Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə-İran yaxınlaşması Qərbi narahat edir

06.10.17, 7:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ötən gün İrana səfər edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həmkarı Həsən Ruhani ilə Yaxın Şərqdəki mövcud vəziyyəti, xüsusilə Kürdüstanın müstəqillik referendumunu müzakirə etməsi dünyanın diqqətində saxlanıldı.
Almaniyanın “Döç Velle” qəzetində Türkiyə-İran yaxınlaşması barədə məqalə yayımlanıb.
Yayımlanan məqalədə regional güclər olan Türkiyə və İranın Kürdüstan məsələsindan dolayı yenidən yaxınlaşdığı bildirilib.
“Türkiyə və İran: Keçmiş rəqiblər müttəfiq olur?” başlıqlı yazıda bu iki dövlətin yaxınlaşmasının Qərbi narahat etdiyi aydın sezilir.
Politoloq Arzu Nağıyev deyib ki, əsrlər boyu bir-birilə zid fikirdə olan iki böyük dövlətin - Türkiyə və İranın bu gün Yaxın Şərqin taleyini bölüşməsi və ən mühüm məsələlərdə birgə səy göstərməsi öz nəticəsini verəcək.
Ekspert bildirib ki, bu gün bir-birilə normal münasibət qurmağa çalışan İraq və İran, eyni zamanda, bölüşəcək məsələləri çox olan İran və Türkiyə arasındakı əlaqələr birbaşa Kürdüstanın müstəqilliyinə qarşı yönəlib.
“Çox maraqlıdır ki, son zamanlar İran və Türkiyənin müttəfiqinə çevrilmiş Rusiya Səudiyyə Ərəbistanının böyük bir nümayəndə heyətini qəbul etdi. Düşünürəm ki, bu görüşdə əsas məqam məhz ərəb dövlətləri və Yaxın Şərqlə bağlıdır. Fikir verin, bu ərəfədə Türkiyə prezidentinin İrana səfəri zamanlama baxmından çox diqqət çəkir. Dünyanın ayrı-ayrı nöqtələrində reallaşan bu iki mühüm görüş heç də təsadüfi deyil. Türkiyə və İranın Yaxın Şərqdə üst-üstə düşən maraqları ondan ibarətdir ki, İraqın bölünməsində məzhəb məsələsi var. Bundan başqa, Kərkük, Ərbil və Səncərlə bağlı Ankaranın da öz maraqları var. Bu gün Kürdüstan fonunda Yaxın Şərqdə baş verən münaqişədə əsas məqamlardan biri karbohidratlarla zəngin olan boru kəmərinin Türkiyə ilə bağlı olmasıdır. İran ümumiyətlə istəməz ki, Kürdüstan kimi bir dövlət yaransın və ABŞ, İsrail öz hərbi birləşmələrini məhz bu ərazidə yerəşdirsin. Çünki bu, birabaşa Türkiyə və İranın təhlükəsizliyinə böyük təhdid deməkdir. Hesab edirəm ki, əsrlər boyu bir-birilə zidd fikirdə olan iki böyük dövlətin - Türkiyə və İranın bu gün Yaxın Şərqin taleyini bölüşməsi və ən mühüm məsələlərdə birgə səy göstərməsi öz nəticəsini verəcək”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə deyib ki, Ərdoğanın İrana səfəri əslində tarixi hadisədir. Çünki ilk dəfədir ki, Türkiyə ilə İran arasındakı münasibətlər bu cür strateji səviyyəyə qalxır.
Politoloq hesab edir ki, artıq bundan sonra İranla Türkiyə Yaxın Şərqin taleyini həll edən mühüm iki dövlətə çevriləcək:“Bu iki ölkənin bundan sonra əsas fəaliyyəti müxtəlif sahələrdə əməkdaşlıqla yanaşı, Kürd Muxtariyyəti və onun yaratdığı vəziyyədən çıxış yollarını tapılmasından ibarət olacaq. Bundan öncə Türkiyə və İranın müdafiə nazirləri və Baş Qərargah rəisləri hərbi əməliyyatların ümumi planını nəzərdən keçiriblər. İndi isə prezidentlər səviyyəsində bölgədə keçiriləcək tədbirlərin ümumi xarakteristikasını birlikdə müzakirə etdilər. Hələ ki, Kürd Muxtariyyətinə qarşı ciddi sanksiyaların tətbiq edilməsi prosesi gedir. Bir müddət bu sanksiyalar daha da ağırlaşdırılacaq, hətta gündəlik tələbat məhsullarının göndərilməsi də minimuma endiriləcək, yaxud da tamamilə kəsiləcək. Əgər Bərzani referendumun nəticələrini ləğv etməsə, hərbi əməliyyatlar başlayacaq. Onsuz da İraq ordusu ilə İranın Haşdi-Şabi qüvvələri Kərkükdə hərbi əməliyyatlar aparırlar və əksər kəndlər ələ keçirilib. Bu yaxınlarda Kərkük də ələ keçiriləcək. Bundan sonra Kürd Muxtariyyətinin bəzi əraziləri qalır ki, o ərazilər üzrə də dirənmə davam etdirilərsə, Türkiyə, İran və İraqın ortaq əməliyyatları qaçılmaz olacaq. Hərbi əməliyyatlara türkman qüvvələri də qoşulacaq. Türkiyənin Hərbi Hava Qüvvələri isə havadan logistik dəstək verəcək”.
Politoloq bildirib ki, Bərzaninin bütün bu reallıqları dərk etməməsi və geri çəkilməməsi inandırıcı görünmür. Əks təqdirdə Bərzani öz həyatını da itirə, xalqı isə çox böyük itkilərə məruz qala bilər:
“Bu səbəbdən İran və Türkiyə arasındakı hazırkı strateji danışıqlar bölgənin taleyinə çox mühüm təsir göstərəcək, sepratizmə, sərhədlərin yenidən müəyyən edilməsinə ciddi əngəllər törədəcək. Çünki Yaxın Şərqə dair sərhədlərin biçilməsinə imkan verməyən bir çox sazişlər mövcuddur. Bu sazişlər 1926-cildən tutmuş 1986-ci ilə qədər böyük bir zamanı əhatə edir və dövlətlər buna əməl etmək məcburiyyətindədirlər”.

Bu xəbər oxundu
- - -