərinin bu məsələyə cəlbi münaqişənin nizamlanmasına nəinki yardım etmir, hətta vəziyyəti daha da gərginləşdirir.
Ekspertlərin fikrincə, bölgədə daha çox öz maraqlarını təmin etməyə çalışan qlobal güclər movcud status-kvonu qoruyub saxlamaqla, böhranlı şəraitdən Cənubi Qafqazın bu iki ölkəsi, yəni Azərbaycan və Ermənistana qarşı təzyiq rıçaqı kimi istifadə edir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin son görüşü 2016-cı ilin iyununda Rusiya prezidentinin iştirakı ilə Sankt-Peterburqda keçirilib. Həmin görüşdə də hər hansı nəticə əldə olunmayıb.
2007-ci ildə beynəlxalq vasitəçilər münaqişənin nizamlanması məqsədilə “Madrid planı” hazırlayaraq, onu münaqişə tərəflərinə təqdim edib. Lakin iki ölkənin mövqeyində kəskin ziddiyyət var və bu, problemin həllinə mane olur.
Dağlıq Qarabağ münaqişəsinin həllini xarici siyasətinin prioriteti elan etmiş Azərbaycan problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmasını tələb edir. Onun fikrincə, bu, beynəlxalq hüququnun norma və prinsiplərinə tam uyğundur.
Ermənistan isə problemi xalqların öz müqəddəratını təyin etməsi prinsipi əsasında həll etməyin tərəfdarıdır. Bu, ölkələrin ərazi bütövlüyü prinsipilə tamamilə ziddir.
Tərəflərin məhz bu əsas iki prinsiplə bağlı razılığa gələ bilməməsi bölgənin ən vacib probleminin həllinə ümidləri azaldır.
Ekspertlər həmçinin hesab edir ki, münaqişənin qlobal xarakter alması ilə yanaşı, tərəflər arasında etimadın olmaması, eləcə də hər iki ölkədə qarşılıqlı nifrət hissinin aşılanması problemin həllinə əsas maneələrdəndir.
İstənilən halda, Ermənistan öz hərbi qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq niyyətində deyil. Bakı isə ərazisinin Ermənistan tərəfindən işğalı ilə heç zaman barışmayacağını dəfələrlə bəyan edib.
Tərəflərin bu mövqeyi bölgədə gərginliyin daha da artmasına səbəb olur. Məhz bunun nəticəsidir ki, 2016-cı ilin aprelində Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar yenidən qızışmışdı. O zaman hər iki tərəf itki vermişdi.
Analitiklərin fikrincə, atəşkəs rejiminin ağır silahlardan da istifadə olunması ilə davamlı və geniş miqyasda pozulması ilə müşayiət olunan hazırkı vəziyyət gərginliyin davam etməsini, nəhayət toqquşmaların yenidən alovlanmasını qaçılmaz edəcək.
Minsk qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşündən sonra yaydıqları birgə bəyanatda müzakirələrin davam etdirilməsi üçün oktyabrın 7-də bölgəyə səfər edəcəklərini bildiriblər. Bəzi ekspertlərin proqnozlarına görə, indiki şəraitdə münaqişə tərəflərinin mövqelərində dərin ziddiyyətin olduğunu nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş real görünmür.
Politoloq Vasif Əfəndi bildirib ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fəaliyyətinə kəskin reaksiyası bu qurumun fəaliətsizliyi ilə əlaqədardır: “Minsk qrupunun həmsədr ölkələrinin rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyün tanımaq və işğal olunmuş ərazilərin tezliklə boşaldılması üçün sülh danışıqlarının davam etdirilməsidir. Hesab dirəm ki, münaqişənin həlli istiqamətində ABŞ –ın mövqeyi kifayət qədər aydın və birmənalıdır. ABŞ-ın həmsədrləri dəfələrlə status kvonun dəyişdirilməsi təklifi ilə çıxış etsələr də Ruisya və frransanın sürüşkən və qeyri müəyyən mövqeyi nəticəsində sülh danışıqları alınmır. Problemin kökündə Rusiya və Fransa dayanır. Fransanın Ermənistana olan diqqəti və marağı tarixi köklər və diaspora faktorundan asılıdır. Rusiya isə de-fakto işğalçı tərəfdir. Minsk qrupunun bu tərkibdə fəaliyyəti artıq mümkünsüz həddə çatıb. Minsk qrupunun tərkibinin dəyişdirilməsi ya da genişləndirilməsi xarici siyasətimizin prioritet məslələrindən ən önəmlisi olmalıdır. Hesab edirəm ki, Türkiyə ilə Almaniya münaqişənin ədalətli nizamlanması üçün Miİnsk qrupunun fəaliyyətində Fransa və Rusiyanı uğurla əvəz edə bilərlər”.
Ekspert Elşən Həsənov isə bildirib ki, işğalçı Ermənistan bir yandan danışıqların sülh yolu ilə davam etməsini deyir, digər tərəfdən atəşkəsi pozur, Azərbaycanın mülki əhalisini öldürü, o biri tərəfdən isə Sarkisyan Dağlıq Qarabağa səfərlər edərək işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayacağını bəyanlayır: “Mənə elə gəlir ki, rəsmi Bakı ümumiyyətlə Minsk qrupundan imtina etməli və yalnız öz gücü ilə işağl edilən torpaqlarımızı azad etməlidir. Buna Azərbaycan ordusunun gücü və imkanı çatır”.

Cavid

Bu xəbər oxundu
- - -