Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə NATO üzvü olduğu üçün “S-400”lərin alınmasında problem yarandı

10.10.17, 8:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rəsmi Ankara Rusiyadan “S-400” raketlərini almaqdan imtina edə bilər.
Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. Türkiyəli diplomat deyib: “Biz orta və uzun vadəli müştərək istehsal barədə razılıq əldə etmişdik. Vladimir Putin deyib ki, biz müştərək istehsal üçün addımlar ata bilərik. Bu səbəbdən texnologiya aktual olacaq. Amma Rusiya bu məsələyə müsbət yanaşmasa, biz başqa ölkə ilə razılaşa bilərik”.
Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə bu problemi ən qısa müddətə həll etməlidir. Çünki “S-400”ə ehtiyac var: “Biz hava məkanımızı müdafiə etməliyik. Amma əgər Rusiya əleyhinə çıxış edən ölkələr Türkiyənin Rusiyadan "S-400" almasını istəmirlərsə, bizə öz variantlarını təqdim etməlidirlər”.
Azərbaycanlı siyasətçilər düşünürlər ki, problemlər Türkiyənin NATO üzvü olduğuna görə baş qaldıra bilər. Politoloq Arzu Nağıyev bildirib ki, hər bir dövlətin istənilən ölkə ilə xarici müqaviləsi ola bilər. Onun sözlərinə görə, istənilən silahların alınmasında bu razılaşma ola bilər.
“Türkiyə “S-400” raketlərinin alınması ilə bağlı Rusiya ilə müvafiq müqaviləsi də vardı. Hətta nəzərdə tutulan vəsaitin bir hissəsi də ödənilmişdi. Eyni zamanda, Türkiyənin ərazisində NATO standartlarına uyğun olaraq kodlaşdırılmış silahların da alınması istiqamətində müəyyən addımlar atılmalıydı. Yəni bu problemlər Türkiyənin NATO üzvü olduğuna görə baş qaldıra bilər. Məlum məsələdir ki, hava hücumundan müdafiə, eyni zamanda uzaq məsafədəki hədəfləri məhv etmək üçün belə raketlərin alınması çoxdan gedən müzakirədir. Təbii ki, NATO da bu məsələyə öz fikirini bildirmişdi. Onlar bunun əleyhinə olmuşdular”, - deyə siyasətçi bildirib.

Arzu Nağıyev düşünür ki, bu gözlənilən bir məsələ idi: “Avropa və NATO Rusiya ilə Türkiyə arasında bu müqavilənin bağlanmasının əleyhinə idi. Yəqin ki, bu problem iki dövlət arasında masa arxasında həll edilə bilər. Kodlaşma məsələsinə gələndə, söhbət burada təkcə “S-400” raketlərindən getmir. Bir vaxt Gürcüstana da satılmış silahlar 2008-ci ildə funksiyalarını sona qədər yerinə yetirmədi. Bu çox ehtiyatla davranılası bir məsələdir. Düşünürəm ki, Türkiyədə hər hansı bir sadə dövlət deyil ki, bunu özbaşına buraxsın. Mütəxəssislərin müvafiq qərarı olacaq. Düşünürəm ki, bu həll olunan məsələdir”.
Politoloq ABŞ-İran münasibətlərinə də toxunub. Bildirib ki, ABŞ ilə İran arasında gərginlik artıb. Amerika rəhbəri Donald Trampın İranla bağlanmış razılığın ləğv ediləcəyilə bağlı verdiyi açıqlamadan sonra İran hökuməti daha sərt bəyanat ilə çıxış edib.
İranın xarici işlər nazirinin mətbuat katibi Bəhram Kasımi bəyan edib ki, Trampın hərəkətləri iki ölkə arasında qarşıdurmaya səbəb olur: “Son dövrlər Trampın nüvə müqaviləsini ləğv etmək ehtimalı ilə ABŞ və İran arasında gərginlik artır. Müqavilə çərçivəsində Tehran nüvə proqramına nəzarəti qəbul edib. Əvəzində isə İrana tətbiq edilən sanksiyalar ləğv edilmişdi. Son günlər isə Tramp müqaviləni ləğv edəcəyini, İran İslam İnqilabı Keşikçiləri Korpusu və Hizbullaha qarşı yeni həmlələr edəcəyini bildirib”.
İran prezidenti Həsən Ruhani isə deyib: “Nüvə müqaviləsinin faydalarını Tramp yox, 10 Tramp da gəlsə, geri ala bilməz”.
Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq bildirib ki, bu müqavilə pozulsa belə, Trampın seçkiqabağı verdiyi vədlərdən əsası məhz nüvə başlıqları olan dövlətlərə qarşı sanksiyaların davamı məsələsidir. Onun fikrincə, Obama vaxtında həmin razılaşmalarda müəyyən yumşalmalar vardı ki, Tramp bunu daha da sərtləşdirir.
“Düşünürəm ki, bu məqamlardan əsası nüfuz məsələsinin artması ilə bağlıdır. Məqsəd Yaxın Şərqdə və ümumiyyətlə regionda müsəlman dövlətlərinə, xüsusilə İrana nüvə silahı olan ölkəyə çevrilməsinə imklan verməməkdir. Bu Trampın seçkiqabağı verdiyi vədin davamıdır”, - deyə A.Nağıyev bildirib.

Bu xəbər oxundu
- - -