Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illiyinə həsr olunmuş konfrans

06.10.17, 11:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu tibb məntəqəsində ilk dəfə körpə qığıltısı 90 il əvvəl eşidilib. 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil edilərək yenidən qurulan Ana və Uşaqların Mühafizə İnstitutu ötən müddət ərzində böyüyüb inkişaf edərək ölkəmizin ən böyük uşaq müalicə mərkəzlərindən birinə çevrilib. Bir əsrə yaxındır ki, pediatriya ocağı həm müalicə, həm də təhsil müəssisəsi kimi fəaliyyət göstərir, ana və uşaqların sağlamlığı keşiyində dayanır. İndi institutda 245 çarpayılıq 8 klinik şöbə fəaliyyət göstərir, 50 çarpayılıq yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir. Hər il burada 30 mindən çox xəstə uşağa stasionar və ambulator tibbi xidmət göstərilir.
"Hyatt Regency" otelində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda bu barədə danışılıb. Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov, Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Türkiyə Respublikası Pediatrlar Birliyinin baş katibi, professor Ənvər Həsənoğlu, Rusiya Federasiyası Milli Elmi-Praktik Uşaq Sağlamlığı Mərkəzinin direktor müavini, Avropa Pediatrlar Assosiasiyasının prezidenti, akademik Leyla Namazova-Baranova, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev konfrans iştirakçılarını salamlayıb, institutun 90 illiyi münasibətilə tibb müəssisənin kollektivini, həkim və pediatrları təbrik edib.
İnstitutun direktoru, professor Nəsib Quliyev 90 il ərzində keçilən tarixi yol və ayrı-ayrı dövrlərdə inkişaf mərhələləri haqqında ətraflı məruzə edib. Məruzədə qeyd olunub ki, son illər ölkəmizdə uşaq sağlamlığının səviyyəsi əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Ötən əsrin 90-cı illərinin əvvəllərində doğulan hər min uşağa ölüm göstəricisi 29,5 faiz təşkil edirdisə, 2016-cı ilin yekunlarına görə həmin göstərici üç dəfəyə qədər azalaraq 10,2 promilliyə düşüb. 1994-cü ildə hər yüz min anaya ölüm göstəricisi 43,3 olmuşdusa, ötən ilin yekunlarına görə həmin göstərici 13,8 promilli təşkil edib. Müstəqilliyin ilk illərində epidemiya və yoluxucu xəstəliklərə qarşı cəmi beş peyvənd aparılırdısa, indi dünyanın aparıcı ölkələrində olduğu kimi daha altı peyvənd də aparılır və bunların hamısı dövlət vəsaiti hesabına həyata keçirilir. İndi ölkəmizdə demək olar ki, bütün uşaqların sağlamlıq kartları var və körpə doğulandan onun sağlamlıq vəziyyəti ilə bağlı bütün məlumatları həmin kartdan öyrənmək mümkündür.

Bu xəbər oxundu
- - -