Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dil pozuntularına qarşı cərimələrin tətbiqi ilə bağlı təkliflər planı hazırlanıb

10.10.17, 14:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ədəbi dil normalarının pozulmasına qarşı tətbiq edilməsi nəzərdə tutulan cərimələrlə bağlı təkliflər planı hazırlanıb”.
APA-nın xəbərinə görə, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib. O bildirib ki, təkliflər planının layihəsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunacaq: “Düşünürəm ki, dil pozuntularının qarşısını almaq üçün inzibati cəza tədbirlərinin tətbiqi öz müsbət faydasını verəcək. Bununla belə, inzibati cəza tədbirlərinin tərəfdarı deyiləm. Maarifləndirmə, ana dilinə olan ehtiramı artırmaq daha effektlidir”.
Möhsün Nağısoylu deyib ki, saytların bəzilərində eyni ölkənin adı “Myanmar”, bəzilərində “Myanma” yazılır. Reklam mətnində isə “uje” sözündən istifadə edilir.
AMEA Humanitar Elmlər Bölməsinin akademik – katibi, akademik Teymur Kərimli bildirib ki, mediada, reklam bazarında ədəbi dillə bağlı vəziyyət bərbaddır: “Bu yaxınlarda mətbuatda belə bir məsələ qaldırılmışdı ki, bəzi xarici şirkətlərə zəng edəndə insanlara ancaq rus və ingilis dillərində cavab verilir. Bu kimi problemlər də həllini tapmalıdır”.
Teymur Kərimli İranın Ali lideri ayətullah Əli Xamneyinin azərbaycanlı uşağa öz ana dilində danışmağı tövsiyə etməsinə də münasibət bildirib: “Bu günlərdə yayılan videoda uşaq Xamneyiyə çəkdiyi rəsmi göstərir. Xamneyi də “Sən türksən, ya farssan?” deyə, uşaqdan soruşur. Uşağın anası onun türk dilini başa düşdüyünü, lakin danışa bilmədiyini deyir. İranın Ali lider rəhbəri uşağın anasına evdə uşağa türk dilini öyrətmələrini tövsiyə edir. İranın Ali liderinin belə bir fikir söyləməsi onu göstərir ki, İran kimi böyük ölkədə Azərbaycan dilinə maraq artır”.
Teymur Kərimli AMEA-da Azərbaycan dili ilə bağlı yazı müsabiqəsinin keçiriləcəyini də diqqətə çatdırıb. O qeyd edib ki, birinci müsabiqədə yalnız AMEA-nın magistr və doktorantları iştirak edə biləcək: “Yazı müsabiqəsi müntəzəm keçiriləcək və ildən – ilə müsabiqəyə qatılanların əhatə dairəsi genişlənəcək. I yerin qalibinə 1500 manat, II yerin sahibinə 700 manat, III yerin sahibinə isə 600 manat mükafat veriləcək”.
Möhsün Nağısoylu deyib ki, oktyabrın 15-dən sonra müsabiqəyə başlanacaq.

Bu xəbər oxundu
- - -