Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yazıçı Pərvinin “Səhnə” kitabının təqdimatı olub

10.10.17, 10:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı-dramaturq Pərvin Nurəliyevanın “Səhnə” adlı yeni kitabının təqdimatı olub.
Kitaba Pərvinin müxtəlif illərdə teatr sahəsində çalışan sənət adamları ilə müsahibələri, tamaşalar haqqında resenziyaları, pyesləri və Bakı Beynəlxalq Teatr konfranslarında qələmə aldığı məqalələri yer alıb.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, Gənc Tamaşaçılar Teatrında Pərvinin 4 əsərinə quruluş verilib və bu tamaşalar nəinki ölkəmizdə, hətta Rusiyanın bir sıra şəhərlərində də uğurla nümayiş edilib.
Qeyd edilib ki, kitab Mədəniyyət və Turizm Nazirliyi ilə “525-ci qəzet”in birgə layihəsidir. Qarşıda digər bir layihə isə Azərbaycan kinosunun 120 illiyinə həsr ediləcək kitab olacaq.
Tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev gənc yazarı təbrik edərək diqqətə çatdırıb ki, yazıçı bu kitabdakı ciddi yazılarla özünü təqdim etməyi bacarıb: “Ona cəmiyyətin, elmi ictimaiyyətin, ədəbi mühitin münasibətini görürəm. Pərvin tamam yeni təfəkkürə malik olan, ədəbiyyat havasında yaşayan, düşüncələrində, baxışlarında orijinallıq nümayiş etdirən, heç kəsə bənzəməyən, yeni nəslin ən aparıcı nümayəndələrindən biridir”. Ona böyük yaradıcılıq uğurları arzulayan nazir müavini Bakı Beynəlxalq Teatr Konfransında yazıçının yaxından iştirakını yüksək dəyərləndirib.
Bildirilib ki, o gənc yazar olaraq səmərəli fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb. Teatr Forumu çərçivəsində gənc yazarla baş tutan tanışlıq onun teatr sahəsindən mütəmadi yazılarına və forumun daimi iştirakçısına çevrilməyinə şərait yaradıb: “O, teatrsevərləri yaddaqalan yazılarla sevindirir. Bu gün Pərvinin əsərləri paytaxt teatrları ilə yanaşı, regionlarda da səhnəyə qoyulur. Onun Anarın yaradıcılığına müraciət edərək müdafiə etməsi də bizləri çox sevindirir. O, yazıçı, dramaturq, müəllim kimi daim fəaliyyətdədir. Bu fəaliyyətdə ona uğurlar arzulayıram”.
Tədbirdə çıxış edən AYB-in sədri, Xalq Yazıçısı Anar, Xalq Şairi Sabir Rüstəmxanlı, Xalq Artisti Ramiz Həsənoğlu, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, dramaturq Əli Əmirli, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi və digərləri Pərvinin yazılarının məziyyətindən, şəxsi keyfiyyətlərindən və yaradıcılığından söz açıblar.
Sonda müəllif ad günü ərəfəsində təqdim edilən kitabın ərsəyə gəlməsində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

Bu xəbər oxundu
- - -