Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezident Ermənistanın öz məqsədlərinə çatmadığını vurğulayıb”

10.10.17, 11:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahib Alıyev: “Bu ölkə havadarlarının təkidiylə danışıqlara başlayır”

Zaur Məmmədov: “Dövlət başçısı ermənilərə mesaj göndərdi ki, Dağlıq Qarabağla bağlı xəyallarından əl çəksinlər”

Zahid Oruc: “Erməni tərəfi gördü ki, əgər prezidentlər, siyasi elitalar danışmasa, səngərdə silahlar danışacaq danışacaq”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlərə toxunub. Dövlət baçısı, eyni zamanda, Dağlıq Qarabağ problemindən də danışıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilib. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir”. Prezident İlham Əliyev qeyd edib ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur: “Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir”.
Ekspertlər dövlət başçısının səsələndirdiyi fikirlərə münasibət bildiriblər.
Millət vəkili Sahib Alıyev deyib ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı İlham Əliyev Dağlıq Qarabağ probleminə toxunarkən danışıqları pozmağa çalışan Ermənistanın öz məqsədlərinə çatmadığını vurğulayıb: “Artıq bir neçə dəfədir ki, cənab Prezident bu haqda danışsa da, məlum səbəblərdən çox da detallara varmır”. Onun sözlərinə görə, həmin detallar bunlardır ki, aprel döyüşlərindən sonra Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Azərbaycana qarşı bir sıra addımlar atılmasını tələb edirdi ki, Qazaxıstan və Belarusun etirazıyla qarşılaşdı: "Daha sonra aprel ayında Ermənistan bir neçə günə itirdikləri yüksəklikləri geri alacaqlarını bildirirdi. Lakin, bunun mümkün olmadığını görüb, daha sonra Azərbaycanın azad etdiyi mövqeləri geri verməsə, heç bir danışıqlara getməyəcəklərini bildirdi. Ancaq, bu fikirləri də gerçəkləşmədi. Hayların başqa tələbləri isə aprel döyüşlərinə bənzər olayların təkrarlanmaması üçün ön xətdə nəzarət mexanizmi yaradılması ilə bağlı idi. Bu sonuncu detalı ermənilərin havadarları da açıq şəkildə və təkidlə dəstəkləyirdilər. Ancaq Ermənistan irəli sürdüyü bütün bu tələblərin yerinə yetirilmədiyinə baxmayaraq havadarlarının təkidiylə danışıqlara başlayır. Ona görə ki, həmin havadarları nə qədər çalışsa da, Dağlıq Qarabağın dondurlmuş konfliktə çevirilmədiyini görürlər və belə davam etsə, cəbhədə ötən ilin aprel ayında baş verən hadisələrə bənzər olayların yaşanacağı çox yüksəkdir.Millət vəkili daha sonra qeyd edib ki, “Bloomberg” agentliyi ötən gün yaydığı bir araşdırma materialında Dağlıq Qarabağı dünyadakı 5 ən qaynar nöqtədən biri, aprel döyüşlərini isə son 23 ilin ən güclü toqquşması kimi dəyərləndirib".
Millət vəkili Azər Badamov bildirib ki, Dağlıq Qarabağ tarixən bizim torpağımızdır və bütün tarix boyu biz yaşamışıq: “Amma tarixin bir dövründə bura köç edib gəlmiş ermənilərin torpağımızı işğal etməsi o demək deyil ki, biz bununla barışmalıyıq. Prezdent Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha ətraflı aydınlıq gətirdi".Onun sözlərinə görə, "Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu ola bilməz və biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik" ifadəsini dünyanın ən mötəbər təşkilatların tribunalarından bəyan edən ölkə başçısı müşavirədə ermənilər danışıqlar prosesinin bərpasından yayınsa onları daha ağır nəticələr gözləyəcək deyərək düşmənimizə onların məhv etmək fikrimizdə olduğunu göstərən daha bir mesaj göndərildi. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, müharibə vəziyyətindəyik Azərbaycan inkişaf edir, güclənir, dünyada nüfuzu artır və mükəmməl müstəqil siyasət aparan ölkə kimi mövqeyi güclənir. Cari ilin 9 ayın sosial-iqtisadi yekunları da bunu deməyə bir daha imkan verir. Düşmənimiz isə günü-gündən müflisləşir, zəifləyir və müstəqilliyini itirir. Belə olan halda yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad edəcəyimizə şübhələr qalmır. Düşünürəm ki, düşmənimiz özünün düşdüyü kritik, biabırçı vəziyyətdən çıxmaq üçün Azərbaycana yalvaracaq zamanı gələcək. Çünki, bu gün də, gələcəkdə də üstünlük bizdədir və biz güclənirik, qısa müddətdə qələbə əldə etməyə qadir hərbi gücə malikik. Uduzan isə erməni xalqıdır və gələcək tarix bunu göstərəcək".
Politoloq Zaur Məmmədov vurğulayıb ki, bu gün dünyada gedən siyasi proseslərə nəzər salarkən dünyanın geosiyasi, coğrafi mənzərəsinin dəyişməsinin şahidiyik: “Azərbaycanın yer aldığı Cənubi Qafqaz regionu çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun həm də inkişafına maneədir”. Onun sözlərinə görə, rəsmi Bakı beynəlxalq hüququ, münaqişəyə dair qəbul olunmuş qətnamələri əsas götürərək haqlı olaraq öz torpaqlarını tələb edir: “Dövlət başçısı ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil deməklə ermənilərə bir mesaj göndərib ki, onlar Dağlıq Qarabağla bağlı xəyallarından əl çəksinlər. Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı bir status verilə bilər. Ermənistan hal-hazırda danışıqları pozmaqla məşğuldur. Beynəlxalq münasibətlərdə məlum proseslər fonunda bu bizi başqa yollara da əl atmağa vadar edə bilər”.
Millət vəkili Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlət maraqlarımız, milli mənafeyimiz üçün çox əhəmiyyətli məsələlərə həsr olunmuşdu: “Hər zaman olduğu kimi, ölkəmizin əsas həyatının gündəmi həmin iclasda müzakirə edildi. Orada verilən qərarlar, göstəriş və tapşırıqlar, eləcə də iclasdan sonra müxtəlif hökumət strukturları ilə bağlı atılacaq addımların bir daha da müəyyənləşdirilməsi qarşıdakı dönəmdə istər iqtisadi, istər sosial, istərsə də beynəlxalq sferada daha mühüm addımların atılmasına imkan yaradacaq”. Ölkə başçısının müşavirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti müşavirə zamanı cəmiyyətə real durumun nə yerdə olması ilə bağlı məlumat verdi: “Faktiki olaraq Ermənistanın təxminən 1 il müddətində danışıqlardan tamamilə çıxması onların hansı şəraitdə dialoqa qayıdacaqları ilə bağlı suallar yaratmışdı. Düşmən ölkə bir neçə şərtlər irəli sürmüşdü. Onlar ilk növbədə düşünürdülər ki, təmas xətti boyunca xüsusi monitorlar yerləşdiriləcək, hər bir atılan güllənin fiksasiyası baş verəcək və nəticədə bunu həyata keçirən tərəf xüsusi fakt araşdırıcı qüvvələr, beynəlxalq missiya vasitəsilə cəzalandırılacaq. Təbii ki, bunu təyin etmək çox çətin idi. İkincisi, Ermənistan tərəfindən aprel döyüşlərində Azərbaycanın ələ keçirdiyi mövqelərin geri qaytarılması, 90-cı illərin birinci Qarabağ müharibəsində olan nəticələrin bərpa edilməsi şərti də irəli sürülürdü. Hətta Serj Sarkisyan dəfələrlə bu məsələni dilə gətirmişdi. Üçüncü məsələ isə, Azərbaycanın aprel döyüşlərinə görə cavabdehliyi istənilmişdi ki, bununla bağlı Sankt-Peterburq, Vyanada aparılan danışıqlar zamanı Ermənistan tərəfi çox kəskin etirazlar səsləndirmişdi”.
Z. Orucun sözlərinə görə, Azərbaycan prezidentinin Nazirlər Kabinetinin iclasında bəyan etdiyi məsələlərdən də aydın oldu ki, ölkə başçısı xalqımızın məsələ ilə bağlı iradəsini həm danışıqlarda, həm də siyasi görüşlərdə ən kəskin şəkildə ifadə edib: “Digər tərəfdən erməni tərəfi gördü ki, əgər prezidentlər, siyasi elitalar danışmasa, səngərdə silahlar danışacaq. Ermənistan üçün Azərbaycanla ayaqlaşmaq çox çətindir. Bir müddət öncə silahların danışması və hərbi kompanentin önə keçməsi hazırda danışıqlarla əvəz olunub. Hesab edirəm ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında məhz bu məsələləri nəzərdə tuturdu”. Deputat hesab edir ki, aprel döyüşlərindən sonra keçiriləcək danışıqlar Azərbaycanın hərbi, siyasi mövqeyinin üstün olması səviyyəsində keçəcək: “Bu, çox əhəmiyyətli hadisədir. Çünki birinci Qarabağ savaşındakı məğlubiyyət siyasi mövqeyimizi çox ciddi zərbə altında qoyur, məsələnin həllində maksimum nəticələr əldə etməyə mane olurdu. Lakin hazırda hərbi kompanent güclənib. Bu da danışıqlarda ölləmizin mövqeyini daha da gücləndirir”.

Əli

Bu xəbər oxundu
- - -