Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan dünya Olimpiya ailəsində layiqli yerini tutub”

03.10.17, 14:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.
Prezident İlham Əliyev layiqli çıxış etmələri münasibətilə qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini təbrik edib.
Bildirib ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş edib: “Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat bizim qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə, qadınlar arasında voleybol üzrə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Avropa federasiyalarının rəhbərləri və digər qonaqlar da bunu qeyd ediblər”.
Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlət başçısı deyib ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir: “Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. Bütövlükdə, Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub. Bu, bizimlə yanaşı, beynəlxalq strukturların, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitələrinin verdiyi qiymətdir”.
Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyinin qeyd edildiyini və həmin tədbirdə dünyanın yüksək vəzifəli idman məmurlarının çıxışlarında Azərbaycanın çox böyük, misilsiz uğurlar qazandığını qeyd etmələrini xatırladıb. “Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir” deyən dövlət başçısı vurğulayıb ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərib. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən prezident İlham Əliyev deyib ki, qrupdakı və 1/4 final oyunundakı rəqiblər üzərində böyük üstünlüklə qazanılan qələbələr azarkeşlər üçün gözlənilməz idi.
“Əlbəttə, ilk növbədə, sizin üçün təəssüfləndiricidir ki, medal qazana bilmədiniz. Ancaq qarşıda xeyli digər yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odur ki, layiqli çıxış etdiniz” deyən prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söyləyib. Dövlət başçısı bildirib ki, idman idman olaraq qalır, burada hadisələr müxtəlif cür inkişaf edir.
Prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd edib. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlət başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu deyib. Prezident İlham Əliyev, həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirib. Dövlət başçısı meydançada belə yaxşı nəticələrə nail olmaq üçün çalışan, yüksək ustalıq nümayiş etdirən və bir daha azarkeşlərin böyük rəğbətini qazanan komandamızın oyunçularına bir daha təşəkkürünü bildirib.
“Bizim idmançılar çox peşəkar və vətənpərvərdir. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdır” deyən prezident İlham Əliyev idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.
Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən prezident İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutmağımızın böyük nailiyyət olduğunu bir daha vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisinin sayına görə o qədər də böyük olmasa da, komandamız dünyanın aparıcı, böyük tarixi, ənənələri və potensialı olan voleybol üzrə yığma komandaları ilə bərabər səviyyədə mübarizə aparıb. Azərbaycan prezidenti komandamıza yeni-yeni uğurlar arzulayıb.
Sonra milli komandamızın üzvləri dövlətimizin başçısına xatirə hədiyyələri təqdim ediblər.
Sonda xatirə şəkli çəkdirilib.

Bu xəbər oxundu
- - -