Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məktəb sənin dərdinə qılar əlac...

11.10.17, 7:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Xalq Cəbhəsi" qəzeti mərhum akademik Bəkir Nəbiyevin M.Şəhriyar haqqında yazısını təqdim edir.

3-cü yazı

Bu əsərlərdə diqqəti cəlb edən daha cox onların kompozisiyasındakı, süjet dönümündəki səsləşmə və məzmun uyarlığıdır. Hər iki şeirin əvvəlində yetim bir uşağın ürəkləri parçalayan ağır bir vəziyyəti təsvir edilir; sonra isə hər iki muəllif bu vəziyyəti doğuran səbəblər üzərində düşünür və ikisi də təqsiri cəmiyyətdə, onun öz gələcəyi olan övladlarına ədalətsiz münasibətində də görür:

İnsan kimi bilinsə idi qədrü-qiymətin,
Açmış olurdu məktəbi-milli cəmiyyətin.
Həqlı deyil o kim, sənə der: var qəbahətin;
Məncə qəbahət isə olur halı millətin.
Etsəydi tərbiyət səni əhli vilayətin,
Sailliyə qalırdımı hərgiz də rəğbətin?!
Başsız qalıb ayaqlara üftan olan cocuq.
Ey dərbədər gəzib, urəyi qan olan cocuq!
(M.Ə.Sabir)
Xalq düşünə bilsəydi sənin səadətini,
Dunya bilsəydi elmə tükənməz rəğbətini,
Əl açıb dilənməzdin bu böyük hümmətinlə,
Yandırmazdın məni də kövrək təbiətinlə.
Sən bağbansız, baxımsız qalan bir körpə ağac;
Ömür sürən dərbədər, ac-yalavac, ey yetim!
Məktəb sənin dərdinə qılar əlac, ey yetim!
(M.Şəhriyar)

Qoyulan məsələ ilə əlaqədar bircə nümunə də gətirməklə fikrimi yekunlaşdırıram. S.Ə.Şirvani kecən əsrin ortalarında yazıb:

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Damənindən yapışıb səhni kəlisayə gəlim.

Bu da M.Şəhriyarın kəlamı:

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Əl qatanda sənə məşşatə təmaşayə gəlim.

Bütün bu müxtəsər xatırlamalardan, beləcə kicik ekskursiyalardan sonra kim deyə bilər ki, M.Şəhriyar M.P.Vaqifin və S.Ə.Şirvaninin lirikasından, yaxud M.Ə.Sabirin satirasından təsirlənməyib, yeri gələndə onlardan əsil böyük sənətkarlara məxsus bir tərzdə yaradıcılıq yolu ilə bəhrələnməyib? Buradaca Səhəndə məktubunu yada salmaq yerinə duşərdi. Səmimi etirafından belə məlum olur ki, Şəhriyar bir şair olaraq fəaliyyətə başlayandan özünü ruhən, mənən Sabirə borclu bilib...
Ümumiyyətlə, Şəhriyarın həyat və yaradıcılığı ətrafında araşdırmalar aparılmalı məsələlər hələ çoxdur. Sadə bir məsələni, şairin tərcümeyi-halını, daha konkret desək, təvəllud tarixini götürək. Şəhriyarın doğulduğu il son vaxtlarda nəzərdən keçirdiyim mənbələrdə ən azı beş cür yazılıb: 1904 (Y.Gədikli. "Şəhriyar və bütün türkcə şeirləri" kitabı, səh. 18, İstanbul, 1990); 1905 (H.Billuri. "Məhəmmədhüseyn Şəhriyar" kitabı, səh. 19, Bakı, Elm, 1984); 1906 (Azərbaycan Sovet Ensiklopediyası. 10-cu cild, səh. 25, Bakı, 1987; Prof. H.Məmmədzadə də "Xalqın sevimli şairi" adlı müqəddiməsində Şəhriyarın təvəllüd tarixini 1906-cı il kimi qeyd edib. Bax. M.Şəhriyar. "Aman ayrılıq". Bakı, 1981, səh 4); 1906-1907 (Q.Beqdeli. "Məhəmmədhüseyn Şəhriyar" kitabcası, səh. 5, Bakı, Azərnəşr, 1963); 1907-1908 (Əhməd Atəş. "Şəhriyar və Heydərbabaya salam" kitabı, səh.7, Ankara, 1964).
Bunları oxuyur və düşünürəm: axı Şəhriyar qədim, yaxud erkən orta əsrlərin qaranlıqları icərisində uzun müddət naməlum qalıb təzəcə aşkara çıxarılan şairlərdən biri deyil. O bizim cağdaşımız, səhhətini diqqətlə izləyən minlərlə şeir pərəstişkarlarının gözü önündəcə həyatdan gemiş böyük və nadir istedad sahibi, çox məşhur bir sənətkardır. Onun bu dünyanı, insanları, xüsusilə də şeirsevənləri fərəhləndirən təvəllüd günü niyə müxtəlif mənbələrdə bu dərəcədə fərqli olan 5 variantda yazılır? Özlərindən asılı olmayaraq bir-biri ilə mübahisəyə girişən, bəlkə də bir-biri ilə öcəşən bu rəqəmləri dəqiqləşdirməyin vaxtı catmayıbmı? Şairin doğum tarixi barədə bu fərqli rəqəmləri götürdüyümüz kitabları yazanların hamısı tanınmış şəhriyarşunas alimlərdir və onun həyatını, yaradıcılıq yolunu öyrənmək, təbliğ etmək, əsərlərini nəşr etmək sahəsində onların hər birinin, eləcə də Əsgər Fərdinin təqdirəlayiq xidmətləri var. Mən inanıram ki, həmin alimlər də, şəhriyarşunaslığın yeni nəslini təmsil edən tədqiqatcılar da ümumi obyektiv bir qənaətə gələcək və ədəbi ictimaiyyəti şairin doğulduğu il barədə elmin son sozu ilə tanış edəcəklər.
Şəhriyarın boyuk həyati problemlər qaldıran irsi məhdud, məhəlli səciyyə daşımayıb, vüsətli, yaşam mahiyyətdədir. Onun əsərlərində özünün kəskin və amansız ifşasını tapan sosial eybəcərliklər, mənəvi qüsurlar təkcə vaxtilə Rza şah rejimi altında inləyən İrana deyil, elə Stalin rejimi altında yaman gunlərə qalmış keçmis Sovetlər İttifaqına da aid idi. “Mərkəzin zəhhakları zülmü səmayə qaldırır, Ta ki, baş qaldıra bir gün Azəristan Gavəsi” - deyən Şəhriyar hər iki ölkənin, bütünlükdə isə geniş miqyaslı regionun insan azadlığına qənim kəsilmiş ədalətsiz qanunlarını ayaqlayaraq yuksəlir, oxucu və dinləyiciləri pak və ülvi duyğular, bəşəri ideallar uğrunda oz zəhhaklarımıza qarşı carpışmağa səsləyirdi. Bu bir həqiqətdir ki, "Heydərbabaya salam" əsəri ədəbiyyatımızın şedevrlərindən biri olmaqla qalmayıb, bütünlüklə Azərbaycan bədii təfəkkürü sahəsində yeni bir mərhələnin başlanğıcını qoyub. Bu poema İranda şahlıq rejiminin, Azərbaycanda şəxsiyyətə pərəstiş əhvali-ruhiyyəsinin tilsiminə duşmuş şeir üçün bir növ "İsrafilin suru" rolunu oynayıb.
Heç kəsə sirr deyil ki, Şəhriyarın özü də bura daxil olmaqla Güney Azərbaycan şairləri əksər hallarda öz əsərlərini fars dilində yazırdılar. Bu, əlbəttə, ölkədə bütün savadlı oxucuların, hər halda onların böyük çoxluğunun yaxşı bildiyi dil olduğu üçün həmin şairlərin şərəfinə, şöhrətinə kəsir gətirmirdi. Bundan fərqli olaraq Quzey (Şimali) Azərbaycanda şeir ana dilimizdə yazılırdısa da, yenə nadir istisnaları çıxmaq şərtilə, xalqın dərdi-odu onda özünün köklü inikasını tapa bilmirdi. Kommunist rejimini, onun liderlərinin tərənnümü şeirdə geniş yer tuturdu. Gunahsız insanların kütləvi qırğınları ilə əlamətdar olan oktyabr (1917) cevrilişinə, ilk Azərbaycan Demokratik Cumhuriyyətini zorakı yolla devirən 28 Aprel (1920) çevrilişinə, öz müdhiş fikir və əməlləri ilə Rusiya imperiyasının, burada məskun olan bütün xalqların tarixinə sinfi çaxnaşmalar, qırğınlar gətirmiş Leninə, xalqımızın ən ağıllı, qeyrətli oğullarını müntəzəm surətdə qırmış Stalinə, milli fəlakətlərimizə "qanun" donu geydirən sosializm quruluşuna, təqvimlərdə qırmızı rənglə verilən cürbəcür qondarma "bayram" gunlərinə minlərcə şeir həsr olunmuşdu. İş o yerə çatmışdı ki, böyük söz ustası Mirzə Əli Möcüz Şəbustəri də bu cəhətdən özünü saxlaya bilməmiş, şimallı qardaşlarının təsiri ilə "Tutaq Lenin ətəyindən, ona pənah aparaq, Zəmanəmizdəki həllali-müşkülat odur" misraları da daxil olmaqla Vladimir İliçə xüsusi əsər həsr edib. Sovet Azərbaycanı şairlərinin tamamilə başqa mövzularda yazılmış bir çox şeirləri isə əksər hallarda Stalinin adı ilə yekunlaşdırılır və bu xalqlar cəlladı "bəşəriyyətin xilaskarı", "bütün zamanların əvəzolunmaz dövlət xadimi", "sərkərdələr sərkərdəsi" kimi təriflənirdi.
50-ci illərin ortalarından etibarən "Heydərbabaya salam"nı muxtəlif yollarla Bakıya gəlib cıxması, dönə-dönə nəşr edilib yayılması, heç şübhəsiz, ölkədə əmələ gələn ciddi ictimai təbəddülat şəraitində, doğrudan da köhnə, konyunktur, kommunist partiyalı şeirin iflasını sürətləndirdi. Onun öz təbii axarına düşməsi prosesinə elə qüvvətli bir təkan verdi ki, həmin təkanın nəcib təsirindən şeirimiz öz varlığında, xalqın çağdaş həyatına, tarixinə munasibətində, bədiilik axtarışlarının istiqamətində bu gun də məmnun-məmnun barınmaqdadır. Şəhriyarın həyat və yaradıcılıq yolu haqqında az yazılmayıb. Onun irsini dönə-dönə, əsaslı şəkildə öyrənməyin bir çox cəhətdən ciddi əhəmiyyətə malik olması danılmaz həqiqətdir.
Şəhriyarın həm farsca, həm də ana dilində, həm klassik uslubda, həm də bir novator kimi yeni səpkidə yazdığı əsərlərin, onlarda qaldırılan milli və bəşəri problemlərin araşdırılıb təhlil edilməsinin yaşadığımız bu millətlər yarışı zamanında bir çox xalqların öz müqəddəratlarını təyin etmək yoluna düşmək üçün çarpışdığı indiki vəziyyətdə milli özünüdərk baxımından böyük əhəmiyyəti var. "Heydərbabaya salam" poeması şairin göz açıb gördüyü doğma ellər, Güney Azərbaycan, milli həyatımız, məişətimiz, psixologiyamız haqqında vüsətli bir şairanə ensiklopediyadır. Onillər boyu doğma yerlərdən, əziz adamlarından ayrı düşmüş Şəhriyar Heydərbaba muhiti barəsində urəyinin başında gəzdirdiyi, düşünüb daşındığı mətləbləri bu əsərində yüksək dərəcədə təbii və zərif boyalarla tərənnum edib.
Başdan-başa Azərbaycan şifahi xalq ədəbiyyatının ruhu ilə aşılanmış "Heydərbabaya salam" axar-baxarlı, zəngin Azərbaycan dilinin özünəməxsus orijinal ahəngi olan cənub dialektində yazılıb. Əsər bilavasitə təbiətin ən böyük, əzəmətli, ən yaşarı tərkib hissəsi olan dağa (Heydərbabaya) muraciət şəklində qurulub. Bunun özü də onun xəlqilik ruhunu quvvətləndirən bir əlamətdir. Azərbaycan folklorunda, aşıq ədəbiyyatında, klassik və çağdaş poeziyamızda dağlara muraciətlə deyilmiş və yazılmış yuzlərlə poetik numunə movcuddur. Heydərbaba dağına canlı xususiyyətlər verən şair özü bu əsərini nə üçün məhz dağa muraciətlə yazmasının səbəbini belə izah edib: "Dağ göylərə yaxındır. O, təbiətin şah əsərlərindən biridir. Dağ tarixin əbədi olaraq görən açıq gözüdür. O, vətəndə baş verən hadisələri seyr edərək öz sinə dəftərinə yazır. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün yer üzünə yayaraq hamının qulağına çatdırmağı təkcə o bacarır".
"Heydərbabaya salam" poeması iki hissədən ibarətdir. Onun birinci hissəsində 77, ikinci hissəsində isə 48 bənd var. Bəndlərin hər biri 5 misradan hörülüb. İlk uç misra aaa, dördüncü, beşinci misralar isə bb şəklində qafiyələniblər. Hamısı birlikdə kamil bir əsər kimi poemanın vəhdətini təmin edən bəndlər, eyni zamanda, hərəsi ayrılıqda, bir lövhəni, hadisəni, obrazı, yaxud xatirəni əks etdirən bitkin bədii vahid təsiri bağışlayır, diqqətli oxucu əsərdə ilin bir-birindən gözəl olan fəsillərini, bu fəsillərin yer uzunə gətirdiyi əlvan lövhələri görür, dağətəyi yamaclarda əkinin-biçinin, bağın-bostanın gozəlliyinə tamaşa edir, burada bir parça cörək üçün əlləşib-vuruşan insanların təkrarsız mənəvi aləminə dalır, elin-obanın toy-bayramında, dərdli-matəmli günlərində qiyabi də olsa iştirak edir. Xalq həyatının təsviri o qədər təbii və səciyyəvi təfərruatları ilə verilir ki, oxucu əsərin personajları ilə birlikdə az qala həmin həyatı yaşayan adamlardan birinə çevrilir.

Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım korpələrin bələrdi,
Təndirlərin qavzanardı tustusu,
Çörəklərin gözəl iyi, istisi...

Bu xəbər oxundu
- - -