Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kədərin əsarətində bir ömür

16.10.17, 8:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk əsilli ruslar: rus yazıçısı Qarşin Vsevolod Mixayloviç (1855-1888)

1877-ci ildə könüllü olaraq Rusiya-Türkiyə müharibəsində iştirak edib. "Dörd gün", "Qorxaq", "Sıravi əsgər İvanovun xatirələrindən" hekayələrində çarizmin istilaçı müharibələrini pisləmişdir. "Hadisə", "Rəssamlar", "Prinsip", "Qırmızı gül", "Nadejda Nikoloyevna", "Siqnal", "Ayılar", "Gecə", "Görüş" və s. əsərlərində ictimai zülmə, ədalətsizliyə qarşı qəzəbli etiraz vardır. Əsərlərinin mövzsunu şəxsiyyətin faciəsi tutur. İntihar etmişdir. Qarşinlərin nəsli rus çarı III İvan (1462-1505) zamanında Qızıl Ordadan ayrılıb Rusa gələn Qarşi Mirzə deyilən xanın nəslindən başlayır. Qarşi (Karşı) şəxs adının mənası tükrcə "qorxubilməz, qarşısıalınmaz" deməkdir (44, s.48). Mahmud Kaşğarlı lüğəti səhifələrində də bu mənasıyla rast gəlinir.
XVII-XIX əsrlər arasında bu nəsildən Rusiyada az-çox görkəmli adamlar çıxıb. Yazıçı Qarşin özü: "Mən türk xanı Qarşi Mirzənin nəslindənəm", - deyə hər zaman qürurla qeyd edirdi və elə həmin qürurla öz əli ilə avtobioqrafiyasında yazırdı: "Ailə söhbətlərinə görə bizim nəslin əsasını qoyan Mirzə Qarşa III İvan vaxtı Qızıl Ordadan birdəfəlik qopub gəlmişdi; xaçlanmış, pravoslav dininə iman gətirmiş və ona indiki Voronej qəzasında iri torpaqlar, mülklər verilmişdi. Qarşinlər burada həmişəlik məskunlaşmışlar".
Yazıçının bunun ardınca qeyd etdiyinə görə, indi də onun yaxın qohum-əqrəbaları oranın yerli mülkədarlarıdır. Qarşinlərin xaçlanmış türk (tatar) xan ailəsindən olduğunu tarixçi A.Xaliqov da göstərir. Qarşin Baxmut qəzası mülkədarının qızı olan anasının qızlıq familiyasının Akimova olduğunu qeyd edir. Akimova soyu da türk əsilli ruslardandır. Eləcə də indi Ukraynaya daxil olan Baxmut da əski türk yurdunun adıdır. Qeyd edək ki, Baxmut şəhərinin adı 1924-cü ildə dəyişdirilərək Artyamovsk qoyulub. Hazırda Ukraynanın Donetski vilayətinə daxildir. Qarşin özü elə buradaca, ana babasının mülkündə 1855-ci il fevralın 2-də dünyaya gəlib. Bu zaman Kırım müharibəsi gedirdi və sonralar onun eşitdiyi nağıllar bu müharibənin iştirakçısı olmuş atasının zabit dostları ilə bölüşdükləri xatirələri idi. Müharibənin dəhşətli və eyni dərəcədə maraqlı olan epizodlarını gələcək yazıçı həyəcanla dinləyir, yenicə bitmiş müharibənin təlatümlü xatirələri onun qəlbini sarırdı.
Uşaqlıqdan sərbəst, daha doğrusu, özbaşına böyüyən kiçik Qarşinin kitablarla tanışlığı 5-6 yaşlarından başlayır. Nəzarətsiz bu balaca oxucunun mütaliəsi uşaq kitabları yox, Hüqo, Jukovski, Qoqol, Puşkin, Çernışevski, evdə illərlə yığılıb qalmış abunə olduqları jurnallar idi. Yazıçı körpə çağlarındakı bu kimsəsiz, lakin mənalı, azad günləri xatırlayıb yazırdı: Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərini oxuyurdum, bir şey anlamasam da, "Bela" hekayətini dərk edir, ağlayırdım. Dərk etdiyi isə ürək sıxan şeylər idi: anası böyük uşaqlarının müəllimi P.Zavadski ilə qaçmışdı. Bu əxlaq faciəsi ilə uşaq elə uşaqlıqdan bir tərəfdən odlu məhəbbət (ehtiras deyə bilərik), digər tərəfdən isə öldürücü bir ailə nifrətinin şahidi olmuşdu. Bunlar onun psixologiyasına dərin təsir göstərdi. Uşaqlıqdan da heç üzü gülməzmiş.
Qarşin Dağ-Mədən İnstitutunda oxuyarkən 1877-ci ildə Rusiyanın Türkiyəyə qarşı təcavüzkar hərbi başlayır. Serb çaxnaşmaçılarını çoxdan dəstəkləyən çar 1877-ci il aprelin 12-də Türkiyəyə müharibə elan edir. Tələbə Qarşin "Slavyan qardaşlarımızı Osmanlı zülmündən azad edək" kimi saxta, lakin müdhiş bu çağırışa uyan minlərlə şovinist ruhlu "Xristos divanələri"nə könüllülərə qoşulub, Balkan cəbhələrinə gedir. Çox təəssüf ki, bu oyuncaq ideyaların əsiri olan əcaib, lakin güclü və mətin adamlar, onların bədii surətləri o dövr rus ədəbiyyatının gözəl, parlaq nümunələrində də görünür. Belə ədəbi qəhrəmanlar əslində başlarının bəlasını götürüb, "qardaş köməyi"nə qaçırlar. Turgenevin Dmitri Rudini ("Rudin"), Yelena Staxovası ("Ərəfə"), Tolstoyun zabit Vronskişi ("Anna Karenina) və s. kimi kamil bədii obrazlar bu axını, pərdələnmiş şovinist məqsədləri yaxşı təcəssüm etdiriblər; ədəbiyyatın bu müsbət qəhrəmanları "zülmə" qarşı çıxmaq istərkən yeni zülmün - çar müstəmləkəçiliyinin öz əllərilə bu torpaqlarda binasını qoyublar. Qarşinlər ailəsi öz türk əslini-kökünü, soyunu, ənənəsini çoxdan unudub dəyişdirmişdi. Odur ki, Qarşin özünün pravoslav borcunu dərk edərək institutunu dərhal buraxır. Özü kimi yerindən oynamış "vətənpərvərlər"in çəyirtkə axınına qoşulur. Anasına teleqram vurub, ondan xeyir-dua və izn istəyir. Anadan dərhal, əlüstü razılıq gəlir: "Allah köməyin olsun!" Qarşin yola çıxır.
Təbiət etibarilə isə çox mərhəmətli idi. Bu ərəfədə ölüm yatağında olan dəhşətli bir xəstəlikdən ölən dostunun başına pərvanətək fırlandığını, ona bir şəfqət bacısıtək xidmət etdiyini hamı bilirdi. Bu hadisə onun "Qorxaq" hekayəsində əks olunub. Burada həmin vəfalı və fədakar dost o özüdür. Bu onun o vaxt dostlarına, eləcə də oxucularına məlum idi.
.. .Tələbə-könüllü əsgər ağır Dunay yürüşündən keçir. Ayaslar döyüşündə yaralanır. Dizindən dəyən güllə ilə həmin andan onun hərbiyyun ilhamı yüngül duman kimi əriyib gedir. Qan onun gözlərini açır. Çarizmin başladığı müharibənin dəhşətini və lüzumsuzluğunu dərk edir. O, silahı yerə qoyur. Özünün qarayaxa, saxta "vətənpərvərliyi"nə istehzası başlayır; ruhunda binadan olan şəfqət, mərhəmət, sevgi hissləri baş qaldırır, sel olub axır. Özünü yenidən tapıb dərk edir. İndi onun hərbə, ədalətsizliyə aid çoxlu qanlı təcrübələri vardır. Yazıçı müharibələri də, döyüşləri də bir-birinə qarışdıran, cəbhələrdən cəbhələrə sürüklənən rus əsgərini yaxından təsvir edir. Gecə-gündüz min verstlərlə yol gedən, uzaq Türkiyə torpaqlarına qovulan bu əsgərlər artıq çiynindəki torbasını daşımaqda aciz qalıblar. Keçib getdikləri kəndləri yandırıb xaraba qoysalar da, əhalini ucdantutma qırsalar belə. Bu mənada oxucu özü bilmir bu cahangir ordunun əsgərlərinə acısın, yoxsa darılsın. Yazıçı Qarşin bu əsgərlərə - bədbəxtlərə lap yaxın gəlir. Yürüş etdikləri Bolqar torpaqlarını Buxara torpaqları bilib çaş-baş qalan əsgərlərin onlara irad tutanlara sonda "nə fərqi var, bolqar və ya buxara olsun?!" nəticəsinə şərik olur. Doğrudan da, o əsgər imperialist məqsədlərdə bir alətdirsə, yenicə fəth olunmuş Türkistanın Daşkənd, Buxara torpaqları ilə dərhal bu müharibələrin ardınca əks istiqamətdəki Osmanlı torpaqlarına göz dikmiş çarizmin slavyan qardaşlığını bəhanə edərək, Balkanlara - Bolqarıstana girməsi arasında prinsipial olaraq fərq yoxdur. Əsas olan şey "türk öldürməkdir", bunu soldat heç nəylə qarışdıra bilməz. Belə olduqda əsgərin düşüncələri və eləcə də izahatı daha dərin və məntiqlidir.
Əzab-məhrumiyyət rus soldatını sevdiyi tünd şərabdan da artıq sərxoş edib. O düşünür ki, əgər evini-eşiyini atıb Türk axtarırsa, deməli, bu işdə türk günahkardır və ölməlidir, deyə süngüsünü itiləyir. Rus imperialist ali qüvvələrindən fərqli olaraq fasiləsiz, bir-birinin ardınca Rusiya-Türkiyə müharibələrinin iştirakçısı olmuş rus soldatının türk əsgəriylə düşmənçiliyi məhz belə kiçicik inciklikdir. Budur Qarşinin, insansevər yazıçının məsələnin açıb-tutduğu məğzi.
Onun "Dörd gün", "Qorxaq", "Sıravi İvanovun xatirələrindən" əsərlərində özünün müharibə sarsıntıları əks olunmuş, bu müharibə fəlakət dəyərində pislənmişdi. Gözü qarşısında minlərlə insan qırğınının şahidi olmuş Qarşin məhz bu mərhəməti sayəsində indi bir nəfərin belə ölümünə qıymır. Elə bu insansevərliklə Rusiya daxili işlər naziri Loris-Melikovun qəbuluna gedir, bu böyük əyandan xahişi var idi. Bir neçə gün qabaq nazirə sui-qəsd olmuşdu. Qarşin xahişə gedir ki, güllə atan terrorçu Molodetskini edamdan qurtarıb bağışlatsın. Xahişi rədd edilən yazıçı xəstələnir...
Qısa ömründə vaxt tapıb yaza bildiyi sonrakı hekayələrində də şəxsiyyətin məhkumluğu, faciəsi, namuslu adamların pisliklə, sosial ədalətsizliklə mübarizə də təkliyi, gücsüzlüyü motivləri çox qabarıqdır. Qarşinin əsərlərində ictimai zülm və istibdada qarşı güclü etiraz var. Dərd içində qalan yazıçının bu etirazı özü qədər dərdli, bədbəxt oxucularının da qulağına diri-diri torpağa gömülmüş adamın boğuq-qırıq hıçqırtıları tək yetişir. Deyirlər ki, məşhur "İvan Qroznı və oğlu İvan" şəklində qana bələnmiş şahzadəni rəssam İ.Y.Repin Qarşinə baxıb çəkmişdir. Qarşinin gözləri, dostlarını və onu tanıyanların hamısını təsirləndirən ölüm kədərli baxışları, dərdli çöhrəsi, qəlbin iztirablarından kip sıxılmış dodaqları bu şəkildəki şahzadənin son dəqiqələrini necə də təbii əks etdirir?! Bu etiraz onun öz qəlbində, mənəviyyatında güclü partlayışa keçə bilir. Sənətkar dərin qəlb sarsıntıları keçirir. Ağır depressiya - tərkidünyalıq əzabları başlayır.
...Neva çayının çatlayan buzlarının şaqqıltısı insanlara fərəh gətirirdi. Bahar gəlirdi, lakin yaprıxmış ruh və ümid canlanıb dirilə bilmir. Qarşin həmin kədərin məngənəsində 1888-ci ilin martında özünü yuxarı mərtəbədən ataraq intihar edir. Lakin dərhal ölmək ona müyəssər olmur. Beş gün ağrılar içində can verir. Bütün ömrünün əzabları o beş günün iztirablarına qarışaraq onun dostlarının da fiziki və mənəvi ağrılarına səbəb olur. Onlar Qarşini lap Müqəddəs Əzabkeşlər sırasında görməyə başlayıblar. O, sağlığında özünə sadiq və vəfalı dostlar qazana bilmişdi. Bu dostlar deyirdi ki, Qarşin dünyada şər və günahın da olduğundan xəbərsizdir. Özü təbiətcə mütəvaze insan olan yazıçı Çexov Qarşində heyrətamiz istedada vurulmuşdu. Bu başqa heç nə yox, insan olmaq istedadı idi. Çünki Qarşində əzaba, iztiraba qarşı qəribə həssaslıq, başqa kədərlərə doğmalıq, ortaqlıq duyğusu vardı. Dərin kədər onun bütün əsərlərinə öz möhürünü vurmuşdu. Bu əsərlərdən duyulan bədbəxtlik və qəm-qüssə əslində ictimai quruluşdakı ədalətsizliyin sənətkara məhvedici təsiri demək idi.
...Rəssam İ.Y.Repinin 1884-cü ildə çəkdiyi 29 yaşlı Qarşin qarasaqqalı, sıx qara saçlıdır, gözləri şəvə kimi parlayır. Öz cazibədar xarici görünüşü, elə o qədər də cazibədar xarakteri - ülfəti, mərhəməti ilə, heç unuda bilmədiyi o tanımadığı türk əsgərinə qəlbən acıyıb axıtdığı göz yaşıyla əslindən-kökündən xəbər verən Qarşin bu şəkildə çox doğmadır.

Minaxanım Təkləli
professor

Bu xəbər oxundu
- - -