Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Reket jurnalistika ilə məşğul olan insanların sayı çoxalıb”

11.10.17, 14:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycanda reket jurnalistikanın qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. Biz jurnalistlər özümüz həmin adamları ifşa edib cəmiyyətə təqdim etməli, digər tərəfdən, dövlət planlı və ardıcıl tədbirlərlə həmin adamları faş edib onların mediadan sui-istifadəsinin qarşısının almalıdır.
Bunu media eksperti Azər Həsrət Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, həqiqi jurnalistlər uzun illərdir reket jurnalistlərlə bağlı həyəcan təbili çalırlar: "Dəfələrlə dövlət qurumlarına da müraciətlər etmişik. Ayrı-ayrı tədbirlərdə, hətta televiziya efirlərində belə, bu məsələni gündəmə gətirmişik. Təəssüflər olsun ki, dövlətin müvafiq qurumları üzərinə düşəni yetərincə yerinə yetirməyib. Yəni, həmin adamların faş edilib birdəfəlik mediadan uzaqlaşdırılması üçün tədbirlər görülməyib".
Ekspertin fikrincə, reket jurnalistikanın qarşısını almaq üçün kompleks tədbirlər görülməli, yəni jurnalistlər özləri bu məsələnin üzərinə getməlidirlər: "Digər tərəfdən, dövlət qurumları da onlara dəstək olmalıdır. Təəssüflər olsun ki, bir çox dövlət qurumları, xüsusən də aşağı təbəqədən olan məmur heyəti həmin jurnalistlərə dəstək verir, onlarla işbirliyi içərisindədir. Ümumiyyətlə, bu sahənin "çiçəklənməsi"ndə Azərbaycan məmurlarının da böyük rolu var. Biz bu durumun belə davam etməsindən çox narahatıq".
"Azərbaycanda media azadlığı var. Dövlət hər bir vətəndaşın özünü sərbəst şəkildə ifadə etməsi üçün şərait yaradıb. Təəssüflər olsun ki, bu azadlıqlardan sui-istifadə edib şəxsi maraqlarını təmin etmək istəyənlər də çoxalıb. Yəni, bu insanlar mediadan sui-istifadə edirlər, yaxud reket jurnalistika ilə məşğul olurlar. Həmin adamlar sadəcə olaraq ölkədəki ifadə, media azadlığı imkanlarından sui-istifadə etmək istəyənlərdir" - Azər Həsrət bildirib.
Media ekspertinin fikrincə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyevin bu sahədə atdığı konkret addımlar əminlik yaradır ki, bu bəlanı birdəfəlik həll etmək olar: "Başqa məmurlar tərəfindən də addımların atılmasına zərurət var. Çünki reket jurnalistləri bir sıra aşağı təbəqədən olan məmurlar bəsləməkdədir, yetişdirməkdədir. Həmin adamlar da artıq əl-ayaqlarını yığışdırmalıdırlar ki, mediadan sui-istifadəyə son qoyulsun".
Media eksperti Zeynal Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, "reket jurnalistika" ifadəsinin lüğətimizə necə gəlib düşdüyü anlaşılmır: "Çünki reketin bir gücü olar, silahı olar və s. Jurnalistika ancaq söz, görüntü, səs ilə iş görülən bir sahədir. Reketçiliyi birdən-birə jurnalistikaya tərəf çevirmək, bəzilərinin sanki diqqəti özündən yayındırması üçündür. Bu məsələyə prinsipcə belə baxıram".
Onun sözlərinə görə, reket jurnalistikanın birdən-birə dəbə düşməsi sual yaradır: "Reket mediasını inkişaf etdirən bəzi məmurların özləridir. Yoxsa, reket jurnalistika nədir? Bir anın içərisində reket jurnalistikasının qarşısını almaq olar".
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda son 5-6 il ərzində reket jurnalistika ilə məşğul olan insanların sayı çoxalıb. "Reket jurnalistika ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir. Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı şəkildə onların qarşısı alınır" – deyə o bildirib.

Bu xəbər oxundu
- - -