Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Lavrov planı” nədir və Bakı niyə 5 rayonla razılaşmır?

10.10.17, 9:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dağlıq Qarabağ məsələsi üzrə danışıqlarda müəyyən hərəkətlilik var. Hiss olunur ki, xarici işlər nazirlərinin görüşü müsbət mənada alınıb və müəyyən nəticələr müzakirə edilib.
Bu sözləri politoloq Qabil Hüseynli Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin prezidentlərin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağı ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib. O bildirib ki, hazırda proseslər elə gətirib ki, 5 rayonun verilməsi birmənalı şəkildə təsdiq olunarsa, Azərbaycan da hansısa kompramisə getmək məcburiyyətində qala bilər:
“Duqin və onun kimi ideoloqlar, siyasətçilərin belə açıqlamalar verməsinin əsas səbəbi Rusiyanın Azərbaycanla münasibətlərinin yaxşılaşdırmasına nail olmaqdır. Xüsusilə onlar başa düşür ki, Rusiyanın Cənubi Qafqazda mövqeyinin möhkəm olması ilk növbədə Azərbaycan və Rusiya münasibətlərindən xeyli dərəcədə asılıdır. Bu münasibətlərin möhkəmlənməsi yolunda ən ciddi maneə isə Dağlıq Qarabağ problemidir. Ona görə də onlar bu problemin həlli edilməsini, müsbət nəticələr əldə olunmasını, işğal edilmiş rayonların qaytarılmasını həqiqətən də istəyirlər. İki ölkənin xarici işlər nazirlərinin görüşündə kifayət qədər ciddi nəticələr əldə olunduğunu deyə bilərik. Bundan ruhlanan Minsk Qrupunun həmsədrləri artıq prezidentlərin görüşünü hazırlamağa çalışır və iki ölkənin prezidentlərinin görüşünün keçiriləcəyi artıq istisna edilmir. Onlar həm də regiona səfər ediblər. Regiona səfər zamanı hər iki ölkə başçısı ilə görüş keçirilib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında danışıqlar aparılıb. Belə demək olar ki, stol üzərində müzakirə ediləcək sənədlər artıq xarici işlər nazirləri səviyyəsində razılaşdırılıb. Bu nöqteyi-nəzərdən prezidentlərin görüşü zamanı da ortada olan və həllini gözləyən sənədlərin müzakirə ediləcəyi gözənilir. Bu da Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru addım ola bilər. Ümumiyyətlə, baş verən prosesləri pozitiv dəyərləndirmək olar. Belə hesab edirəm ki, müəyyən çətinliklərə baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini ortaya qoya bilib”.
Politoloq həm də ideoloqların və siyasətçilərin “Lavrov planı” adlandırdığı həll modelinə diqqət çəkib:“Lavrov planı” Kazan şəhərində Prezident İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb. Burada Rusiya Xarici İşlər naziri Sergey Lavrovun hər hansı əhəmiyyətli rolu olmayıb. Bu razılaşma xarici işlər nazirlərinin və prezidentlərin səyləri nəticəsində mümkün olub. “Lavrov planı”nın Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yoxdur. Sadəcə, bu planda ilk dəfə olaraq 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib. Lakin aprel döyüşlərindən sonra Lavrov İrəvanla Bakı arasında müəyyən görüşlər keçirdi, problemin həllinə müəyyən cəhdlər etdi. Bu zaman 5 rayonun qaytarılmasını bir növ öz planı kimi təqdim etməyə başladı. Amma 5 rayonun qaytarılması məsələsi artıq 10 ildir ki, gündəmdədir. Bunun “Lavrov planı” adlanmasının heç bir əhəmiyyəti yoxdur”.
Politoloq vurğulayıb ki, Lavrov indiyə qədər Dağlıq Qarabağ probleminin həlli yolunda ən ciddi maneələrdən biridir:“Bu gün də Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlərin lazımi səviyyədə alınmaması Lavrovun bu işə maneə olan hərəkətləri ilə qırılmaz surətdə bağlıdır. Beş rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsin. Bu planın həyata keçirilməsində Azərbaycan üçün ən çətin məqam Dağlıq Qarabağa ermənilərin tələb etdiyi müvəqqəti statusun verilməsi məsələsidir. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə onun statusunu daha da yüksəltmək deməkdir. Bu da Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalıb-qalmayacağını sual altında qoyur. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələyə çox ehtiyatlı yanaşacaq və bu məsələnin həyata keçirilməsinə imkan verməyəcək”.
Politoloq vurğulayıb ki, hazırda Dağlıq Qarabağ probleminin həlli yolunda xarici ölkələrin də səyləri xeyli intensivləşir:“Bu məsələyə ABŞ-ın diqqəti xüsusi əhəmiyyətə malikdir. Məsələn, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer təkbaşına həm Azərbaycanın işğal altında olan bölgələrinə, həm də Azərbaycana səfər edib və oktyabrın 5-də o, separatçı rejimin başçısı Bako Saakyanla, oktyabrın 7-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. ABŞ tərəfi 7 rayonun dərhal, birmənalı qaydada Azərbacana qaytarılmasının tərəfdarıdır. Amma onlar da Dağlıq Qarabağa keçici bir status, Dağlıq Qarabağla Ermənistan arasında “Laçın dəhlizi”nə nəzarətin ermənilərə verilməsini istəyir”.
Qeyd edək ki, ötən gün mətbuata açıqlamasında Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında Dağlıq Qarabağ münaqişəsinin “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə müzakirələr aparılacağını deyib.
Aleksandr Duqin münaqişənin həlli üzrə Rusiyanın "Lavrov planı" adlandırılan həll variantının detallarını açıqlayıb:“Lavrov planı status-kvonun hüquqi vəziyyətdə saxlanması əvəzində Ermənistan tərəfindən Qarabağ ətrafındakı rayonların geri qaytarılması deməkdir. Bundan sonra vəziyyət bütün nəzər nöqtələr çərçivəsində normallaşdırılacaq və biz daha sakit, uzun dövrə girəcəyik”.
Duqinin təsvir etdiyi bu variant münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. Madrid prinsiplərinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunun 5 ildən sonra keçiriləcək referendum əsasında müəyyən etməyi təklif edir. Həmin müddət ərzində regiona sülhməramlılar yerləşdirilməli və qaçqınlar geri qaytarılmalıdır.
Ermənistan bununla razılaşmır və Dağlıq Qarbağın statusunun 1 ildən sonra müəyyən edilməsini tələb edir. Azərbaycan isə Dağlıq Qarabağın statusunun 20 ildən sonra müəyyən edilməsini tələb edir. Erməni tərəfinin tələskənliyi Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində qalmağa səs verəcəyi ilə bağlıdır. Erməni ekspertlər düşünür ki, Azərbaycan regiona böyük sərmayələr yatırmaqla erməni əhalinin maddi vəziyyətini xeyli yaxşılaşdıra bilər, həmçinin bölgənin demoqrafik durumu azərbaycanlıların xeyrinə dəyişə bilər.
Aleksandr Duqin bu fikirlərin Amerikadan qaynaqlandığını bildirir: “Bunun əleyhinə yalnız Amerika işləyir. Qalan bütün lokal, regional problemlər əslində bunun qarşısında arxa plana keçir. Buna görə indi Qarabağ ətrafında münasibətlərin yaxşılaşdırılması üçün şərait yaranıb”.
Rusiyalı politoloq bu məsələdə əsas günahı Barak Obama administrasiyasında görür və vurğulayır ki, Donald Trampın prezident seçilməsi ilə Qarabağ probleminin həllinə mane olan qüvvələr öz güclərini itiriblər. Aleksandr Duqin sosial şəbəkələrin erməni izləyicilərini həddindən hiddətləndirib. Onlar rusiyalı politoloqu satqınlıqda günahlandırıblar.
Ancaq çətin ki, Rusiya tərəflərə indiyə qədər müzakirə olunmuş nizamlama variantlarından kəskin fərqlənən, tamamilə yeni ideyalara əsaslanan hansısa təkliflər təqdim etsin. Böyük ehtimalla söhbət müxtəlif vaxtlarda müzakirə olunmuş, "Madrid prinsipləri” adı verilən və əsas müddəaları çoxdan açıqlanan nizamlama variantının yenilənmiş modifikasiyasından gedir. Və reaksiyalardan, bəyanatlardan belə nəticə çıxır ki, Azərbaycan bu variant üzrə real, intensiv sülh danışıqlarına hazırdır. Ancaq beşgünlük aprel müharibəsinin Ermənistanı da nəhayət real danışıqlar prosesinə başlaması baxımından nə dərəcədə təsirli olduğunu görmək üçün hələ gözləmək lazım gəlir.

Cavid

Bu xəbər oxundu
- - -