Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Münaqişəyə səbəb ola biləcək heç nə yoxdur”

11.10.17, 12:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rasim Ağayev: “Həm Qazaxıstan, həm də Qırğızıstanın siyasi kursu eyni istiqamətədir”

“Qazaxıstan və Qırğızıstan arasında ciddi münaqişəyə səbəb ola biləcək heç nə yoxdur”. İki ölkə arasında yaranmış böhranı şərh edən politoloq Rasim Ağayev belə deyib. O qeyd edib ki, həm Qazaxıstan, həm də Qırğızıstanın siyasi kursu eyni istiqamətədir: “Əgər Qırğızıstan açıq-aşkar türkpərəst olsaydı, deyərdim ki, Qazaxıstan qıcıqlanır. Amma onun da, bunun da böyüyü Moskvadır. Sadəcə Qazaxıstanın Mərkəzi Asiyada mövqeyi onun bir növ regional güc kimi meydana çıxmasına səbəb olur.
Məsələn, Şərəf Rəşidovun vaxtında (1959-83-cü illərdə Özbəkistanın birinci şəxsi olub-müəll.) Özbəkistanla Qazaxıstan arasında rəqabət var idi. Onda Mərkəzi Asiyanın aparıcı respublikası Özbəkistan hesab olunurdu. Necə deyərlər, Özbəkistanla oturub-dururdular. SSRİ-nin dağılması ərəfəsində Özbəkistanda millətçilik-türkçülük baş qaldırdı. Hətta onlar Azərbaycana da gəlib gedirdilər, Xalq Cəbhəsinin rəhbərləri ilə görüşləri olurdu. Eyni mövqedən çıxış etmək istəyirdilər.
Amma Özbəkistanın hakim dairələrində ermənilərin mövqeləri çox güclü idi və onlar bir müddət ermənilərin tərəfini saxladılar. Nəticədə Özbəkistan bu məsələlərdə bitərəf qaldı”.
Rasim Ağayev deyib ki, Qazaxıstanın aparıcı qüvvə kimi meydana çıxmasında, ciddi siyasi və iqtisadi inkişafında təkcə bu ölkənin kosmosdakı fəaliyyəti yox, respublikanın 1964-86-cı illərdə birinci şəxsi olmuş Dinməhəmməd Kunayev və hazırkı prezident Nursultan Nazarbayev böyük rol oynayıb: “Nazarbayev 1980-ci illərin axırları, 90-cı illərin əvvəllərində çox çevik siyasət apardı. Ölkəsini və xalqını bütün bu sürüşkən yollardan keçirə bildi. Ona görə də Qazaxıstan bu gün Mərkəzi Asiyanın aparıcı ölkəsi rolunu oynayır.
Onun təsir qüvvəsi və imkanları da genişdir. Bu da regionun digər ölkələri tərəfindən bir tərəfdən qibtə ilə qarşılanır.
Digər tərəfdən, Qazaxıstanın siyasi rəhbərləri özlərinə çox güvənirlər, özlərinin regionda mühüm rol oynadıqlarını xüsusi vurğulayırlar. Ona görə də zənnimcə, burda hansısa xarici siyasi məsələlər yox, şəxsi məsələlər rol oynayır. Biz də bunu görürük. Görürük ki, heç nəyin üstündə Astana ilə Bişkek arasında konflikt yarandı. Düzdür, yüngül konfliktdir. Bu, ciddi gərginliyə gətirməyəcək.
Ancaq bir şeyi də unutmaq lazım deyil. Əgər bu respublikalar arasında narazılıq olsa xarici qüvvələr üçün daha yaxşı olacaq. Çünki elə məsələlər var ki, Mərkəzi Asiya ölkələrinin yekdilliyi həmin məsələlərin həllinə təsir göstərə bilərdi. Bununla belə, mən hələ görməmişəm ki, Mərkəzi Asiya ölkələri hansısa yekdil mövqe nümayiş etdirsinlər. Bu yekdil mövqe istəyi elə istək olaraq qalır.
Əvvəllər Qazaxıstan və Özbəkistan birgə təşəbbüslərlə çıxış edirdilər. İndi isə görürük ki, bu təşəbbüslər aradan götürülüb. Biz onların bir-birindən getdikcə daha çox aralandığına şahidik. Çünki onların qarşısında tələb qoyulub ki, xarici siyasət Rusiyayönümlü olmalıdır.
Özbəkistanda, Tacikistanda, elə Qırğızıstanın özündə də başqa meyilli siyasi qüvvələr var. Bütün bunlar belə münaqişələrə gətirib çıxarır”.

Bu xəbər oxundu
- - -