Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan hökumətinin müasir silahlar alması Avropada sülhə və sabitliyə təhlükə yaradır”

16.10.17, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Piter Teys: “Bu addım qoşunların təmas xəttində silahlı toqquşmalara səbəb ola bilər”

Asim Mollazadə: “Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır”

Rusiyanın Ermənistana 100 milyon dollar dəyərində silah verməsi rəsmi Moskvanın işğalçıya açıq- aşkar dəstəyi kimi xarakterizə olunur. Rusiya Minsk qrupunun həmsədridir və bu faktor Moskvanın tərəfsiz olmasını şərtləndirir. Amma görünən odur ki, Moskva beynəlxalq hüququ heçə sayaraq işğalçını silahlandırır, onlara hər cür dsətək verir və cinayətkar Sarkisyan rejiminin ömrünün uzadılmasına çalışır. Bu da bölgədə qarşıduma meyllərini gücləndirir.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış sazişə əsasən, Rusiya Ermənistana müasir silah almaq üçün 200 milyon dollar kredit ayırmağı öhdəsinə götürüb. Oktyabrın 12-də Ermənistan hökuməti 100 milyon dollar məbləğində kreditin birinci tranşının alınmasını təsdiqləyib. Sazişə görə, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə ayrılır. Kredit müddətinin ilk 5 ili güzəştli olacaq. Bu dövr üçün faiz dərəcəsi illik 3 faiz təşkil edəcək.
Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib ki, Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır. Ermənistan hökuməti tərəfindən Rusiyanın silah alınması üçün verdiyi 100 milyon dollarlıq kredit xəttinin təsdiqlənməsini şərh edən Teys qeyd edib ki, bu addım qoşunların təmas xəttində silahlı toqquşmalara səbəb ola bilər. O qeyd edib ki, həmin silah Azərbaycanın çox sayda dinc sakininin qətlinə gətirib çıxaracaq, həmçinin Cənubi Qafqazda sosial-iqtisadi vəziyyəti pisləşdirəcək.
Ekspert NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsindən təəccübləndiyini bildirib. Ekspertin fikrincə, NATO-nun bu səssizliyi, həqiqətən də çox riyakarcasına görünür: "Biz xeyli sayda silah alan Avropa ölkəsi olan Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik və bu təhlükə NATO tərəfindən görülmür, pislənmir".
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşü ərəfəsində, Ermənistan tərəfindən kreditin təsdiqlənməsi səbəbləri barədə sualı cavablandıran Teys bildirib ki, İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir: "Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq".
Ekspert əlavə edib ki, NATO-nun bu məsələ ilə bağlı susması qəbuledilməzdir. Daha sonra Teys növbəti rəsmi görüşün müsbət nəticələr verəcəyinə inanmadığı bildirib. Onun sözlərinə görə, "beynəlxalq birlik tərəfindən zəif təzyiq Ermənistanın uzun illərdir saxladığı, hazırkı status-kvonun saxlanmasına kömək edir".
Ekspert dünya birliyini, erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasını, həmçinin, Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən iqtisadi blokadasının dərhal dayandırmağa münasibət birldirməyə çağırıb.
Millət vəkili Asim Mollazadə vurğulayıb ki, Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır: “Əslində Rusiya Ermənistana silah satmır. Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistana 100 milyon dollarlıq borc verir və bu borc adı ilə orada öz silahlı qüvvələrini silahlandırır. Bu hal birinci dəfə deyil".
Onun sözlərinə görə, Rusiya bu borcla həm də Ermənistanın iqtisadiyyatını özünküləşdirir, Ermənistan iqtisadiyyatı artıq Rusiyanın əlindədir: "Məhz buna görə də Ermənistanın nəqliyyatı, energetikası, ümumiyyətlə, hər bir sahəsi Rusiyaya məxsusdur. Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır. Bu, öz-özlüyündə bölgədə gərginliyi yaradan əsas səbəblərdən biridir. Bununla yanaşı, Ermənistan dünya ictimaiyyətini aldatmaq istəyir ki, guya həm Avropa ilə, həm də NATO ilə əməkdaşlıq edir. Əslində isə Ermənistan Rusiyanı bütün beynəlxalq təşkilatlarda təmsil etməklə məşğuldur".
Siyasi ekspert Arzu Nağıyev diqqətə çatdırıb ki, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit verməklə, ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini pozur. A.Nağıyev qeyd edib ki, Rusiya münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir. Ekspert bildirib ki, Ermənistan bugünkü iqtisadi vəziyyəti ilə bu krediti qaytarmaq imkanında deyil: "Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür". A.Nağıyev əlavə edib ki, Rusiya Ermənistanı silahlandırmaqla beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur.
Politoloq Fikrət Sadıqov deyib ki, Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Onun sözlərinə görə, Rusiya Ermənistanı silahlandırmaqla onu özünə güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur. Politoloq hesab edir ki, Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. F.Sadıqov qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olmalıdır. O, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın belə məsələlərə ehtiyatla yanaşmasını da vacib sayıb: "Ermənistan uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və Rusiya da bunu çox yaxşı bilir. Belə olan halda, qonşu ölkə vasitəçi olaraq məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialıdır. Təcavüzkar dövlət silahlandırılmamalıdır".
Siyasi elmlər doktoru Elçin Əhmədov isə qeyd edib ki, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu birtərəfli mövqeyi nəinki problemin dinc vasitələrlə nizama salınması imkanlarını məhdudlaşdırır, eyni zamanda, Qafqaz regionunda sülhün əldə edilməsi yolunda Rusiyanın nüfuzuna da xələl gətirir: “Təcavüzkarı silahlandırmaq açıq-açığına onu dəstəkləmək deməkdir. Hesab edirik ki, Rusiya hakimiyyəti bu cür addımlardan çəkinməli və bölgədə sülh və əmin-amanlıq yaradılması üçün səylər artırılmalıdır. Hazırda Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyanın inhisarındadır. Bundan əlavə, Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edərək, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da ermənilərin hesabına saxlanılır. Əvəzində isə, Ermənistandakı mövcud rejimi silahlandırmaq bir tərəfdən həmin rejimin yaşamasına dəstək verməkdirsə, digər tərəfdən onun təcavüzkarlığına rəvac verməkdir. Bütövlükdə Rusiyanın Ermənistana silah göndərməsi bölgədəki vəziyyəti kəskinləşdirməyə yönələn addımdır. Bu addım, həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması deməkdir.
Münaqişənin nizama salınması prosesində “sülhpərvərlik” missiyasını üzərinə götürmüş Rusiyanın MDB kollektiv təhlükəsizlik sistemində müttəfiqi olan və Azərbaycana qarşı təcavüz edən Ermənistanla ayrıca müqavilə bağlayaraq ona hərbi yardım etməsi Rusiyanın Azərbaycana münasibətdə beynəlxalq hüquq normalarını pozaraq birtərəfli mövqedə durduğunu göstərir. Bununla yanaşı, Rusiyanın Ermənistanı kredit adı altında silahlandırması, əslində, Azərbaycanla olan dostluq və strateji tərəfdaşlıq prinsiplərinə də tamamilə ziddir. Eyni zamanda, belə bir addım Azərbaycan ərazilərini işğal altında saxlayan təcavüzkar Ermənistana hərbi yardımı artırması fonunda baş verirsə, bu, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da şübhə altında qoyur”.

Əli

Bu xəbər oxundu
- - -