Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

NATO maraqlanır: Rusiya Belarusdan bütün qoşunlarını çıxarıbmı?

06.10.17, 10:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

NATO-nun baş katibi Jens Stoltenberq deyib ki, Qərb alyansı Rusiyanın bu yaxınlarda keçirdiyi hərbi manevrlərdən sonra qoşunlarının hamısını Belarusun ərazisindən çıxarıb-çıxarmadığını araşdırır. Rusiyanın Zapad 2017 kod adlı hərbi təlimləri Belarus və Rusiyanın qərb regionlarında keçirilirdi və qonşu ölkələrin ciddi narahatlığına səbəb olmuşdu. Stoltenberq oktyabrın 5-də AzadlıqRadiosuna deyib ki, NATO Zapad-2017 təlimlərini “çox diqqətlə izləyib”, lakin bu barədə “hər hansı yekun qiymətləndirməni səsləndirmək tezdir”.
Baş katib deyib ki, bu təlimlərdən sonra Rusiyanın hər hansı hərbi birliyi Belarus ərazisində yalnız bu ölkənin razılığı ilə qala bilərdi, lakin Rusiyanın müdafiə naziri bütün qoşunların Belarusdan çıxarıldığını deyib. Stoltenberq deyib kİ, “biz hazırda bu bəyanatın həqiqətə uyğunluğunu yoxlayırıq”. Sentyabrın 14-20-də keçirilmiş bu hərbi oyunlar Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsini hələ də xatırlayan qonşu ölkələri narahat edirdi.
Moskva və Minsk manevrlərdə 12700 hərbçinin iştirak etdiyini bildirsə də, Qərb rəsmiləri əslində söhbətin 100 minədək əsgərdən getdiyi barədə ehtimal söyləyirdilər. Sentyabrın 30-da Moskva Ukrayna silahlı qüvvələri qərargah rəisi Viktor Mujenkonun iddialarını rədd etmişdi. Mujenko iddia edirdi ki, Rusiya hərbi təlimlərdən sonra qoşunlarından bəzilərini Belarusda saxlayıb. Belarusun Müdafiə Nazirliyi isə bəyan etmişdi ki, Zapad-2017 hərbi manevrlərində iştirak etmiş Rusiya əsgərlərinin sonuncu eşelonu Belarusu sentyabrın 28-də tərk edib.
Stoltenberq “AzadlıqRadiiosu”na deyib ki, hazırda hər hansı NATO üzvünə birbaşa təhlükə yoxdur, lakin Rusiyanın son illərdə hərbi qüdrətini artıması və daha təcavüzkar davranması onun qonşuları üçün narahatlıq doğurmaya bilməz. NATO və Moskva arasında son illər münasibətlər gərgin olsa da, iki tərəf ara-sıra dialoqu davam etdirir. Rusiya və NATO elçilərinin növbəti görüşü bu payıza planlaşdırılıb. Stoltenberq deyib ki, Rusiyanın varlığı inkar edilə bilməz və NATO Soyuq müharibə və ya silah yarışı istəmir.
Rusiyanın Ukraynanın şərqinə sülhməramlıların gətirilməsi barədə BMT-yə verdiyi təklif barədə danışan Stoltenberg deyib ki, beynəlxalq qüvvələr Rusiya ilə separatçı Donetsk və Luqansk vilayətlərinin sərhədləri də daxil bütün münaqişə bölgəsinə yeridilməlidir. Ukrayna bildirir ki, separatçılar canlı qüvvə və hərbi texnika dəstəyini Rusiyadan məhz bu sərhəd üzərindən alırlar.

Bu xəbər oxundu
- - -