Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezidentin iradı nəticə verəcəkmi?

06.10.17, 9:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Həmsədrlər bu gün Bakıya gəlirlər

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Ermənistanın işğalçılıq siyasətini pisləməklə yanaşı beynəlxalq təşkilatların münaqişənin həllində ikili standartlardan çıxış etməsi və həmin təşkilatların fəaliyyətinə haqlı olaraq irad tutması Minsk qrupu həmsədrlərinin fəaliyyətində dönüçün yaradıb, yaratmayacağı bu gün aktual mövzu olaraq qalmaqdadır.
Baxmayaraq ki, Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq. Amma həmsədrlər 25 ilə yaxındır Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirənməsi ilə “barışmırlar”. Prezidentin bu iradlarından sonra münaqişənin həllində hansısa dəyişiklik müşahidə olunacaqmı və prezidentlərin növbəti görüşündə işğalçı Ermənistan hansı mövqe sərgiləyəcək?
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən Yerevanda olublar, bu gün isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.
Politoloq Fikrət Sadıqov deyib ki, Ermənistan uzun fasilədən sonra masa arxasına qayıdır.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə İrəvanın yenidən danışıqlara qayıtmasını vurğulaması təsadüf deyil:
“Görünür, Ermənistan başqa çıxış yolunun qalmadığını artıq başa düşür. Digər tərəfdən, biz başqa bir məqamla üzləşirik. BMT çərçivəsində danışıqlar baş tutdu, indi də dövlət başçılarının görüşü gözlənilir. Bu fonda ümidverici bəyanatlar səslənir, hətta belə bir ehtimal var ki, məsələnin tənzimlənməsi ilə bağlı yeni təkliflər hazırlanır və bu təkliflər qarşıda danışıqlar prosesinin müzakirə predmetinə çevrilə bilər. Əgər həqiqətən belə olarsa, bu, Bakının maraqlarına cavab verəcək. Çünki Azərbaycan görüş naminə görüşlərə qatılmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoyub. Azərbaycan bu illər ərzində çox görüşlərə qatılıb və çox vədlər eşidib. Hesab edirəm ki, artıq konkret addımların atılmasının vaxtı gəlib çatıb. Əgər yeni həmsədrlər tərəfindən bəhs edilən yeni təkliflər irəli sürülərsə, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Söhbət ilk növbədə işğal olunmuş ərazilərin boşaldılmasından və azad olunmasından gedir. Digər məsələlər isə artıq sonranın müzakirə mövzusudur və Azərbaycan ikinci mərhələdə müzakirələrə hazırdır”.
Politoloq Tofiq Zülfüqarov isə bildirib: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə diqqət yetirsək, görərik ki, bu barədə açıqlamalar çox az verildi. Hətta bu danışıqların hansı baza əsasında baş tutmasıyla bağlı sadə bir suala da cavab almamışıq. Bu danışıqlar Hoqlandın məşhur bəyanatından irəli gələn mövqeyi və “Lavrov planı” deyilən bir bazanın üzərində baş tutub. Hər halda mən o fikirdəyəmdəm ki, orada ciddi müzakirə olunan məsələlər mövcud deyildi. Çünki bundan öncə Ermənistan tərəfindən səslənən fikirlər onu göstərir ki, İrəvan nəinki güzəştə getmək, hətta öz mövqeyini belə dəyişmək niyyətində deyil.
O ki qaldı qarşıda prezidentlərin görüşünə, biz başa düşməliyik ki, artıq bu cür görüşlər daha çox daxili siyasətə xidmət kimi qəbul olunmalıdır. Çünki bildiyiniz kimi, gələn ilin əvvəlində Ermənistanda Konstitusiya islahatları yekunlaşacaq və prezidentlik səlahiyyətləri baş nazirə veriləcək. Serj Sərkisyan yenidən baş nazir kimi dövlətin başçısı olmaq istəyir. Bu baxımdan da hesab edirəm ki, Sərkisyan bu görüşə nail olmaqla daxili auditoriyada mövqeyini gücləndirmək istəyir. Çünki Sərkisyan öz daxili auditoriyası üçün işğalçı ritorikadan əl çəkən deyil və o, bununla Azərbaycan tərəfinin danışıqlara getdiyini göstərmək istəyir. Yəni bir növ danışıqlara getməklə bu və ya digər şəkildə işğalçı ritorikanı qəbul olunmuş kimi vurğulayılar. İstisna etmirəm ki, Rusiya tərəfi də öz monopoliyasını davam etdirmək üçün bu görüşü təkidlə təkşil etmək niyyətində olacaq. Bu görüşdən Azərbaycanın xeyri yoxdur. Çünki məsələnin həllində heç bir irəliləyiş gözləmək mümkün deyil”.
Politoloq onu da deyib ki, Ermənistan tərəfi beş rayonun geri qaytarılmasını heç cür qəbul etmir. İkincisi, Lavrovun bəyanatı təsdiqləyir ki, guya, bu beş rayon Dağlıq Qarabağın statusunu dəyişməlidir. Əgər statusu dəyişirsə, deməli, açıq başa düşməliyik ki, Ermənistan birmənalı Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin bir qismini qaytarır və Dağlıq Qarabağ, Laçın, Kələbəcər ya Ermənistana birləşdirir, ya da Dağlıq Qarabağda “müstəqil” dövlət yaradılır. Azərbaycan belə bir təklifi heç bir halda qəbul etməyəcək. Artıq həmsədrlər 6 dəfə bu və ya digər şəkildə Madrid prinsiplərini açıqlayıblar: “Hesab edirəm ki, bu baza üzərində görüşlərə qatılmağın doğru olub-olmaması qənatinə gəlmək üçün Azərbaycan ictimaiyyətinə bu plan tam şəkildə bildirilməlidir. Bundan sonra qərar gəlmək olar ki, Lavrov bazası üzərində danışıqları davam etmək lazımdır, yoxsa yox”.
T.Zülfüqarov vurğulayıb ki, Ermənistanın siyasətində ən əsas rol oynayan Rusiyadır. Son baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Rusiya Sərkisyanı dəstəkləyir və Moskva Konstitusiya transformasiyasından sonra Sərkisyanın hakim Respublika Partiyasının qalib gəlməsinin və yenidən baş nazir simasında ölkəni idarə etməsinin tərəfdarıdır. Bu fonda İrəvanın mövqeyində hansısa yenilik gözləmək, təbii ki, mümkün deyil. İlin sonuna kimi nəzərdə tutulan prezidentlərin görüşü də məhz Rusiyanın Sərkisyana və onun imicinə dəstəyin elementlərdən biri olmalıdır. Yəni biz danışıqları aparırıq, işğalçı siyasəti davam edəcəyik və sizi bu “qələbəyə” aparan Sərksiyan və onun partiyasıdır. Hazırkı və bundan sonrakı situasiyanın cizgiləri bundan ibarətdir.
Ekspert Elşən Həsənov isə bildirib ki, Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinin heç bir mənası yoxdur: “Prezindent iradını açıq şəkildə bildirdi, mövqeyini ortaya qoydu. Birinci dəfə deyil ki, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsini deyir. Minsk qrupunun həmsədrləri ilə görüşlərində də president Azərbaycan tərəfinin onların fəaliyyətindən narazı qaldığını vurğulayıb. Lakin bu iradların heç bir nəticəsi olmayıb. Mənə elə gəlir ki, prezidentin belə qətiyyətli mövqeyindən sonra artıq Ermənistan tərəfi başa düşəcək ki, Azərbaycanın səbri daşıb. Ordunu hərəkətə gətirməyin vaxtı çatıb. Həmsədrlərə bel bağlamaq olmaz. İyirmi beş ildən artıqdır ki, münaqişənin həllinə heç bir beynəlxalq təşkilay təhfəsini verməyib, sadəcə bəyanatlar verməklə işlərini bitirmiş hesab ediblər. Mən yenə də qətiyyətlə deyirəm ki, Ordunu ayağa qaldırmağın və işğalçılardan tez bir zamanda torpaqlarımızı almağın vaxtıdır”.
“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri Aleksandr Duqin isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın “Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər.
Kremlin strateqlərindən biri hesab olunan Duqin erməni mətbuatına verdiyi müsahibədə deyib ki, prezidentlərin görüşü çox vacibdir, çünki Erməni-Azərbaycan münasibətlərində vəziyyət o həddə çatıb ki, artıq problemin həlli mümkünsüz hala gəlir:“Bu böranın həllinə nail olmaq lazımdır. Hesab edirəm, prezidentlərin görüşündə Qarabağın 5 rayonun azad edilməsi məsələsi qaldırılacaq, ancaq problem ondadır ki, Ermənistanın nəzarətində olan 5 rayonun Azərbaycana qaytarılması həm Ermənistan, həm Rusiya, həm də Azərbaycan mətbuatında yanlış işıqlandırılır. Güzəştsiz bir mövqe formalaşdığına görə bu barədə həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanda danışmaq çox çətindir.
Məsələn, erməni mətbuatında Ermənistanın milli maraqlarına xəyanət fikri üstünlük təşkil edir. Azərbaycan mətbuatında bunu, əksinə, qələbə kimi dəyərləndirirlər. Rusiya mətbuatında isə bu plana heç kim ciddi münasibət bəsləmir. Mənim fikrimcə, plan çox yaxşı hazırlanıb və jurnalistlərin də bunu düzgün təqdim etməsi çox vacibdir".
Cavid

Bu xəbər oxundu
- - -