Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı izahat-məlumatlandırma tədbirləri

06.10.17, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi ilə bağlı yerli şöbələrin əməkdaşları üçün respublikamızın bölgələrində keçirdiyi izahat-məlumatlandırma tədbirləri Şəki şəhərində təşkil olunan seminar-müşavirə ilə yekunlaşıb. ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun 8 rayon (Şəki, Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən) şöbəsinin pensiya təyinatını həyata keçirən əməkdaşlarının iştirakı ilə keçən tədbirdə sığorta-pensiya sistemində aparılan növbəti islahatların pensiya təminatı sisteminin müasir tələblərə uyğun və sığorta prinsipinin gücləndirilməsi əsasında təkmilləşdirilməsi məqsədinə xidmət etdiyi vurğulanıb. Bu islahatların məqsəd və mahiyyəti, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı görüləcək işlər, Azərbaycan Respublikasının Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr iştirakçıların diqqətinə çatdırılıb.
Fondun mütəxəssisləri pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi qaydaları barədə ətraflı məlumat veriblər. Yerli şöbələrin əməkdaşlarına 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin aparılması və həmin vaxta qədər istifadə olunmamış pensiya kapitalının yenidən hesablanması qaydası, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa görə və əlilliyə görə pensiya hüququnun yaranması, pensiya öhdəliklərinin strukturu və s. izah olunub. Yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması, yaşa görə pensiya məbləğinin hesablanması, həmçinin işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydalarından bəhs olunub. Tədbirdə iştirakçıların müvafiq məsələlərə dair sualları da cavablandırılıb.
Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı (Fondun aparatı), Gəncə və Şirvan şəhərlərində, Xaçmaz, Masallı, Yevlax, Şəki rayonlarında seminar-müşavirələr keçirilib. Bu tədbirlərdə Fondun respublikamızın bütün rayon (şəhər) şöbələrinin aidiyyəti sektorlarının əməkdaşlarının iştirakı və onlara pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi məsələlərinə dair izahatların verilməsi təmin edilib.

Bu xəbər oxundu
- - -