Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Amerikanın müttəfiqi olan köhnə Türkiyə artıq yoxdur“

11.10.17, 9:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Financial Times" qəzetində ABŞ dövlət katibinin keçmiş müavini Pilip Gordon yazır ki, amerikalılar Türkiyəni arzu etdikləri kimi yox, onun bu gün olduğu kimi qəbul etməlidirlər. Gordon yazır ki, o, Obama administrasiyasında dövlət katibinin Avropa üzrə müavini portfelini qəbul edəndə, xarici siyasət üfüqlərində ən parlaq nöqtələrdən biri də Türkiyə idi. Türkiyə müsəlman çoxluğuna, enerjili liderə, artan iqtisadiyyata və genişlənən media azadlıqlarına malik bir ölkə kimi ümid verirdi. Bu ölkə Əfqanıstan, İraq və Yaxın Şərqdə sülhün bərqərar edilməsi cəhdlərində ABŞ və Avropa İttifaqı ilə çiyin-çiyinəydi. Obama sevinirdi ki, müsəlman ölkəsinin həm də qərbyönlü demokratiya olması mümkündür. Prezident Türkiyə məclisi qarşısında etdiyi çıxışda demişdi ki, ABŞ və Türkiyə "tərəfdaşlığın modeli" ola bilər.
"Bu gün, həmin çıxışdan on ildən də az zamanın keçdiyi bir vaxtda o baxış tamamilə alt-üst olub və münasibətlər təmirə gəlməyəcək dərəcədə korlanıb" - yazır Gordon. O qeyd edir ki, ABŞ-ın, elə Erdoğan kimi sərt kişi olduğu düşünülən yeni prezidenti Trampın vəziyyəti düzəldəcəyinə ümidlər tez bir zamanda puça çıxıb. Əksinə, iki dövlət öz təhlükəsizlik maraqlarının nə qədər fərqli olduğunu başa düşür.
Məqalədə deyilir ki, iki müttəfiq arasındakı ən son qarşıdurma, Türkiyədə çevriliş cəhdi sonrası Ərdoğan tərəfindən aparılan həbs kampaniyasının əsnasında getdikcə artan sayda ABŞ vətəndaşının da həbs edilməsinə görə başlanıb. Amerikanı ən çox narahat edən budur ki, Vashinqtonun fikrincə, Ərdoğanın bu həbslərdən məqsədi müsəlman vaiz Gülənin dəyiş-düyüş edilməsi üçün alış-veriş subyekti yaratmaqdır.
Ötən həftə Türkiyə ABŞ konsulluğunun bir əməkdaşını həbs edəndən sonra Birləşmiş Ştatların səfirliyi türklərə viza verilməsini dayandırıb. Bu gərginliyin eskalasiyası iki müttəfiq arasındakı uçurumu daha da dərinləşdirəcək. Ərdoğan və bir çox türklər qəzəblidirlər ki, amerikalılar çevriliş cəhdini və onun arxasında Gülənin durmasını tam ciddiliyi ilə qəbul etmirlər. Amerikalılarsa inanırlar ki, əsl problem Ərdoğanın çevriliş cəhdinin ardınca öz siyasi opponentlərini məhv etmək niyyətindədir.
Gordon yazır ki, iki ölkənin regional təhlükəsizlik maraqlarında da kəskin ixtilaf yaranıb. Vashinqtonu daha çox İŞİD-lə, Türkiyəni isə Suriya və İraq kürdləri ilə mübarizə maraqlandırır. ABŞ İŞİD-in süqutundan sonra Suriyada yaranacaq boşluğun İran tərəfindən doldurulmasını istəmir və çox güman ki, kürdlərə dəstəyini bundan sonra da davam etdirəcək. Gordon yazır ki, Türkiyənin Misirin Müsəlman Qardaşlığı və Liviya silahlılarını dəstəkləməsi, onun Qətərlə hərbi əməkdaşlığının artması, NATO-nu rədd edib Rusiyadan raket sistemləri alması, Ərdoğanın Amerikadan küskünlüyünün nümayişidir, lakin bu, eyni zamanda iki ölkə arasındakı uçurumu daha da dərinləşdirir.
Məqalədə deyilir ki, Ərdoğan və onun partiyası Amerikaya nifrət hissini körükləyir və təsadüfi deyildir ki, Pev mərkəzinin keçirdiyi rəy sorğusuna görə, bu gün türklərin yalnız 13 faizi ABŞ-ın ideyalarına etimad göstərir, 72 faiz isə onun qüdrətini təhlükə sayır. Gordon yazır ki, amerikalılar başa düşüləcək bir tərzdə bu reallıqları görməməzliyə vurmağa çalışırdılar, lakin indi bunun işə yaramadığını görürlər. Bu isə o deməkdir ki, heç bir ilyuziyasız-filansız, mümkün olan sahələrdə əməkdaşlıq etmək, lakin Ərdoğanın ABŞ vətəndaşlarını məhbus etdiyi kimi hallarda sərtlik göstərmək lazımdır. Ötən avqustda məhbusların dəyiş-düyüşü ideyası ortalıqda olanda, Ərdoğan öz partiyasının mitinqində uca səslə elan etmişdi: "Daha köhnə Türkiyə yoxdur. Bu yeni Türkiyədir!". O haqlıdır və ABŞ da "yeni Türkiyə" ilə onun davrandığı kimi rəftar etməlidir.

Bu xəbər oxundu
- - -