Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan torpaqlarına köçürülmə zamanı ermənilərə böyük güzəştlər verilirdi

16.10.17, 10:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı faktlar aydınlaşdıqca onların mənasız iddialarının puçluğu, məntiqsizliyi bir daha aydın olur. Bu yöndə Azərbaycan tarixçilərinin tarixi faktlara əsaslanan tədqiqatında (Yaqub Mahmudov, Kərim Şükürov Qarabağ – “Real tarix, faktlar, sənədlər”. Bakı, 2005) vurğulanır ki, erməni-rus münasibətləri Rusiyanın Kazan (1552) və Həştərxanın (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639,1711,1768-1774, 1787-1791 və başqaları) genişlənir, onun Xəzər sahili torpaqları istila etmək cəhətləri ilə daha da möhkəmlənir. Bu hadisələrin gedişi zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyaları yaradılması başlanır. Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı: "Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün yerlər ayrılmasına razılıq verilirdi. I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər Rus-İran müharibəsində Rusiyanın qələbəsi və Azərbaycanı parçalayan “Gülüstan müqaviləsi” ermənilərin köçürülməsi və birləşdirilməsini bir daha qəti şəkildə irəli sürdü. 1826-1828-ci illər Rus–İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı".
Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: “İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən – K.Ş.) xahiş etdim və indi mən cənaba (Qriboyedova – K.Ş.) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskoviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”.
1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu. XV maddədən: “Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir”.
Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəl¬ləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a. Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı: “İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi. Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.
N.İ.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülüb”.
Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi. A.S.Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır. Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi. Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə .) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi…Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşıb”.
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə baş¬ladı: "1823-cü il məlumatına görə Qarabağ vilayətinin (keçmiş Qarabağ xanlığının ərazisi.) 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8%, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı. XIX əsrin 80-ci illərində Şuşa qəzasında əhalinin milli tərkibində azərbaycanlılar 41,5% ermənilər isə 58,2% oldu. Rusiyada əhalinin 1897-ci il siyahıya alınmasına görə bu rəqəmlər 45 və 53%, 1917-ci ildə isə 40,2 və 52,3% olmuşdu. 1918-1920-ci illərdə Ermənistan Respublikasının törətdikləri azərbaycanlı qırğınları Qarabağı da əhatə etmişdi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Respublikasını təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsoli¬dasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövqeyinə ciddi zərbə vuruldu. 1926, 1959, 1970, 1979-cu illərdə keçirilmiş siyahıya almalara görə DQMV-nin azərbaycanlı və erməni əhalisi müvafiq olaraq 10,1 və 89,1%; 13,8 və 84,4%; 18,1 və 80,5%; 23,0 və 75,9% olub.
Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdarə rayonunun Marağaşen – Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olub. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olub. İqtisadi mənafe ilə bağlı olan məsələlərdə çox pərgar olan ermənilər bu siyasi oyunların acınacaqlı nəticələrindən dərs ala bilməmiş, Rusiya və Ermənistan liderlərinin onlar üçün müəyyən etdiyi fitnə və xəyanət rolunu həmişə canla-başla və amansızlıqla yerinə yetirmiş, hər dəfə də bu əməllərin qanunauyğun nəticəsi kimi milli məğlubiyyət və faciəyə düçar olublar. Bu fitnəkarlığın başlıca obyekti olan Türkiyə və Azərbaycan müəyyən çətinliklərə baxmayaraq həmişə bu imtahandan uğurla çıxıb".
Araşdırmaçı E.Əzizov yazır ki, XX əsrin əvvəlində Rusiya İmperiyası Cənubi Qafqazı, o cümlədən Şimali Azərbaycanı işğal etməyə başlayarkən ermənilərə böyük ümid bəsləyirdi. Bu seçim heç də təsadüfi deyildi. Birinci növbədə, müsəlman Şərqinin xristian əhalisinin əhəmiyyətli hissəsini təşkil edən ermənilər, əsasən, Rusiya İmperiyasının Qafqaz uğrunda mübarizədə əsas rəqibləri olan İranın və xüsusən Osmanlı dövlətinin ərazisində yaşayırdı. İkincisi, ermənilər gələcəkdə bu rəqiblərlə Rusiyanın rəqabətində faydalı ola bilərdi, çünki onlar İran və Osmanlı dövlətlərinin daxilinə, onların bütün zəif və güclü cəhətlərinə bələd idi. Rusiya dövlət xadimləri hələ Şimali Azərbaycanın işğalından əvvəl bu şərq xristianlarını Qafqaza köçürmək fikrinə düşmüşdülər. Rusiya hökuməti hələ rus çarı I Pyotrun vaxtından İrana və Türkiyəyə qarşı yönəlmiş geostrateji planlarında erməniləri özlərinin etibarlı dayağı hesab edirdilər…
...Ermənilərin Cənubi Qafqaz ərazisinə kütləvi şəkildə köçürülməsi siyasəti hələ çar I Nikolayın dövründə, Rusiya-İran (1826-1828) və Rusiya-Osmanlı (1828-1829) müharibələri başa çatandan sonra həyata keçirilməyə başlanmışdı. Rusiya erməniləri Şimali Azərbaycana köçürməklə, onları burada yığcam kütlə kimi yerləşdirmək, ilk növbədə özü üçün etibarlı etnik-konfessional dayaq yaratmaq niyyətində idi. Bu plan yerli əhalinin – azərbaycanlıların və onların torpaqlarının hesabına həyata keçirilirdi. Ermənilər əsasən Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ərazisində, həmçinin Qarabağda yerləşdirilirdi. Bu planın icraçıları Senatın 21 mart 1828 -ci il tarixli “Ali Fərmanını” əsas tuturdu. Həmin sənəddə deyilirdi: “İran ilə 10 fevral 1828-ci ildə bağlanmış Traktata əsasən, Rusiyaya birləşdirilmiş İrəvan xanlığını və Naxçıvan xanlığını bundan sonra bütün işlərdə erməni vilayəti adlandırmağı əmr edirik”.
Beləliklə, İmperiyanın müstəmləkəçilik siyasətinin əsas məsələsi – işğal edilmiş düşmən, yad məzhəbli, başqa dilə və başqa etnosa mənsub olan və hələ tanış olmayan ərazidə öz hakimiyyəti üçün dayaq yaratmaq məsələsi həll edilmiş olurdu. Başqa sözlə desək, ermənilərə Rusiya İmperiyasının yeni işğal etdiyi, “dinsizlərin”, indiki halda Azərbaycan türklərinin yaşadığı torpaqlarda Rusiya İmperiyasının müstəmləkəçilik siyasətinin “xristian vektoru”nun reallaşmasının iştirakçılarından biri kimi, ayrıca yer verilirdi. Ermənilərin Şimali Azərbaycana köçürülməsi azərbaycanlıların doğma yurdlarından çıxarılması ilə müşayiət olunurdu. 1828-1830-cu illərdə, yəni faktiki olaraq, üç il ərzində İran və Osmanlı İmperiyalarından Şimali Azərbaycana köçürülmüş ermənilərin ümumi sayı təqribən 21.600 ailə və ya 119,5 min nəfər idi. Bu, ermənilərin planlaşdırılmış, kütləvi və məqsədyönlü şəkildə Cənubi Qafqaza, ilk növbədə və əsasən, Şimali Azərbaycana köçürülməsinin başlanğıcı idi. Ermənilərin köçürülməsi prosesi bütövlükdə XIX əsrdə və XX əsrin əvvəllərində Rusiyaya xidmət edən yüksək vəzifəli ermənilərin fəal iştirakı ilə Rusiyanın hərbi və mülki administrasiyası tərəfindən həyata keçirilmişdi. Nəticədə Şimali Azərbaycanın əhalisinin tərkibində ermənilərin nisbi payı kəskin şəkildə artmışdı. Belə ki, XIX əsrin ilk 25 ilində ermənilər ölkə sakinlərinin 9,37%-ni təşkil etdiyi halda XX əsrin əvvəlində bu rəqəm 32,6%-ə çatmışdır. Təqribən 100 il ərzində, ilk növbədə ermənilərin mexaniki yerdəyişməsi nəticəsində Şimali Azərbaycanda onların sayı 24 dəfə artmış və 1916-cı ildə 1,2 milyon nəfər olmuşdur. Qafqazda yerləşdirilmiş ermənilərə yerli əhalinin hesabına fiskal və başqa güzəştlər, o cümlədən ən yaxşı torpaqlar verilirdi...

Uğur

Bu xəbər oxundu
- - -