Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qərbin təzyiqi: Türkiyə NATO ilə yolunu ayırır?

12.10.17, 7:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Türkiyə Qərbin təzyiqlərinə boyun əyməkdənsə, özünə alternativ müttəfiqlər axtarır və Rusiya ilə İranın timsalında artıq onları tapıb. Lakin bu müttəfiqliyin taktiki, yoxsa strateji olduğunu zaman göstərəcək”.
Bu sözləri politoloq Nəzakət Məmmədova son vaxtlar Türkiyənin Rusiya ilə yaxınlaşmasına Qərbin reaksiyalarına münasibət bildirərkən deyib. O bildirib ki, Türkiyənin NATO-dan uzaqlaşdığını iddia etmək doğru olmaz:“Çünki bu ölkə NATO qarşısındakı bütün müttəfiqlik öhdəliklərini qeyd-şərtsiz yerinə yetirir. Həm də Türkiyənin NATO-da müttəfiqi olan bəzi ölkələrlə, o cümlədən ABŞ, Almaniya, Hollandiya, Yunanıstanla problemlərinin olmasının təşkilatla əlaqəsi yoxdur. Bu gərginliklər ikitərəfli xarakter daşıyır. Amma şübhəsiz ki, bu, NATO-dakı müttəfiqlik münasibətlərinə kölgə salır”.
Politoloq qeyd edib ki, NATO və Türkiyə arasında son illər bir etimadsızlıq yaranıb:“Çünki üzv ölkələr arasında münasibətlərin soyuqlaşması təşkilatdaxili münasibətlərə də müəyyən qədər təsir edir. Türkiyə ilə NATO-dakı müttəfiqləri arasındakı ziddiyyətlərin bir çox səbəbi var: Gəzi parkı hadisələrində nümayişçilərə Qərbin dəstəyi, Suriyada PYD/YPG-nin ABŞ hərbçiləri ilə birgə fəaliyyəti, Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə kompleksi alması, Turkiyə-Rusiya-İran üçlüyünün Suriyada oxşar mövqedən çıxış etməsi, FETÖ tərəfdarlarına ABŞ və bəzi Avropa dövlətlərində, xüsusilə Almaniyada sığınacaq verilməsi, referendum zamanı AKP-li siyasətçilərə, nazirlərə Avropadakı türklərlə görüşməyə şərait yaradılmaması, Türkiyənin Qətərə hərbi yardım etməsi, Almaniya Bundestaqının üzvlərini İncirlik bazasına buraxmaması nəticəsində alman kontingentinin İordaniyaya köçürülməsi”.
Politoloq vurğulayıb ki, bütün bu ziddiyyətlərə baxmayaraq, NATO və Türkiyənin yollarını ayıracağını düşünmür:“Həm NATO, həm də Türkiyə bir-birinə lazım olduqlarını yaxşı dərk edirlər. Türkiyə ordusu öz gücünə görə NATO-da ikinci ən böyük ordudur. Türkiyənin geosiyasi mövqeyi də həmçinin olduqca strateji, əlverişlidir. Türkiyə həm Avropaya, həm Qara dənizə, həm Yaxın Şərqə, eyni zamanda Rusiyanın cənub sərhədlərinə və İrana çıxışı olan unikal dövlətdir. Belə bir dəyərli müttəfiqi itirmək NATO-nun maraqlarına qətiyyən cavab vermir.
Türkiyənin də Avropaya inteqrasiya etmək, eyni zamanda Osmanlı imperiyasının coğrafi sərhədlərinə daxil olan bəzi ərazilərdə öz nüfuz dairəsini bərpa etmək strategiyası mövcuddur. Bu isə ABŞ-ın dəstəyi olmadan mümkün deyil”.
N.Məmmədova qeyd edib ki, Qərb Türkiyənin Rusiya ilə yaxınlaşmasına sərt şəkildə cavablar verir:“Rusiyanın təyyarəsinin vurulmasından tutmuş, onun Türkiyədəki səfirinin öldürülməsinə, qeyri-emiqrasiya vizalarının dayandırılmasına qədər baş verən və Ankaraya təzyiq göstərilməsinə hesablanmış bütün addımlar Qərbin adekvat cavab tədbirləridir. Buraya PYD/YPG-nin terror təşkilatı kimi tanınmaması, Türkiyədə bu təşkilatın dəfələrlə terror aktı törətməsinə baxmayaraq Qərbin onu İŞİD-ə qarşı mübarizədə istifadə etdiyini bəyan etməsi, Almaniyanın Türkiyəyə silah satışına embarqo çağırışları etməsi, miqrant məsələsindəki razılaşmaların müddəalarına əməl etməyərək problemin bütün ağırlığını Türkiyənin üzərinə atması elə özü təzyiq vasitəsindən başqa bir şey deyil. Çünki bütün bu tədbirlər Türkiyənin daxili vəziyyətinə təsir edir, müəyyən sahələrdə bu ölkəyə problemlər yaradır. Eləcə də xarici siyasət, təhlükəsizlik və müdafiə qabiliyyətinə təhdidlər yaradır. 2016-ci ilin iyul ayında baş verən çevriliş cəhdi isə bu təzyiqin ən radikal kuliminasiya nöqtəsi idi”.

Bu xəbər oxundu
- - -