Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İyirmi səhmdar cəmiyyət hərraca çıxarılır

02.10.17, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 31 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 3-ü isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl” ASC-dir. Adıçəkilən əmlakın səhminin 30%-i 160 min manata yaxındır. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Ağcabədi Aqrotexservis” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 100 min manata yaxın təklif olunur. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, Yevlax, Biləsuvar, Siyəzən, Qazax, Ağstafa, Mingəçevir və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 556 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsidir. Adı çəkilən əmlak 99 min manata təklif edilir. Torpaq sahəsi 6 min 500 kvadratmetrə, ümumi faydalı sahəsi isə 800 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkirdə yerləşən Çörək mağazası və Mingəçevir şəhərində yerləşən 138 saylı mağaza qiyməti ilə seçilənlər sırasındadır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 250 kvadratmetrə, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır. Bundan başqa, Yevlaxda yerləşən 7 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 60-ı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 80 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kvadratmetr ilə 300 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 34 kvadratmetr olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 700 manat təşkil edir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, sahəsi 36 kvadratmetrə yaxın, ilkin start qiyməti 4 min 450 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 127 manatla 4 min manat arasında dəyişir. 2007-ci il istehsalı olan “KİA Sportage” markalı avtomobilin ilkin start qiyməti 4 min manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Bu xəbər oxundu
- - -