Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qəbələ”nin çempionluğu Dabonun bombardir olmasından üstündü”

09.10.17, 12:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qəbələ” klubunun hücumçusu Baqali Dabonun apasport.az saytına müsahibəsi

- Çempionatda yaranmış fasilədən istifadə edərək, “Neftçi” ilə yoxlama matçı keçirdiz...
- Yaxşı oyun oldu. Fasilədən lazımınca yararlanmalıydıq. Odu ki, “Neftçi” ilə görüşün hər iki komanda üçün əhəmiyyəti böyükdü. Heyətimizdə gənc futbolçular var. Onların kollektivə uyğunlaşması üçün bu cür matçlar vacibdi. Cavan uşaqlar da özlərini pis göstərmədilər. Düzdü, 2:1 hesablı qələbə qazandıq. Amma yoxlama görüşlərində nəticə rol oynamır.

- Çempionatın VIII turunda “Sumqayıt”ın qonağı olacaqsız. İlk dövrədə 1:0 hesabı ilə üstələdiyiniz komandanı yenə məğlub edə biləcəksizmi?
- Azarkeşlərimizin bizdən qələbə gözlədiklərini bilirik. Elə özümüz də yalnız 3 xal barədə düşünürük (gülür). İkinci dövrəyə yaxşı başlanğıc etməliyik. Buna görə də, “Sumqayıt”la oyun bizim üçün böyük önəm kəsb edir. Görüşə çox yaxşı hazırlaşırıq. Rəqib də boş dayanmır, onlar da yoxlama matçı keçirdilər. Qələbə qazanacaq gücdəyik. Amma “Sumqayıt” da yaxşı komandadı. Bu mövsüm sərgilədikləri oyun sözlərimi təsdiqləyir. Üstəlik, onların stadionu süni örtüklüdü. O cür meydanda oynamaq isə asan deyil. Bir sözlə, bizi çətin oyun gözləyir. Lakin bu, hədəfimizi dəyişmir. Meydana qələbə üçün çıxacağıq.

- İlk dövrədə 13 xal toplayan “Qəbələ” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu nəticə sizi qane edirmi?
- Əlbəttə ki, qane etmir. “Qəbələ” iddialı komandadı. Hədəfimiz çempion olmaqdı. Amma qarşıda hələ çox oyun var. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıra bilərik. Xatırlayıram, keçən mövsüm birinci dövrədən sonra “Qarabağ” da 3-cü pillədə qərarlaşmışdı. Amma yekunda qızıl medallara məhz onlar sahib çıxdılar. Çox işləməliyik. Yalnız bu halda, yaxşı nəticəyə nail ola bilərik.

- Premyer Liqanın cari mövsümündə 3 qola imza atmısız. Bombardirlər yarışında qalib olacağınıza inanırsızmı?
- Hazırda mərkəz hücumçusu kimi oynamıram. Baş məşqçi məni vinger mövqeyində oynadır, yəni cinahda yer alıram. Komandamın hücumlarının qurulmasında yaxından iştirak edirəm. Üstəlik, müdafiə xəttinə də köməyim dəyir. Meydanın hər hissəsində görünə bilərəm. Mənim üçün bombardir olmaq elə də vacib deyil. “Qəbələ”nin çempionluğu Dabonun bombardir olmasından üstündü (gülür).

- Yeni mövqeyinizdə çıxış etmək sizin üçün rahatdımı?
- Meydanda mənə sərbəstlik veriləndə daha rahat oluram. Bu mövqedə çıxış etməkdə də problem görmürəm. Mənim üçün rahatdı. Məşqçi hansı mövqedə oynamağımı istəyirsə, hazıram.

- “Qəbələ”də sizinlə yanaşı, Stiven Jozef-Monroz, Famussa Kone, Ruslan Qurbanov və Ekiqo Ehiosun kimi hücumçular var. Onlarla rəqabət aparmaq çətin deyil?
- Düz qeyd etdiniz, kifayət qədər hücumçumuz var. Bu, təkcə mənim yox, bütün futbolçuların xeyrinədi. Çünki rəqabət olan yerdə inkişaf gedir. Xatırlayırsızsa, keçən il mən zədələnəndə komanda çətin vəziyyətlə üzləşmişdi. Bu il isə elə deyil. Cari mövsümdə daha geniş heyətə sahibik.

- Əksəriyyət ötən mövsümdəki “Qəbələ”nin daha yaxşı oyun göstərdiyini düşünür. İlk dövrədən sonra turnir cədvəlindəki mövqeyiniz də bunu təsdiqləyir...
- Hansı “Qəbələ”nin daha güclü olduğu mövsümün sonunda bilinəcək. Hələ cəmi 7 tur geridə qalıb, mübarizə irəlidədi.

Bu xəbər oxundu
- - -