Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın inkişaf perspektivləri Azərbaycanla münasibətlərdən asılıdır”

11.10.17, 10:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bəxtiyar Əliyev: “Ermənistan nə qədər tez bunu dərk edərsə bu ölkənin gələcək inkişafı üçün yaxşıdır”

Aydın Mirzəzadə: “Azərbaycanın ərazi bütövlüyü heç bir zaman Ermənistan tərəfi ilə müzakirə edilməyib”

Elman Məmmədov: “Azərbaycan heç vaxt ərazisinin işğal altında qalmasına dözməyəcək”


“Bu bir həqiqətdir ki, regionun inkişafı, həyata keçirilən bütün layihələr yalnız Azərbaycan vasitəsilə, ölkəmizin dəstəyi ilə mümkündür”.
Bunu deputat Bəxtiyar Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
B.Əliyev bildirib ki, Ermənistanın inkişaf perspektivləri və bir dövlət olaraq mövcudluğu Azərbaycanla münasibətlərdən asılıdır: “Ermənistan nə qədər tez bunu dərk edərsə, işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxararsa, o zaman bu ölkənin gələcək inkişafı üçün perspektivlər də açılar. Bu gün Ermənistanın Azərbaycanla və digər dövlətlərlə ultimatum, hədə-qorxu, terror dilində danışması tamamilə bu ölkənin əleyhinədir və belə mövqeyin heç bir perspektivi yoxdur. Böyük dövlətlər də anlayırlar ki, işğalçı mövqeyindən çəkinmək üçün Ermənistana artıq təzyiqlər göstərilməlidir”.
Deputat vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək: "Bunu Ermənistan da, digər dövlətlər də nə qədər tez dərk etsə, hamı üçün daha yaxşı olar. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ermənistanın təcavüzünə qarşı cavab vermək və ermənilərin işğalçı qoşunlarını torpaqlarımızdan çıxartmaq gücünə malikdir. Azərbaycan öz mövqeyini açıq-aydın ifadə edib və cənab Prezident dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı ötən danışıqların əsas məzmunu barəsində çox konkret bir açıqlama verdi. Deputatın sözlərinə görə, cəmiyyət bir daha gördü ki, dövlət başçısı Azərbaycanın ərazi bütövlüyü məsələsini danışıqlarda qətiyyətli bir prinsip kimi müdafiə edir: “Azərbaycanın ərazi bütövlüyü heç bir zaman Ermənistan tərəfi ilə müzakirə edilməyib və ölkəmizin bir qarış torpağı da işğalçıya verilə bilməz. Eyni zamanda, məsələnin həllinin ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində və həmin əraziyə yüksək muxtariyyət verilmə həllini bir daha Ermənistan tərəfinin diqqətinə çatdırdı. Nəzərə alsaq ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir və rəsmi İrəvan artıq danışıqlara gələndə Azərbaycanın hansı prinsiplərə söykənəcəyini yaxşı bilməlidir. Məhz bu mövqe Azərbaycan dövlətçiliyinin qırmızı xəttidir. Azərbaycan həmişə öz müstəqilliyini, suverən hüquqlarını qoruyacaq. Eləcə də bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün daima bütün istiqamətlərdə iş aparacaq”
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirdi: “Ölkə başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər müşavirədən bir neçə gün öncə Avropa siyasətçiləri, parlamentariləri ilə Bakıda keçirdiyi görüşdə kəskin şəkildə öz əksini tapmışdı”. Onun sözlərinə görə, Prezident həmişə birmənalı olaraq bəyan edir ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil: “Azərbaycan heç vaxt ərazisinin işğal altında qalmasına dözməyəcək. Biz torpaqlarımızı hökmən işğaldan azad edəcəyik. Ancaq Azərbaycan tərəfi olaraq biz istəyirik ki, bu məsələ danışıqlar yolu ilə olsun. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da cənab Prezident vurğuladı ki, əgər ermənilər həmişə olduğu kimi yenə danışıqlardan boyun qaçırsalar və yaxud danışıqlar baş tutsa orada imitasiya xatirinə iştirak edib konstruktiv mövqe tutmasalar o zaman biz başqa yollara əl atmalı olacağıq. Təbii ki, bu olmayandan sonra yeganə yol güc yoludur. Biz istəməzdik elə olsun. Amma işğalçı dövlətin və onu müdafiə edənlərin ədalətsiz, qeyri-konstruktiv mövqeyi bizi buna məcbur edəcəkdir.
Ölkə başçısı bu fikrini səsləndirməklə təkcə terrorçu, işğalçı düşmən dövlətə yox, eyni zamanda onu himayə edənlərə də bir mesaj verdi. Bununla belə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə və BMT kimi dünyanın ən böyük bir beynəlxalq təşkilatına da mesaj göndərdi ki, bizi hərbi yola əl atmağa məcbur edən sizin laqeyidliyiniz, problemə ikili standartlarla yanaşmağınızdır”.

Bu xəbər oxundu
- - -