Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır”

12.10.17, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “AŞPA rəsmiləri hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər”

“Azərbaycan Avropa Şurasından çıxarsa, bu, Azərbaycanla Avropa arasında münasibətlərin soyumasına gətirib çıxara bilər. Bunun ardınca, Azərbaycanın digər Avropa qurumlarıyla münasibətləri soyuyacaq. Məsələn, Azərbaycanın Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində üzv dövlətlərin parlamentləri arasındakı “Avronest”lə də münasibətlərində suallar yarana bilər. Onsuz da Azərbaycan bir müddət “Avronest”dəki fəaliyyətini dayandırmışdı”. Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı hesbatda yer alıb. Mərkəz sədri, politoloq Elxan Şahinoğlu deyir ki, ikincisi, Azərbaycanın Avropa Şurasından çıxmasından Rusiya faydalanacaq: “Moskva bölgə ölkələrinin Avropanın siyasi, iqtisadi və hərbi strukturlarıyla əməkdaşlığından və dərin inteqrasiyasından narahatdır. Moskvanın əsas hədəfi bölgə ölkələrinin Avropa ilə deyil Rusiya ilə yaxınlığına nail olmasıdır. Halbuki, iqtisadi səbəbdən də Azərbaycan Avropadan uzaqlaşa bilməz. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir, yeni tikilən boru xətləri ilə daşınacaq qazımızın son ünvanı da köhnə qitədir. Odur ki, Azərbaycanın Avropa Şurasından çıxması Rusiyanın Azərbaycandakı mövqelərinin güclənməsinə səbəb olacaq. Bu faktor isə Azərbaycanın milli və təhlüksəzlik maraqlarına ziddir. İşğalçı Errmənistanın strateji müttəfiqi olan Rusiya (yeni xəbər: Rusiya silah almaq üçün Ermənistana 200 milyon dollardan əlavə daha 100 milyon dollar kredit ayırdı) Azərbaycana da strateji müttəfiq ola bilməz. Əks halda Rusiya Errmənistanın işğalçı siyasətinə dəstək verməz və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirərdi”.
Ekspert hesab edir ki, üçüncüsü, Azərbaycanın Avropa Şurasından çıxması Ermənistanın və Avropadakı erməni lobbisinin maraqlarına cavab verəcək: “Avropa Şurasında müxtəlif illərdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən (sonuncu belə qətnamə 2016-cı ilin oktyabr ayında qəbul olunub, həmin sənəddə işğal altındakı Sərsəng su anbarının boşaldılması və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilib) qətnamələr qəbul edilib. Doğrudur, həmin qətnamələrin icrası reallaşmadı. Ona qalsa torpaqlarımızın işğalıyla bağlı BMT-nin 4 qətnaməsi də 25 ildir yerinə yetirilmir. Ancaq bu bizə əsas vermir ki, Azərbaycan BMT üzvlüyünə son versin. Azərbaycan AŞPA-nı tərk etdikdən sonra işğal altındakı torpaqlarla bağlı oxşar qətnamələri qəbul etmək mümkün olmayacaq. Tam əksinə Azərbaycanın iştirak etmədiyi AŞPA-da Ermənistan və erməni lobbisi Azərbaycan əleyhinə qətnamələr qəbul etməyə çalışacaq.
Bu səbəbləri nəzərə alaraq Azərbaycanın Avropa Şurasını tərk etməsi doğru qərar olmayacaq. Belə olan halda vəziyyətdən necə çıxmaq olar?
“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, münasibətlərdəki gərginliyə son qoymaq üçün hər iki tərəf geri addım atmalıdır. AŞPA rəsmiləri Azərbaycan hakimiyyəti əleyhinə sərt açıqlamalardan çəkinməli, hər hansı qətnamə qəbul etmədən əvvəl Bakı ilə dialoqu genişləndirməlidirlər. Rəsmi Bakı isə mübahisəli sayılan məhbusların azad olunması imkanlarını nəzərdən keçirməlidir. Ancaq rəsmi Bakı bu qərarı o zaman qəbul edəcək ki, kənar təzyiq olmasın”.

Bu xəbər oxundu
- - -