Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa Qarabağın ağır nəticəsini bu gün yaşayır

04.10.17, 7:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropanın uzun illər boyu təbliğ etdiyi dəyərlər Kataloniyanın timsalında sınaqdan çıxa bilmədi.
Bu sözləri politoloq Qabil Hüseynli Avropada güclənən separatizm meyillərindən danışarkən söyləyib. O bildirib ki, Avropa separatizm məsələsində ikili standartlar nümayiş etdirməklə Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-səmimi olduğunu bir daha sübut etdi:
“İspaniyada baş verən hadisələrə Avropa Birliyinin münasibətinə baxanda ikili standartların nə qədər xəcalətli, nə qədər zərərli olduğunu bir daha müşahidə etdik. Azərbaycanda baş qaldıran aqressiv separatizm daha sonra rusların və ermənilərin köməyi ilə qanlı müharibəyə çevrilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilib, 30 mindən çox şəhid, 350 milyard dollarlıq itkiyə məruz qalıb.
Kataloniyada baş verən hadisələrdə polisin aşırı güc tətbiq etməsi nəticəsində 850 nəfərin ağır yaralanması, daha sonra isə AB nümayəndəsinin İspaniyada separatizmə yol verməyəcəklərini bəyan etməsi separatizm məsələsində Avropanın prinsipial münasibətini ortaya qoyur. Özləri separatizmin əleyhinə olduqları halda Azərbaycanda aqressiv separatizmə, özü də bir neçə dövlət tərəfindən himayədarlıq edilən separatizmə qiymət verməkdə “çətinlik” çəkirlər. Bu xristian təəssübkeşliyinin bir ifadəsidir. Hesab edirəm ki, bu məsələ elə belə bitməyəcək. Hələ qarşıda digər separatçı hərəkətlər var. İrlandiya, Şotlandiya, Flamand adaları və s. ərazilərdə separatçı qüvvələrin aktivləşməsi gözlənilir”.
Ekspertin sözlərinə görə, Avropa hələ uzun müddət separatizm məsələsində prinsipallıq nümayiş etdirmədiyinə görə baş verəcək münaqişlərə hazırlıqlı olmalıdır:
“Əgər Avropa separatizmin əleyhinədirsə, Azərbaycanda baş qaldıran aqressiv separatizmin, dəfələrlə seçkilər keçirən, qondarma prezident, parlament yaradan, üstəlik də Azərbaycanın 7 rayonunun işğalını həyata keçirən qüvvələrə qarşı niyə loyaldır? Nəyə görə bu məsələlərdə prinsipiallıq nümayiş etdirmək istəmirlər? Deməli, çox təəssüflər olsun ki, Avropada xristian təəssübkeşliyi var. Onlar müsəlman dünyasında xristian anklavının yaranmasından məmnundurlar. Bu, separatizm də olsa, müharibə də olsa, onlar üçün məmnuniyyətlə qarşılanan bir hadisədir. Öz ölkələrində baş verəndə isə bunu insan haqlarına qarşı bir hərəkət kimi yozmağa çalışırlar. Bir sözlə, Avropanın əsas dəyərləri Kataloniyanın timsalında sınaqdan çıxa bilmədi.
Gələcəkdə də bu proses davam edərsə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində davakar və aqressiv erməni sepratizminin qarşısının alınması yolunda prinsipial mövqe göstərilməyəcəksə, bundan sonra baş tutması ehtimal olunan Şimali İrlandiya, Uels, Şotlandiya və s. ərazilərdə bu kimi proseslər daha qabarıq surətdə olacaq. Bütün bunlar Bakının ərazi bütövlüyü məsələsində nə qədər haqlı olduğunu bir daha sübuta yetirəcək”.
Politoloqun fikrincə, dünyada baş qaldıran separatçılıq meyillərinin qarşısını yalnız o halda almaq mümkündür ki, bütün münaqişələrə eyni cür yanaşılsın:
“Ötən il Varşavada NATO-nun sammitində postsovet məkanındakı bütün münaqişlərə eyni cür yanaşılması barədə fikir səsələndirilib. Yəni burada Dnestryanı ərazi, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, bizdə Dağlıq Qarabağ problemindən söhbət gedir. Nə qədər ki, Qarabağdakı separatizmdə əzmkarlıq nümayiş etdirilmir, bunun nəticəsini Avropa öz üzərində daha ağır formada hiss edəcək. Ona görə də bu məsələlərin həllinə hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində yanaşılmalı və separatçı meyillərə yol verilməməlidir”.
Millət vəkili Zahid Oruc isə vurğulayıb ki, əslində, 1975-ci il Helsinki Yekun Aktı əsasında təsis olunan ATƏT qurumu faktiki olaraq regionda təhlükəsizlik proseslərinə cavabdehliyi öz üzərinə götürərkən mühüm iki prinsipi seçmiş oldu:
“Bu, əlbəttə ki, II Dünya savaşından sonra dünyada formalaşmış vəziyyətə adekvat idi. O zamanlar ərazi bütövlüyü prinsipini əsas hüquq kimi müəyyən etdilər, lakin paralel şəkildə öz müqəddaratını təyin etməyə də müəyyən bir meydan tanındı. Nəticə etibarilə bu ona xidmət edirdi ki, gələcəkdə Avropa arealında real dövlətlərin təsis olunması, formalaşması və onlar arasındakı vəziyyət həmin qaydada tənzimlənə bilsin. Lakin faktiki olaraq SSRİ-nin çöküşü fonunda siyasi xəritəyə çıxan yeni dövlətlər dünya üçün əvvəlki soyuq müharibə illərindən mövcud olan yanaşmaların yeni çağırışlara uyğunlaşmasını tələb edir. Çox təəssüf ki, Avropa strukturları SSRİ-nin çöküşü üçün gərək olan mexanizmləri əldə saxlamaq naminə dövlətlərin qorunması modelini seçmədilər. Bu həm də o demək idi ki, yüz il əvvəl Qafqazlara yanaşma bölgədə dövlətlərin o zaman Millətlər Liqası səviyyəsində tanıdılması üçün həyata keçirilən tədbirlər, yeni-yeni meydana çıxan hüquqi prinspilər faktiki olaraq əsrin sonunda da ayrı-ayrı dairələrin əlində parçalanmanın təmin olunması, həmin regionların iqtisadi sərvətlərinin ələ keçirilməsi, münaqişələr vasitəsiylə idarəetmənin əsasına çevrildi. Sadə dillə desək, əslində, Qərbdə həddindən artıq sevincək oldular ki, müharibəni udublar və qalib naturasıyla yeni qazanılmış dövlətlərin hamısını sümürə, istədikləri idarəetmə formasına sala və həmçinin onlara hakimiyyət müəyyənləşdirə bilərlər. Belə bir nəticədə Dağlıq Qarabağ münaqişəsi Qərbin əlində təəssüf ki, SSRİ-nin çöküşündə mövcud olan rəhbərliyin davranışları ilə eyni bir mənzərəni xatırladırdı. İnsanlar belə bir sual üzərində düşünürdülər ki, əgər Qorbaçov Sosialist Respublikaları İttifaqında normal konstitusion hüquq prinsiplərinə söykənib addımlar atmırsa və insanlar hayqıraraq bu imperiyanın sonunu tələb edirlərsə, onunla silah, süngü gücünə vuruşurlarsa, o biri yandan demokratiyanın, təhlükəsizliyin, insan haqlarının və millətlərin hüquqlarının, suveren prinsiplərin qarantı kimi çıxış edən Avropa qurumları da Qorbaçovdan fərqli davranışlar həyata keçirmədilər. Təəssüf ki, Qarabağ münaqişəsi çoxlu qanların axıdılması ilə müşayiət olundu”.
Millət vəkili bildirib ki, separatizmə verilən dəstək Azərbaycanın uzun onillər boyu verdiyi bəyanatları təsdiqlədi.
Millət vəkili faktiki olaraq bu gün Avropanın mühüm bir nöqtəsində, NATO ölkəsində, birliyin əsas aparıcı dövlətində tökülən qanların Qarabağ hadisələrini xatırlatdığını qeyd edib:
“Doğrudur, katalonlar o torpaqlarda aborigen xalq kimi min illərdir yaşayırlar. Priney yarımadasında İspaniya krallığının keçmişdə məruz qaldığı dağıntılar, müxtəlif imperiyaların şikarına çevrilməsi fonunda yüz illər ərzində bu bölgədə müxtəlif dövlətlərin yaradılması istənilib. Bildiyiniz kimi basklar orada dövlət qurmaq üçün bu gün də iddialarını həyata keçirməkdədirlər. Bizim üçün paralellər o nöqtədədir ki, mərkəzi hökumət dünən baş nazirin diliylə deyirdi ki, məntəqələrdə göstərilən mövqe əldə silah dövlətə qarşı müharibə elan etməkdir. Yəni bunun siyasi dildən hüquqi müstəviyə çevrilməsi odur. Hökm deyil ki, səngər qurub oradan Madridə bombalar yağdırasan. Fərq etməz ki, bu bülletenlər vasitəsiylə həyata keçirilir və ərazinin bir hissəsi qopub ayrılırsa, bu, avtomatik ölkənin unitar bütövlüyünə zərbədir. Bu gün onun şahidi olduq ki, Avropa strukturları yalnız birliyin və parlamentin bir qism təmsilçilərinin diliylə oradakı referendumu qanunsuz elan etdi. Lakin başqa bir tərəfdən Avropa parlamentinin vitse-prezidenti Lunaçek həmin separatizmə dəstək verməkdəydi. Sual olunur ki, hətta onların məntiqi ilə çıxış edənlər fərqindədirlərmi ki, Azərbaycanda heç etnik, milli hüquqlar zəminində deyil, istənilən başqa bir motivdə meydana çıxan adamlara o zorakılığın milyonda biri tətbiq olunsa, bizi ən ağır sanksiyalarla hədələyirlər? Bunu müstəsna olaraq Strasburqun haqqı sayırlar ki, bizə göstəriş versin. Bununla da real prokurorlar kimi davranırlar. Sanki bu ölkə yalnız Brüsseldən və digər Avropa paytaxtlarından avrokomissarlar tərəfindən idarə olunmalıdır. Elə bilin ki, bir seçilməmiş hakimiyyət mövcuddur və biz onların diqtəsinə tabe olmalıydıq. Ona görə də iki vəziyyətin hər birində onların arqumentlərinin kəsərsizliyini görməkdəyik. Zamanında Qarabağa onların gərəkən reaksiyalarını görmədiyimizdən, açıq-aşkar bu gün Ermənistanı təcavüzə stimullaşdırdıqlarından qarşılarında Krımı və Kataloniyanı gördülər. Baxın, Yeni Kaledoniya Fransadan 2018-ci ildə qopacağını bəyan edir. Onun ərazi baxmından fikri Paris üçün önəmli deyil, ancaq məsələ dağılmaların nə səviyyədə getməsidir. Belçikada Valoniya və Flamandiya bəyan edirlər ki, onlar Brüsselə tabe olmaq istəmirlər, çünki əsas iqtisadi istehsalçı regionlardır. Bu siyahını davam etmək də olar. Yaxın Şərqdə yaşananlar isə bizə bəllidir. Buna görə də açıq şəkildə sualla çıxış edirəm. Bildirirdilər ki, demokratiyada sakitçilik konsensusdur, hökumətlərin balansla idarə olunması və millətlərin öz taleyini yaxşı müəyyənləşdirməsidir. Bəs niyə bunlar baş vermir? Əgər xaosdan Kürdüstan doğulursa, demokratiyadan Kataloniya çıxır. Deməli, məsələ təkcə bu cür reallıqlarda deyil, beynəlxalq hüququn vəziyyətindədir. Nə qədər ki, dünyada ərazi bütövlüyü məsələsi birinci yerdə olmayacaq, balkanlaşma sindromu virus kimi yayılacaq. Bu gün separatizm dünya düzənini açıq şəkildə dağıdır. Vudro Vilsonlar ötən əsrin əvvələrində əsas düsturu diqtə etməyə başlayırdılar və Amerikanın dünya hökmranlığı yeni meydana çıxırdı. İndi isə tamam ayrı bir vəziyyətdir. Amerika Yuqoslaviyanı bölübsə, Rusiya da deyir ki, Ukraynada Krımla niyə məhdudlaşsın ki? Sabah Luqanskı tanıyacaqlar, sonra Donetski də bir dövlətə çevirəcəklər. Görəcəksiniz ki, ətraf bu cür dövlətciklərlə doludur. Hesab edirəm ki, bütün bu stiuasiya və beynəlxalq şəraitdə vahid prinsiplərin müəyyənləşdirilməsinə keçirilməlidir”.
Z.Oruc bu kontekstdə Qarabağ üçün bir daha baza, start nöqtəsinə qayıdılmasını təklif edib:
“Avropa Birliyi, Avropa Parlamenti, ATƏT, Avropa Şurası çəriçivəsində regional konfliktlərə yanaşmada vahid standartlar, modellər, yanaşmalar qəbul olunmalıdır. Əgər beynəlxalq münasibətlər yeni böhranlar istəmirsə, biz bunu həyata keçirməliyik. Yoxsa sabah katalonlar bu toqquşmalarda həyatını itirən bir adamı özləri üçün İsaya çevirəcəklər, yaxud da əzabkeş obrazında başları üzərinə qaldırıb böyük bir müharibəyə əl atacaqlar və görəcəksiniz ki, Avropanın mərkəzində faşizm dövründəki kimi konfliktlər dalğa effekti verir. Bunun baş verməməsi üçün Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Cavid

Bu xəbər oxundu
- - -