Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ağac kultu ilə bağlı inanclar

03.10.17, 8:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda olan pir və ziyarətgahların bir hissəsi ağacla bağlı pirlərdir. Bəşər övladının həyatında hər zaman gərəkli olan ağac ulu babalarımızın mənəvi dünyasına hakim olub, mifoloji düşüncədə müqəddəsləşdirilərək canlı və cansızların, kainatın yaradıcısı Tanrı ilə bəndə arasında əlaqələndirici “vasitə” kimi dəyərləndirilib. Tanrıçılıq dininə tapınan türk-oğuz tayfaları sonrakı mərhələlərdə atəşpərəstlik, xristianlıq, islam kimi dinlərin təsirinə məruz qalsalar da əski dünyagörüşün izlərinə çağdaş dövrümüzdə də rast gəlinir. Görkəmli tarixçi alim Zelik Yampolski yazır ki, Azərbaycanda yaşamış qədim türklərlə müasir Azərbaycanlıların inanc sistemində ümumi bir bağlılıq heç vaxt qırılmayıb. Azərbaycan pirlərini elmi əsaslarla öyrənən tanınmış alim İ.Meşnikov XIX-XX əsrlərdə mövcud olan pirlərin tarixinin hətta Daş dövrünə yaxın olduğunu qeyd edir. Azərbaycanın müxtəlif bölgələrində mövcud olan ağac pirlər həm də tanrıçılıq dininin yadigarıdır. Ağac pirlərin nəinki Azərbaycanda, həm də digər türkdilli xalqların yaşadığı bölgələrdə mövcudluğu göstərir ki, ağac türklərin həyatında ötəri hadisə olmayıb, dini-fəlsəfi, bədii düşüncələrdə müstəsna yer tutaraq gələcək həyatı, dünyagörüşü istiqamətləndirən, formalaşdıran bir inanc sistemi olub.
Tanrının yaratdığı təbii nemətlər içərisində həyat üçün zəruri olan varlıqlardan və ən əsaslarından biri ağacdır. Min bir dərdin dərmanı olan bitkilərin, vitaminlərlə zəngin meyvələrin, oksigen mənbəyi olan yaşıllıqların rolunu, əhəmiyyətini qiymətləndirən ulularımız ağacsız həyatın mümkünsüzlüyünü görərək ona sayğı ilə yanaşaraq tarixin hər dönəmində etiqad ediblər. Qafqaz türklərinin dini dünyagörüşünün, inanc-etiqad sisteminin müəyyən tərkib hissəsini təşkil edən ağacla bağlı qədim tarixə malik tapınaqlar qurbanvermə, ibadət, şəfatapma və digər arxaik ayinləri icraetmə məkanı kimi müqəddəsliyini min illər boyu qoruyub saxlayıb. İslamdan öncə Azərbaycanda yaşayan bir çox türk tayfalarının inancına görə zoomorfik onqon olaraq el-obanı, yurdu, vətəni qoruyan ağac həm də atılmış, kimsəsiz körpələri, hətta sevgililəri qoruyan bir obraz kimi dəyərləndirilir. Ağaca inam tapınaq və pirlər vasitəsilə xalq yaddaşında qalmaqla bərabər, mifoloji folklor örnəklərində də qorunub saxlanılıb. Professor Ş.Cəmşidov Qarabağda xalq arasında müqəddəs ağac pirlər haqqında çoxlu əfsanə və rəvayətlərin yaşadığını qeyd edərək yazır ki, arandan-dağa, dağdan-arana köç edənlər öz artıq ev əşyalarını müqəddəs ağacın dibinə əmanət qoyub gedər və ağacın qorxusundan heç kəs aylarla sahibsiz qalan əşyalara toxunmazdı. Belə müqəddəs ağacların dibində qılınca and içmək Quran andına bərabər sayılırdı.
Xalqımızın etnogenezini, tanrıçılıq inanışını, islamaqədərki dini dünyagörüşünün inkişafını öyrənməkdə əsas olan müqəddəs tapınaqlar – ağac pirlər son dövrlərə qədər mühafizə olunub. Topağac, Top Musalla, Palıd, Tək dağdağan, Söyüd, Çinar ağacı, Saqqız ağacı, Alçalı, Kamo, Tərtər, Köhnə Xudat, Qamqam adlı ocaqlar ağacla bağlı pirlərdir. “Dağdağan ağacı” piri (Cəbrayıl), “Qırxlar baba – Dağdağan ağacı” (Şamaxı), “Çinar ağacı” piri (Xaçmaz-Dəcət kəndi), “Çinar piri” (Xaçmaz, Çinartala kəndi), “Mıxlı çinar”piri (Dəvəçi, Qalaaltı), “Veys baba” (Ağdaş) ocaqları da ağacla bağlı çox məşhur pirlərdir.
Araşdırmalar göstərir ki, Qafqaz bölgəsində çinar, ağcaqayın, palıd, dağdağan, alma, alça, tut, zoğal ağacları ilə bağlı tapınaqlar daha çoxdur. Belə ziyarətgahlara hələ də kəramət sahibi kimi tapınmanın kökündə həm də min illərin sınağından çıxmış daxili, psxoloji bir inam durur. Övladı olmayan qadınların niyyət edib tənha ağac pirlərə parça, əsgi bağlamaları və ağac vasitəsilə Tanrıdan övlad diləmələri çağdaş dövrümüzədək gəlib çatıb. “Manas” dastanında da göstərilir ki, övladı olmayan qadınlar alma ağacının altında rəqs etməklə övladlarının olacağına inanırmışlar. Gah ata, gah ana başlanğıcı kimi dəyərləndirilən ağac mifoloji təsəvvürlərdə bəşəriyyətin totem əcdadı sayılmış, buna görə də türk mifologiyasında müqəddəs ağacların kəsilməsinin yolverilməz olduğunu görürük. Əski inam sistemi ilə sıx bağlı olan, qədim mifoloji görüşləri özündə əks etdirən yasaqlardan da aydın olur ki, çinar, qoz, dağdağan, zoğal, tut, qarağac, əncir ağaclarını kəsən xeyir tapmaz.
Ağac pirlərin bu qədər geniş yayılması göstərir ki, ağac kultu ötəri bir dini dünyagörüş, inanc, keçici mərhələ olmayıb, hətta yeni bir dini mərhələnin başlanğıcı olan İslamda da yaşantısını qoruyub saxlayıb. İslam əvvəlki tapınaqları, o cümlədən, ağacla bağlı tapınaqları sıxışdırıb aradan çıxara bilmədi. Yazılı qaynaqlar, arxeoloji materiallar, müxtəlif tədqiqat əsərləri, mifoloji rəvayətlər, folklor mətnləri ağac pirlərlə bağlı onu deməyə əsas verir ki, bu cür tapınaqlar tanrıçılıqdan çağdaş dövrümüzədək mövcud olub, İslamdan sonra bir qədər islami məzmun verilsə də, əsl mahiyyətini dəyişməyib, yaşantısını saxlayıb. Ağac pirlərə dağlıq bölgələrdə, yüksəkliklərdə daha çox rast gəlinir. Tapınaqları ziyarət edənlər arzuları hasil olsun deyə ağaca güllü parça, rəngli ip, yaylıq əvəzinə bəzən də at tükündən toxunmuş ip bağlayırlar ki, bu da, görünür, at arxaik ritualının izlərini mühafizə edib qorunması ilə bağlıdır.
Müqəddəslik statusunda olan belə tapınaqlardan biri Şamaxıda ümidsiz insan¬ların üz tutduğu “Alçalı pir” ziyarətgahıdır. “Öskürək ağacı” adlandırılan həmin ağac qara öskürək xəstəliyinə tutulan insanlar tərəfindən şəfaverici xüsusiyyətləri ilə tanınır. Həmin ağacın ziyarətinə gedənlər yumurtanı yedikdən sonra qabığını dəlib ağacdan asırlar. Ziyarətə gələnlər ehtiram nişanəsi olaraq rəngbərəng, güllü, xüsusilə də qırmızı rəngdə qumaş parça ilə onu bəzəyirlər. Ağacla bağlı tapınaqların kəramət sahibi, möcüzəvi, xariqüladə gücə malik olması əski zamanlardan dövrümüzə qədər bir dilək, istək, arzu obyekti kimi mövcudluğu bir tərəfdən Tanrıya tapınmaq üçün bir vasitə olması ilə bağlı idisə, digər tərəfdən ağacın şəfavermə xüsusiyyətləri ilə bağlı olub.
Ağaca tapınmanı yazılı ədəbiyyatda M.Ş.Vazeh səyyari bir həyat sürən qoca zahidlə bitkiyə, yaşıllığa hədsiz maraq göstərən Zərdüşt peyğəmbərin söhbətində belə təsvir edir: “Bitkilərin kökünü yeməklə 20 ildir ki, insanlardan uzaq, sükuta qərq olmuş səhralarda ancaq Allaha dua edərək ruhən dincələ bilmək üçün yalqız yaşayıram” – deyən qocaya Zərdüşt peyğəmbər belə cavab verir: “Sənin iyirmi il insanlardan uzaq düşüb tək-tənha yaşamağındansa, o susuz səhralarda bir ağac əkib-becərməyin, ona qulluq etməyin daha müqəddəs iş olardı”. Xalq arasında belə bir inam da var ki, ağac dibi sulamaqla dünyasını dəyişən əzizlərinin günahını yumaq olar. Ağac kultuna inam öz yaşantısını XX əsrdə də mühafizə edib saxlayıb. Hətta Sovet dönəmində, 20-30-cu illərdə Qarabağ yaylaqlarında elat əhali Dünya ağacının rəmzi olaraq oba yaxınlığındakı yüksəkliyə bir paya sancar, məhərrəmlikdə aşura günü ilə bağlı mərasimi onun dövrəsində icra edərmişlər. “Qətl ağacı” kimi tanınan bu cür “ağaclara” “dilək ağacı” da deyərdilər. Ağac mifi ilə bağlı inamlar İslam dövründə formasını nə qədər dəyişsə də mifoloji məzmununu saxlayıb. Bir çox türk xalqlarının inamına görə cavan ağacın yıxılması ailənin bir cavan üzvünün, yaşlı ağacın yıxılması isə yaşlı adamın dünyasını dəyişəcəyi kimi yozulurdu. Bir Xakas qadını övladının ölümünü belə təsvir edir: “Yuxuda ağcaqayın ağacından bir neçə budağın qırıldığını görmüşdüm. Səhər tezdən uşaq xəstələndi, axşam isə dünyasını dəyişdi”. Görünür, “cavan ağacı kəsmək günahdır” inamı da bu cür əski inancların yaşantısıdır. Xalq təfəkküründə ağac həm də uzunömürlülük rəmzidir. Xalq arasında “Hərə bir ağac əkib becərməlidir” deyimi də bu düşüncədən qaynaqlanır. Ağac həm də məhsuldarlıq, doğum rəmzidir. Bir çox səyyahlar qeyd edirlər ki, “Qazaxlar səhralardakı tək ağacı, Altay türkləri isə tək-tənha çinar ağaclarını pir hesab edərək ona qurban gətirərdilər”.
Azərbaycanda yaşayan hunlar isə daha çox palıdı müqəddəsləşdiriblər. Azərbaycan Respublikasının Dövlət Gerbində, o cümlədən polis geyim formalarında palıd yarpağının təsviri uzunömürlülük rəmzi olaraq əski çağlardan mövcud olmuş ağac kultu ilə bağlı düşüncənin bir nümunəsidir. Çinara isə Azərbaycanın demək olar ki, bütün bölgələrində ehtiramla yanaşılıb. Çinar folklorda, eləcə də xalq arasında daha çox “Xan çinar” adı ilə tanınır. Xan epiteti ilə bağlı M.Seyidov B.B.Radlovun fikirlərini şərh edərək yazır ki, teleut, altay, şor, saqay, qoybay, qırğız, kuman, uyğur dillərində və Barlıq, Elegeş, Çagul, Kemçik-kaya, Altın-kol, Abakan kimi türkdilli abidələrdə “kan” “qan”, “xan”mənasını verir, bu da bir cox hallarda hakim mənasında anlaşılır. Tanrı isə göy, səma mənasında başa düşülür. “Xan Tenqri” ifadəsi səmanın, göyün hakimi mənasını verir. Beləliklə, “Xan çinar” “yerə, göyə hakim olan” kimi anlaşılır ki, bu ifadə də mifoloji təfəkkür sistemi ilə bağlı komponentdir.
Övlad sahibi olmaq, ağır xəstəlikdən yaxa qurtarmaq, uzaq səfərlərdən sağ-salamat qayıtmaq üçün insanların pir və ziyarətgahlara çevrilən ağacların dibində Tanrıdan arzu diləmələrini, ağacın şərəfinə şənlik mərasimi keçirib budaqlarına allı-güllü parça bağlamaq ənənəsini görkəmli yazıçı Manaf Süleymanov etnoqrafik səpkidə yazılmış “Lahıc” əsrində belə işıqlandırır: “Bir vaxtlar Niyaldağın ətəyində əzəmətli “Təkağac” ucalırdı. Hələ uşaqlıqdan eşitmişdim ki, “Təkağac” piri qocalı, cavanlı, uşaqlı bir çox xəstələrə şəfa verib. Min dərdə mübtəla olanları, gec dil açan uşaqları, yeriyə bilməyənləri və b. bura gətirib budaqlardan yelləncək – nənnilər asıb yelləyə-yelləyə pirə yalvarıb şəfa umardılar və bir çoxları məramlarına çatardı. Bu məqsədə çatmağa başqa səbəblər olsa da, hamı “Təkağac” pirinin kəraməti hesab edərdi. Yazıçı Sona xanımdan “Təkağac”ın aqibəti haqqında soruşduqda qoca qarı belə cavab verir: “Allah onu kəsdirənin cəzasını verdi. O tuta-tutda (37-ci il repressiyasını nəzərdə tutur) bağrı yarıldı. Görənlər deyirdi ki, hər dəfə baltanı vuranda ağacın govdəsindən qan çıxırdı. Pir qan ağlayırmış. Camaat üç gün “Təkağac” üçün yas saxladı.
Deməli, xalqımızın tarixən ehtiram göstərdikləri tapınaqlar, müqəddəs ziyarətgahlar olan ağac pirlər oğuz türklərinin dünyagörüşündə, inanc sistemində geniş və özünəməxsus yer tutub, Tanrı ilə bəndə arasında bağlantı rolunu, funksiyasını yerinə yetirməklə Tanrıçılığın izlərini özündə saxlayıb. Zəngin mənəvi dəyərlərə malik Qafqaz türkləri İslamı qəbul etsələr də əski inanclarını, o cümlədən ağac kultu ilə bağlı etiqad və mərasimlərini yeni dinin pərdəsi altında yüzillərlə yaşatmağa nail olmuşlar. Ağac kultunun qalıntılarının folklorda və məişətimizdə yaşantısını mənəvi dəyərlərimizin öyrənilməsində başlıca qaynaq hesab etmək olar.

Aydın Mustafayev
araşdırmaçı

Bu xəbər oxundu
- - -