Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Əgər həmsədr ölkələr münaqişənin ədalətli həllini istəyirlərsə...”

10.10.17, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Musa Qasımlı: “İşğal faktının aradan qaldırılmasına çalışılmalıdırlar”

Elman Nəsirov: “Bu görüş daha çox Azərbaycanın diplomatik və hərbi üstünlüyü fonunda reallaşır”

Həmsədrlər nəhayət ki, prezidentlərin görüşünün təşkil edilməsinə nail oldular. Məlumdur ki, Ermənistan tərəfi bütün görüşlərdən sonra təxribatçı üsullarla danışqlar prosesini pozmağa çalışıblar. Bu da işğalçı dövlətin bütün hallarda status-kvonu saxlamaq cəhdləri ilə bağlıdır.
Belə olduğu halda bu görüşdən nəsə gözləməyə dəyərmi?
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovun bildirdiyinə görə, görüşün vaxtı və yeri bu həftə açıqlanacaq.
Millət vəkili, professor Musa Qasımlı bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ilk növbədə, Ermənistan tərəfinin bu münaqişəyə dair apardığı uydurma təbliğata baxmayaraq, bu problemin mövcudluğunu və həllinin zəruriliyini göstərir. Deputat vurğulayıb ki, lakin səfər “səfər xatirinə” olmamalıdır. Problem həll edilməlidir: “Əgər həmsədr ölkələr münaqişənin ədalətli həllini istəyirlərsə, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun və digər ərazilərinin işğalı faktının aradan qaldırılmasına çalışılmalıdırlar”.
M. Qasımlı vurğulayıb ki, sonra isə regionun statusu və digər məsələlərin müzakirəsi başlaya bilər: “Lakin həmsədrlərin davranışı onların belə yanaşmadan uzaq olduqlarını göstərir”.
Politoloq, millət vəkili Elman Nəsirov deyib ki, Qarabağ münaqişəsinə dair danışıqların əvvəlkilərdən fərqi ondadır ki, bu, daha çox Azərbaycanın diplomatik və hərbi üstünlüyü fonunda reallaşır. O qeyd edib ki, görüşdən ciddi nəticələr gözləmək hələ tezdir: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərində əsas məqsəd prezidentlər səviyyəsində görüş təşkil etmək idi. Azərbaycan prezidenti İlham Əliyev də bu məsələlərə toxundu. Vurğuladı ki,Ermənistan görüşün baş tutmamasına çalışırdı və görüşün özünün irəli sürdüyü şərtlər çərçivəsində keçirlməsinə can atırdı. Lakin bu qəbuledilməzdir. Ona görə ölkə başçısı bildirdi ki, bu, Ermənistan tərəfindən edilən ağılsız və səmərəsiz hərəkətdir. Ona görəErmənistan vəziyyətlə barışmaq məcburiyyətində qaldı".
Deputatın fikrincə, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Məclisindəki çıxışı zamanı səsləndirdiyi fikirlər belə qənaətə gəlməyə əsas verir ki, o, hələ də 80-ci illərin ab-havasından yaxasını qurtara bilməyib. Bu səbəbdən prezidentlərin növbəti görüşündə xüsusi irəliləyişin əldə olunacağı ehtimalı aşağıdır: "Ermənistanın istəmədiyi təqdirdə bu görüşə məcbur edilməsi müsbət haldır. Güman edirəm ki, danışıqların gedişində substantiv məsələlər müzakirə ediləcək. Ermənistan çalışır ki, məzmun üzrə danışıqlar baş tutmasın. Amma, Ermənistan danışıqlara getmək məcburiyyətində qalıbsa, danışıqlar mahiyyəti üzrə aparılmalıdır. Bu nöqteyi-nəzərdən qeyd edim ki, danışıqlarda hər hansı ciddi irəliləyiş gözləmək üçün əsas yoxdur. Amma, reallıqlar tez-tez dəyişdiyindən pessimist olmayaq. Çünki, bu danışıqlar Azərbaycanın diplomatik və hərbi üstünlüyü fonunda reallaşacaq".

Əli

Bu xəbər oxundu
- - -